Xəzərin səviyyəsi 3 metrədək qalxacaq: bəzi ərazilər su altında qala bilər
2-10-2017, 12:06
Xəzərin səviyyəsi 3 metrədək qalxacaq: bəzi ərazilər su altında qala bilər
“Təxminən 2040-cı ilə kimi Xəzərin səviyyəsinin 3 metr qalxması proqnozlaşdırılır. Hazırda Xəzər dünya səviyyəsindən 27.5 metr aşağıdadır. İndi buzlar əriyir. Pessimist proqnozlara görə, əsrin axırına qədər dünya okeanının səviyyəsi 2-3 metr, optimist proqnozlara görə, 1-1.5 metr qalxacaq. Xəzərin su toplama hövzəsi çox böyükdür, səviyyəsinin qalxması qaçılmazdır”.
Bunu Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri İsa Əliyev deyib. Onun sözlərinə görə, iqlim dəyişmələrinin işartıları görünür, proses artıq başlayıb. Getdikcə güclü yağıntıların həm gücü, həm də baş vermə tezliyi artacaq: “İndi güclü yağıntılar 10 ildən bir baş verirsə, gələcəkdə 5 ildən bir və ya daha tez-tez baş verə bilər. Yəni 2010-cu ildə 3 rayonu su basdısa, gələcəkdə 4-5 rayonu su basa bilər və s. Yağıntılar həm fəsillər, həm də ərazi üzrə qeyri-bərabər paylanacaq. İndiki qlobal iqlim yaralı vəhşi heyvana bənzəyir. Xəzərin su toplama hövzəsinin sahəsi təxminən 4 milyon kvadrat kilometrə qədər ərazini əhatə edir. Ən bərəkətli torpaqlar belə suyun altda qalanda məhsul vermə qabiliyyətini itirir, keyfiyyətsizləşir, rütubətlənir, şoranlaşır. Ölkəmizin ərazilərinin xeyli hissəsi buna məruz qala bilər”.
İsa Əliyev qeyd edib ki, atmosferə buraxılan tullantıların azaldılması yönündə 2030-cu ilə qədər dünya ölkələri, o cümlədən də, Azərbaycan öhdəliklər götürüb: “ABŞ, Avropanın inkişaf etmiş ölkələri, Hindistan, Çin, Rusiyaya baxanda, Azərbaycanın tullantıları çox cüzidir. ABŞ-ın yeni prezidenti Donald Tramp deyir, mən belə öhdəlik tanımıram, qəbul etmirəm. Baxmayaraq ki, Barak Obama razılıq vermişdi. Başda ABŞ olmaqla dünyanın böyük dövlətləri iri miqdarda maliyyə vəsaitləri buraxsalar, bunun qarşısını nisbətən almaq olacaq. Ancaq indiki tendensiya göstərir ki, inkişaf etmiş ölkələr bu sahədə böyük maliyyə vəsaitləri ayırmaqda çətinlik çəkirlər. 2030-cu ilə qədər bu, artan xətt üzrə gedəcək. Bu məsələdə həm tarixi, həm də indiki məsuliyyəti daşıyan inkişaf etmiş dövlətlərin bu problemlərin həllinə etinasız yanaşması bu problemin həllini daha da çətinləşdirir”.
O, Xəzər dənizinin 1977-ci ildən 1995-ci ilə qədər 2.5 metr qalxdığını qeyd edib. “Bu zaman dövlətə 2 milyard ABŞ dollarından çox ziyan dəyib. Xəzər 2030-cu ilədək 1-1.5 metr qalxa bilər”.
Hazırki qlobal istiləşmə davam edərsə, Xəzər dənizinin Rusiya akvatoriyasının 75 ilə quruya biləcəyi haqda məlumatlara gəlincə, İ. Əliyev Xəzər dənizinin qurumasının yox, artmasının gözlənilən olduğunu deyib: “Xəzərin səthindən buxarlanma böyük su sərfidir. Ancaq yağıntıların xarakteri dəyişib, ildə 2-3 dəfə güclü yağıntı düşəndə balans pozulacaq. Gələn su buxarlanmadan artıq olacaq, Xəzərin səviyyəsi qalxacaq. Aral dənizi qurudu deyə elə deyilər. Aral suyunu Sırdərya və Amudərya çaylarından alırdı. Bu çaylardan böyük pambıq plantasiyalarının suvarılmasında, böyük su kanallarında istifadə olundu. Qalan su da buxarlandı”.
Qeyd edək ki, Rusiya mediasında amerikalı, rusiyalı və fransalı ekspertlərin hazırladığı araşdırma materialı dərc edilmişdi. “Geophysical Research Letters” jurnalında dərc olunan materialda qeyd edilir ki, 1996-2015-ci illərdə Xəzər dənizində suyun səviyyəsi hər il 7 sm azalıb. Ümumilikdə bu müddət ərzində suyun səviyyəsi 1,4 metr düşüb. Bu, daha çox Xəzərin Rusiya və Qazaxıstana düşən şimal hissəsində baş verəcək. İstiləşmənin bu templə davam edəcəyi təqdirdə, həmin ərazinin 75 ilə quruyacağı proqnozlaşdırılır. Qurumaya səbəb kimi atmosferin üst təbəqəsində temperaturun artması göstərilir.