Deputat: 'Yüngül narkotiklərlə bağlı dekriminallaşmaya ehtiyac var'
30-09-2017, 09:32
Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklərdən biri də narkotik vasitələrdən istifadə etmə və saxlamaya görə cinayət məsuliyyətinin ləğvi barədədir. Cəza sanksiyasının ləğvi və narkotik istifadəçisinin məcburi stasionar müalicəyə göndərilməsi təklif olunurdu. Ancaq ictimai dinləmələrin yekununda CM-nin 234.1-ci maddəsinin (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) dekriminallaşdırılması doğru sayılmayıb.
Qeyd edək ki, məhz bu təklif rəsmilər, xüsusən də hüquq-mühafizə orqanları arasında daha çox müzakirələrə yol açıb. AzadlıqRadiosu bununla bağlı deputatlardan və peşəkarlardan rəy alıb.
Fuad Muradov: “…bu hallara ayrıca baxa bilərik”
Deputat Fuad Muradov hesab edir ki, narkotikdən istifadəyə görə qanunvericilikdə müəyyən dekriminallaşmaya ehtiyac var. Amma əlavə edir ki, mütləq “yüngül və ağır narkotiklər”dən istifadəyə görə yanaşma fərqli olmalıdır.
“Yüngül narkotiklərlə bağlı dekriminallaşmaya ehtiyac var. Mənim şəxsi fikrim bundan ibarətdir ki, hətta ağır narkotikdən ilk dəfə istifadə edənlərlə, xüsusən də yeniyetmələrlə bağlı hallara da ayrıca baxa bilərik. Nəzərə alınmalıdır ki, bunlar gəncdir, yeniyetmədir və s. Gənclər hərdən səhv edə bilirlər. Buna ağır cinayət kimi baxmaq düzgün olmazdı”, – deputat fikrini izah edir.
Fuad Muradov: 'Hətta ağır narkotikdən ilk dəfə istifadə edənlərlə, xüsusən də yeniyetmələrlə bağlı hallara da ayrıca baxa bilərik'
“Bir çox ölkələr yüngül narkotikdən istifadəyə görə CM-yə çoxdan dəyişiklik ediblər. Burda narkotikin satışı nəzərdə tutulmur. Sadəcə, gənclərlə və ya ilk dəfə istifadə edənlərlə bağlı dekriminallaşmaya ehtiyac var. Əslində, bizdə bu yanaşma mövcuddur, amma xüsusi fərq yoxdur. Cinayət Məcəlləsində narkotikin istifadəçisiylə onu yayanlara xüsusi olaraq fərq qoyulmur, verilən cəzalar təxminən eynidir”, – Fuad Muradov söyləyir.
Asim Mollazadə: “Qərar ciddi götür-qoylardan sonra verilməlidir”
Deputat Asim Mollazadə bu məsələylə bağlı qəti fikir söyləməkdə tərəddüd edir. O, bütünlükdə dekriminallaşmanın tərəfdarı olduğunu, ancaq konkret bu məsələdə ehtiyatlı yanaşmaya üstünlük verdiyini bildirir.
“Ciddi müzakirələrə ehtiyac var. Xaricdən idarə edilən güclər Azərbaycanın gənc nəslinə böyük təhlükə yarada bilərlər. Bu sahədə qərarlar ciddi götür-qoylardan sonra verilməlidir”, – deməklə Mollazadə fikrini bitirir.
Rafael Cəbrayılov: “Hüquq-mühafizə orqanlarını əliyalın qoymaq işin xeyrinə olmaz”
Qanun layihəsinin müzakirə edildiyi parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılovsa daha qətiyyətli danışır, o bu maddənin CM-dən götürülməsini doğru saymır. Deputatın qənaətincə, hüquq-mühafizə orqanlarını “əliyalın qoymaq” düz olmazdı:
“Azərbaycan tranzit yolların üstündə yerləşir və belə bir halda həmin maddənin dekriminallaşdırılması absurd olardı. Onsuz da narkotikdən istifadəyə görə, Azərbaycanda vəziyyət ürəkaçan deyil. Bir də ki, hüquq-mühafizə orqanlarını bu məsələdə əliyalın qoymaq işin xeyrinə olmaz. Son nəticədə biz də istəyirik ki, narkomanların sayı azalsın, narkomaniyanın kökü kəsilsin, amma buna həmin maddəni CM-dən çıxarmaqla nail olmaq mümkün deyil”.
