Naxçıvanın “Kürdüstan ərazisi” kimi göstərilməsinə sərt reaksiyalar
29-09-2017, 11:12
Şimalı İraq Kürd Muxtariyyətının lideri Məsud Bərzaninin kanalı olan Rüdav TV Naxçıvan Muxtar Respublikasını “Kürdüstan”ın ərazisi kimi təqdim edib. Sentyabrın 25-də referendum keçirərək müstəqilliklərini elan edən və bir sıra ölkələrin ərazilərinə göz dikən kürdlərin təqdimatı Azərbaycanda ciddi etirazlar doğurmaqla yanaşı, gələcək üçün ölkəmiz adına yarana biləcək təhlükələrin rüşeymləri görünməyə başlayıb.
Rüdav TV mövcud olmayan “Kürdüstan”ın xəritəsini təqdim edərək hava durumu haqqında məlumat yayımlayıb. Maraqlı olan məqam isə odur ki, sözügedən xəritədə sarı rəngdə görünən Naxçıvan Muxtar Respublikasının Türkiyə ilə sərhəd hissəsi qondarma respublikanın tərkib hissəsi hesab edilib.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev bir naxçıvanlıdan daha çox turançı kimi danışdığını bildirdi: “Ərazimizə bu formada istər hava proqnozu, istərsə də digər hallarda müdaxilə etmək çox böyük diplomatik sayğısızlıqdır. Azərbaycanın Xarici İşlər Nazirliyi ən sərt formada buna reaksiya verməlidir. Hətta yanlış olaraq bir xəritədə, verilişdə belə ərazimizə qarşı müdaxilə etmək halı olarsa, mütləq notalar verilməli, cavab istənilməlidir. Bu baxımdan, XİN-in ən sərt formada reaksiyasının tərəfdarıyam. Biz Bərzaninin Türkiyə hədələrinə, qardaş ölkə üçün yaranan təhlükələrə, eləcə də gələcəkdə bizi də gözləyəcək təhlükələrə qarşı ayaqda olmalıyıq. Biz burada qardaş ölkə ilə çiyin-çiyinə olmalıyıq. Digər türk dövlətlərini də bura cəlb etməliyik. Bu separatizmi yerindəcə boğmalıyıq. Əks halda, gələcəkdə böyük zərərləri ola bilər”.
ADP sədri Sərdar Cəlaloğlu məsələyə sərt münasibət sərgilədi: “Əvvəla, onu qeyd edim ki, referendum tam qanunsuz şəkildə keçirildi. Xalqların öz müqəddəratlarını təyin etmək hüquqları əldə etməsi üçün ərazilərində yaşadıqları dövlətlərin razılığı olmalıdır. İraq buna razılıq verməyibsə, demək, beynəlxalq normalara ziddir. Kürdlər uzun zamandır bu əraziləri silah gücünə əllərində saxlayıblar. Naxçıvanda cəmi 60-70 nəfər kürd var. Əgər Bərzani bu ərazini özününkü kimi qələmə verirsə, demək, onun planlarında Cənubi Azərbaycanın və Türkiyənin böyük bir hissəsi var. Faktiki olaraq, Bərzani Türkiyə, İraq və İranla yanaşı, Azərbaycan torpaqlarına da iddia edir. Bu çox təhlükəli və qorxulu bir siyasətdir. Azərbaycan hökuməti buna qəti şəkildə münasibət bildirməlidir. Laçın Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri açıq şəkildə referendumu dəstəkləyir, lazım gələrsə, Azərbaycan pasportunu cıracağını, ölkəni tərk edəcəyini deyir. Separatçı qüvvələr Azərbaycanda kök salıb, özlərinə yer tutublar. Azərbaycan pasportunu hər an cırmağa hazır olan bir şəxs necə o postda təmsil oluna bilər? Azərbaycan nəinki Naxçıvanın kürd torpaqları kimi təqdim olunmasına etiraz etməlidir, həm də qondarma referenduma sərt reaksiya verməli, qurulacaq dövlətə qarşı çıxmalıdır. Hətta Türkiyə və İran qoşunları ilə birlikdə İraqa da qoşun yeritməliyik. Çünki Bərzani həm də Azərbaycan torpaqlarına iddia edir. İstənilən vaxt öz çirkin niyyətini açıq şəkildə bəyan edə bilər. Kürdlərin əraziləri olmayıb. Vaxtilə Diyarbəkir Ağqoyunlu dövlətinin paytaxtı olub. Onların iddialarını irəli sürdükləri torpaqlar tarixən bizim olub. Kürdlər oturaq həyat tərzi keçirməyiblər. Bir çox ölkələrin ərazilərinə yayılmaları da bununla bağlıdır. O ərazilərin kürdlərə aid olmadığını Azərbaycan açıq şəkildə bildirməlidir”. \\musavat.com