Naxçıvanda insident: Erməni təxribatı, yoxsa vətənə xəyanət?
2-10-2017, 23:36
Sentyabrın 27-si, səhər saat 7 radələrində Naxçıvan MR-nın Culfa rayonu ərazisində yerləşən hərbi hissələrdən birində ciddi insident baş verib. 3 hərbçi güllələnərək öldürülüb, biri yoxa çıxıb.
Meydan TV-nin məlumatına görə, insidenti yoxa çıxan əsgər törədib. İddia edilir ki, 1998-ci il doğumlu Bəhruz Cəlilbəyli adlı bu əsgər başda zabit Nahid Qərib oğlu Abbasov olmaqla, digər üç hərbçini güllələyərək qeybə qarışıb. Ölən sıravi əsgərlər bunlardır: Qaradağ rayonu, Sahil qəsəbəsinin sakini Elvin Elşən oğlu Şərifli və Şərur rayon, Düdəngə kəndinin sakini, 1993-cü il doğumlu Vüsal Rafiq oğlu Ağayev.
Əsgər yoldaşlarını öldürməkdə günahlandırılan Bəhruz Pərviz oğlu Cəlilbəylinin yaxınları isə bu iddia ilə razılaşmırlar. Onların Ovqat.com-a bildirdiyinə görə, Bəhruz Cəlilbəylinin hadisədə rolu hələ təsdiqlənmədən bu cür ittihamla günahlandırılması heç bir hüquqi çərçivəyə sığmadığı kimi, əsgərin ailəsini də Muxtar Respublikada haqsız basqılarla üz-üzə qoyur. Əsgərin valideynləri hər gün rəsmi dairələrə çağırılıb incidilir. Halbuki, bir çox dəlillər insidentin onun tərəfindən törədilməsi ehtimalını zəiflədir:
“Əvvəla, 8-9 aylıq təcrübəsiz əsgərin biri zabit, 3 təcrübəli hərbçini öldürməsi inandırıcı görünmür. Üstəlik, Bəhruz Cəlilbəyli bu zamana qədər hərbi xidmətlərinə görə həmişə komandirlər tərəfindən mükafatlandırılan, hərbi nizam-intizama sədaqətilə tanınan nümunəvi əsgərlərdən sayılıb. Hərbi hissədə öldürülən həmin əsgərlərlə də Bəhruzun arası çox yaxın olub. Bəhruzun onları öldürməsinin heç bir əsası yoxdur.
İkincisi, “N” saylı hərbi hissədə öldürülmüş zabit ilk dəfə imiş ki, bu bölükdə xidmətə çıxırmış. Bərhuzun onunla hər hansı ədavətinin olması da mümkün deyildi.
Üçüncüsü, 3 yoldaşını öldürüb qaçan əsgərin rabitə xətlərini kəsməsi də heç bir arqumentlə əsaslandırıla bilməz. Bu cür həssas psixiloji durumda olan qatil nə üçün özünü qurtarmaq üçün heç bir məna kəsb etməyən işə vaxt ayırmalıdır?
Dördüncüsü, öldürülən əsgərlərin qətlə yetirilmə şəkli də insidentin erməni kəşfiyyat qrupları tərəfindən törədildiyi ehtimalına yol açır. Belə ki, hərbçilərdən biri alnından, digəri boğazından, bir başqası isə kürəyindən vurulub. Xüsusulə əsgərlərdən birinin alnından nişan alınması atışmada həm də snayperlərdən istifadə olunmasını göstərir. Digər əsgərin kürəyindən vurulması isə onun qaçarkən gülləyə yaxalanması ehtimalını ağla gətirir.
Digər tərəfdən, qətlə yetirilmiş zabitin paqonları sökülmüş vəziyyətdə olub və onun cibindən hərbi əhəmiyyətli xəritə götürülüb. Bu isə öldürülənlərdən birinin zabit olmasını təsdiqləmək və hərbi əhəmiyyətli məlumat ələ keçirmək üçün muzdlu təxribatçı qruplara lazım ola bilərdi”.
Öldürülən əsgərlərin meyitlərinin tibbi ekspertizaya göndərilməməsi də Cəlilbəylinin ailəsini narahat edir. Onlar ekspertiza nəticəsində əsl həqiqətin ortaya çıxa biləcəyinə inanırlar. Naxçıvandakı bəzi dairələrin insidenti gizlətmək üçün şəhidləri tələm-tələsik dəfn etmələri faktiki olaraq bütün günahı yoxa çıxan əsgərin üzərinə yıxılmasına şərait yaradıb.
Bir sözlə, Cəlilbəyli ailəsinin ehtimalına görə, övladlarının hərbi xidmət etdiyi post erməni hücumuna məruz qalıb və Bəhruzun 3 əsgər yoldaşı öldürülüb, özü isə əsir götürülüb.
Ailəyə onsuz da övlad dağı vurulması azmış kimi, bir də oğullarının vətən xainliyində ittiham edilməsi daha böyük dərd olub. Bəhruz Cəlilbəylinin atası bildirir ki, əgər oğlunun xəyanəti öz təsdiqini taparsa, ən ağır şəkildə cəzalandırılmasına razıdır: “Çünki biz – həm mən, həm də qardaşlarım dövlət müstəqilliyimiz ərəfəsində Sədərək özünümüdafiə dəstələrinin ən aktiv döyüşçülərindən olmuşuq. Övladlarımız da bu vətənpərvərlik mühitində boya-başa çatıblar. İddia edildiyi kimi, naxələf övlad bizim ocaqdan çıxa bilməz”.
Di gəl ki, vətən xaininin ailəsi kimi incidilən Cəlilbəylinin ailəsinin öz şikayətlərini Muxtar Respublika rəhbərliyinə çatdırılmasına imkan verilmir. Onlar da məcburən I vitse-prezidentə ərzi-gileylərini bildirmək üçün Bakıya üz tutublar.
Ovqat.com