Rafael Cəbrayılov: “Hüquq-mühafizə orqanlarını əliyalın qoymaq işin xeyrinə olmaz”
Deputat bu məsələdə Azərbaycanı Avropa ölkələriylə müqayisə etməyin əleyhinədir:
“Kimlərsə alternativ fikir deyir ki, Avropada bunu restoranda sifariş edirlər. Bəli, razıyam. Amma bu baxış bucağı o cəmiyyət üçün keçərlidir. Bu gün kimlərsə təklif edir ki, yüngül narkotikə görə cinayət məsuliyyətini aradan qaldıraq. Boş söhbətdir. Azərbaycanın hazırkı inkişaf səviyyəsində bu cür addım atmağın özü düz deyil”.
Mahmud Hacıyev: “Hərə yarım kilo, bir kilo ot tapıb qoyacaq, nə qədər istəsən tüstülə”
Keçmiş polis zabiti Mahmud Hacıyevin qənaətincə, bu, mübahisəli və olduqca həssas məsələdir. O, Avropada və ABŞ-ın bəzi ştatlarında olduğu kimi, yüngül narkotikdən istifadəyə görə cinayət məsuliyyətinin nəzərdə tutulmamasını doğru yol hesab edir.
Mahmud Hacıyev: "Ot halında qəbuledilən narkotiklər o qədər güclü deyil, beynin, bədənin fəaliyyətini pozmur"
“Hələ illər öncə Mərkəzi Avropa, Cənubi Amerikada bəzi dövlətlər, bir də ABŞ-ın bəzi ştatları buna getdilər, yəni ot halında qəbul edilən narkotikə görə məsuliyyəti Cinayət Məcəlləsindən çıxardılar. Bu məsələ inzibati xəta kimi qəbul edilir. Bunun özünü də elə incəliklə, dəqiqliklə xırdalayıblar ki, hüquqi və məntiqi baxımdan hər şey yerli-yerindədir. Çünki ot halında qəbuledilən narkotiklər o qədər güclü deyil, beynin, bədənin fəaliyyətini pozmur. Bunu görə qanunda miqdar və say da müəyyən edilib. Bu hal bir neçə dəfə təkrarlandıqdan sonra artıq cinayət qanunvericiliyi ilə tövsif edilir”, – keçmiş polis zabiti deyir.
Ancaq Mahmud Hacıyev bu variantın Azərbaycanda işləyəcəyini güman etmir, onun fikrincə, Azərbaycanın öz reallığı var və bu məsələdə diqqətli olmaq lazımdır: “Tutalım, kimsə ot halında narkotiklə tutulub. Burda miqdar məsələsi qoyulmalıdır. Yeri gəlmişkən, miqdar məsələsi sovetlər dönəmində də vardı, intəhası əməliyyatçılar bunu gizlədirdilər, bu onlara “çörəkpulu” üçün lazım olurdu. Amma bugünkü Azərbaycan reallığında bolşeviksayağı addım atmaq olmaz. Onda hərə cibinə 5-6 çəkimlik ot qoyub tüstüləyərək gedəcək. Kafelər, çayxanalar başlı-başınadır, hərə yarım kilo, bir kilo ot tapıb qoyacaq, nə qədər istəsən tüstülə. Qanunvericilik, onun işləkliyi, hüquqi təbliğat Avropadakı kimi yüksək səviyyədə olsa, buna getmək olardı, indiki halda doğru deyil. Etiraf edək ki, Azərbaycan nə Avstriyadı, nə Belçika, nə İsveçrə, nə də Almaniya. Özümüzü onlarla müqayisə etmək gülməli çıxar”.
O, bir məqama da diqqət çəkir: “Şəxs bir neçə dəfə məhkum olunub, narkotiki başqasına satmır, vermir, daşıma məqsədi də yoxdur, sadəcə, özü qəbul edirsə, bu halda o adam cinayətkar deyil, xəstədir. Belə halda bənd salmaq olar ki, bu adam xəstədir və onun məhkum edilməsinin hüquqi, məntiqi əsası yoxdur, onu məcburi qaydada müalicə etdirmək lazımdır”.
Təklif keçmədi
Baş Prokurorluq və Ali Məhkəmənin rəsmiləri də parlamentdə keçirilən ictimai dinləmələrdə Cinayət Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən narkotik vasitələrdən istifadə etmə və saxlamaya görə cinayət məsuliyyətinin ləğvinin əleyhinə çıxıblar.
APA-nın məlumatına görə, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Vüsal İsayev deyib ki, 234.1-ci maddənin dekriminalaşdırılması ilə bağlı hüquq-mühafizə orqanlarının ictimai dinləmədəki rəyi nəzərə alınıb:
“Bu dəyişikliyin tətbiqi cinayətlərin artmasına səbəb ola bilər. Biz tranzit yolunun üzərindəyik. Bundan başqa, digər ölkələrdə də bu cəzanın dekriminallaşdırılmasının effektivliyi hələ sübut olunmayıb. Bu səbəbdən indiki mərhələdə bu dəyişiklik məqbul hesab olunmayıb”.
azadliq.org