Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri hakimlərə irad tutub
29-09-2017, 17:15
Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri hakimlərə irad tutub
Böyüt AA+A-
ali mehkemenin cinayet kollegiyasinin sedri hakimlere irad tutub
“Görülən tədbirlərə baxmayaraq, hələ də məhkəmələr bir çox hallarda şəxslər barəsində həbs qətimkan tədbirlərinin seçilməsinə, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinə üstünlük verirlər”.
APA-nın məlumatına görə, bunu Milli Məclisdə bu gün keçirilən Cinayət Məcəlləsinə dəyişikliklərlə bağlı ictimai dinləmələrdə Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifov bildirib.
O qeyd edib ki, bunun obyektiv səbəbi ilə yanaşı subyektiv səbəbləri də var ki, bunun üzərində işlənməlidir: “Məsələ ondadır ki, obyektiv səbəblər hazırda qüvvədə olan cinayət qanunvericiliyindəki bir sıra boşluq və çatışmazlıqlardan irəli gəlir. Müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə dəyişikliklərlə bağlı layihədə bu boşluqlar aradan qaldırılıb. Cinayət Məcəlləsində nəzərdə tutulan ictimai işlər cəzasının tətbiqi bir sıra hallarda mümkünsüz olurdu. Belə olan təqdirdə məhkəmələr azadlıqdan məhrumetmə cəzasını əsas götürərək bu cəzanı təyin edirdilər. Digər tərəfdən, yüksək məbləğlərdə cərimə, islah işləri, ictimai işlər cəzaları da icrasız qalırdı”.
Ş. Yusifov bildirib ki, prezident İlham Əliyevin bu il fevralın 10-da “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” imzaladığı sərəncamdan sonrakı 8 ay dövründə hüquq-mühafizə və məhkəmə sistemində canlanma baş verib: “Bu canlanma da ondan ibarətdir ki, bu gün ibtidai araşdırmalara rəhbərlik edən prokurorlar az ağır cinayətlər törətmiş və ümumiyyətlə, həbs qətimkan tədbirinin seçilməsi üçün əsasları olmayan şəxslər barəsində təqdimatların verilməsini dayandırıblar. Məhkəmələr cəsarətli olublar. Belə təqdimatlar olsa da, bir sıra hallarda həmin təqdimatların rədd edilməsi haqqında qərarların qəbulu ilə bağlı məlumatlar daxil olur və təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirlərinin seçilməsindən imtina edilir. Ədliyyə Nazirliyinin məlumatına görə, bu, ötən qısa müddət ərzində həbs edilmiş şəxslərin 30 faiz azalmasına səbəb olub. Subyektiv amillərlə bağlı azadlıqdan məhrumetmə cəzası məsələsinə gəldikdə, belə amillərə misal olaraq, məhkəmələr tərəfindən cinayət qanunvericiliyində nəzərdə tutulmuş tələblərin tam nəzərə alınmamasını, bir sıra hallarda ümumiyyətlə yerinə yetirilməməsini göstərmək olar. Bunlar əsasən Cinayət Məcəlləsinin 62 və 70-ci maddələrinin tətbiqində öz əksini tapır. Cəzaların kifayət qədər yüngülləşdirilməsi üçün hallar müəyyən edilsə də, məhkəmələr şəxsə həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza tədbirinin daha yüngülünün seçilməsinə əsas olan halları nəzərə almırlar. Nəticədə cinayət törədənlər, əsasən də az ağır cinayət törətmiş şəxslər azadlıqdan məhrum edilirlər. Hesab edirəm ki, hazırkı qanun layihəsi bu cəza ilə yanaşı, alternativ cəza növlərinin təyininə də əsas verəcək ki, bu da ciddi dəyişiklik deməkdir”.