Kəlbəcərin işğalında iştirak edən PKK-çılar və yerli xainlər – VİDEO
3-10-2017, 22:10
1993-cü il aprelin 1-2-də Azərbaycanın ərazisinə görə ən böyük rayonu olan Kəlbəcər rayonu işğal olundu. İşğal aktında Ermənistan silahlı qüvvələri ilə yanaşı Rusiya hərbçilərinin iştirakını təsdiq edən faktlar və videolar mövcuddur.
Bu video kadrlarda isə Kəlbəcərin işğalında erməni və rus hərbçiləri ilə yanaşı, PKK terror təşkilatının mənsublarının da yaxından iştirak etdiyi ortaya çıxır. Türkiyədən və dünyanın başqa ölkələrindən gəlib erməni silahlıları ilə birlikdə hərbi əməliyyatlarda iştirak edən PKK-çıları bu işə sövq edən isə ermənilərin onlara verdiyi vəd idi.
Turkustan.info bildirir ki, Azərbaycan torpaqlarının işğala məruz qaldığı dövrdə Ermənistan tərəfi və onun havadarları Türkiyədə və ərazidə tarixən məskunlaşmış kürdləri öz tərəfinə çəkmək və Azərbaycana qarşı hərbi əməliyyatlara cəlb etmək üçün onlara xəyali “Kürdüstan muxtariyyəti” vəd edirdilər.
Hələ 1988-1991-ci illərdə hazırda işğal altında olan və əhalisinin yalnız 2 faizini təşkil edən və Azərbaycan türkləri ilə birgə heç bir problem olmadan yaşayan, qohumlaşan kürd nümayəndələrinin təşkil etdiyi Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan ərazilərində “Kürdüstan muxtariyyəti” yaratmaq istəyən xain güclər olub.
Moskva və İrəvan tərəfindən planlaşdırılan “Kürd muxtariyyəti”nın Ermənistanın Vedi rayonundan olan sovet kəşfiyyatçısı, uzun illər Azərbaycanda işləmiş Mamed Babayev qoyulur. Onun müavini isə Qırğızıstanda “KQB” əməkdaşı kimi yetişmiş, Naxçıvanda və Şirvanda (keçmiş Əli Bayramlı) daxili orqanlarda mühüm vəzifələrdə çalışmış Vəkil Mustafayev təyin olunur. Bu, həmin V.Mustafayevdir ki, 1992-ci ilin iyununda ermənilərin işğal etdiyi Laçın şəhərində İrəvandan gətirilmiş 30-40 nəfərin iştirakıyla qondarma “Qafqaz Kürdüstanı”nı elan edir və özü də “baş nazir” olur. Sonradan özünü “Kürd Azadlıq Hərəkatı” və “Qafqaz Kürdüstanı”nın lideri elan edən V.Mustafayev separatçı fəaliyyətini bu gün də davam etdirir. O, 2014-cü ilin yayında Azərbaycanda yaşayan kürdlərə müraciət edərək, onları ermənilərin himayəsi altında “Kürdüstan” yaratmaq üçün Laçına getməyə çağırmışdı…
Kəlbəcərin işğalında yerli separatçı ünsürlərin də dolayısı ilə iştirakı olmuşdur. Onlar yerli özünümüdafiə qüvvələrini zəiflətmək, rayonda sabotaj, ajiotaj yaratmaqla Kəlbəcərin işğalına zəmin hazırlayırdılar. Hesab edirdilər ki, rayon ermənilər tərəfindən işğal olunduqdan sonra yerli əhali rayonu tərk edəcək, Ermənistanın onlara vəd etdiyi “kürd müxtariyyəti” bərqərar olacaq. Onlar da, həmin qurumun idarəediciləri olacaqlar.
Amma Azərbaycan torpaqları uğrunda canının fəda etmiş onlarla kürdəsilli vətəndaşın qanı üzərində həyata keçirilən bu xəyanət heç bir bəhrə vermədi. Ermənilər onları yalnız öz məqsədləri üçün istifadə edib kənara tulladılar…
Kəlbəcərin işğalında iştirak edən PKK-çının şəhərin mərkəzində – İcra hakimiyyətinin binası qarşısında çəkilmiş videosunu təqdim edirik: