Monopolistlərin işi “yağ kimi gedir” - yağın qiyməti 18 manat oldu

4-10-2017, 12:02           
Monopolistlərin işi “yağ kimi gedir” - yağın qiyməti 18 manat oldu
Monopolistlərin işi “yağ kimi gedir” - yağın qiyməti 18 manat oldu
Tarix: Bu gün, 08:35 | Çap et
Monopolistlərin işi “yağ kimi gedir”
“Yağın qiyməti niyə 18 manata qalxıb? İnsanları bu qədər sıxmaq olmaz axı...” Bu sözləri Milli Məclisin oktyabrın 2-də keçirilən iclasında deputat Çingiz Qənizadə deyib.

Bazarlardakı bahalaşma ilə bağlı çıxış edən deputat bunun dövlət tərəfindən nəzarətə alınmasının vacibliyini vurğulayıb: “Seçicilərim mənə sual verirlər ki, niyə ölkədə istehsal olunan malların qiyməti bəzən xaricdə gətirilənlərin qiymətindən bahadır? Mən buna cavab tapa bilmirəm. Həmçinin mənə deyirlər ki, nəyə görə yağın kiloqramı 18 manata çatıb?

Axı aztəminatlı ailələr bundan yararlana bilmirlər. Əziyyət çəkirlər. Əgər 7-8 ay əvvəl yağın kilosu 10 manat idisə, indi 18 manata çatıb. Dünən mən mağazaya girdim və bəzi yağların qiymətinin 18 manat olduğunu gördüm. Bu, problemdir. İnsanları sıxmaq olmaz axı. Əgər kimsə pul qazanmaq istəyirsə, bunu halal yolla etsin. İnsanları narazı salmaq lazım deyil. Eyni zamanda ətin də qiyməti qalxıb. Mən İqtisadiyyat Nazirliyinə və Nazirlər Kabinetinin müvafiq qurumlarına müraciət edirəm ki, bu məsələyə baxsınlar. Axı bizdə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti var. Onlar bu qiymətlərə nəzarət etsin. Qiymətlər tənzimlənsin. Xahiş edirəm, müvafiq qurumlar bunu nəzərə alsınlar".

Qeyd edək ki, bu məsələ bir müddət öncə “Yeni Müsavat”da da qaldırılmışdı.

İqtisadçı ekspert Natiq Cəfərli bildirmişdi ki, kərə yağının bahalaşmasının səbəbi dünya bazarında kərə yağının qiymətinin qalxmasıdır. Avropa bazarlarında kərə yağının qiyməti 20-25 faiz qalxıb. Ancaq maraqlısı odur ki, kərə yağının qiymətinə görə Azərbaycanla Gürcüstan arasında 40-45 faiz fərq var. Bu artıq sual doğurur ki, məsafə təxminən eynidirsə, qiymət niyə fərqlidir?

Bu dəfə biz məhz ikinci sualın cavabını axtarmağa çalışdıq. Azərbaycanda qiymətin bu qədər baha olmasının səbəb nədir? Burada monopoliya amili varmı?

Əvvəlcə yağın son qiymətini öyrənmək üçün marketlərə baş çəkdik. Qeyd edək ki, “Westgold” və “Ancor” kərə yağlarının 1 kiloqramı 17.50 AZN, "French Cow" Fransa yağının kiloqramı 18.30 AZN, “President” yağı 18.50, “Pınar” kərə yağı isə 24.35 AZN-ə satılır.

Kərə yağları ilə yanaşı, yemək yağlarının və duru yağların da qiymətində 5-10 faizlik artım müşahidə olunur.

İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bahalaşmanın əsas səbəbi gömrük rüsumlarının və vergi dərəcələrinin yüksək olması, o cümlədən monopoliyanın güclü olmasıdır: “İdxal mallarının tənzimlənməsi üçün dövlətin əlində çoxlu imkanlar var. Gürcüstanda gömrük rüsumu və vergi dərəcələri ilə Azərbaycandakı gömrük və vergi dərəcələri arasındakı fərq də qiymətlərə təsir edir. Əgər hökumət öz əhalisini öz daxili istehsalı hesabına müəyyən ərzaq məhsulu ilə təmin edə bilmirsə, bunun üçün imkanlar, daxili resursları yoxdursa, gömrük rüsumları və vergi dərəcələrini azaltmaq yolu ilə qiymətlərə təsir edə bilər. Əgər Azərbaycanda istehsal olunan yağ əhalinin tələbatlarını ödəyə bilmirsə, o zaman nəyə görə gömrükdə bu məhsula görə rüsum ödənilməlidir? Bu da qiymətin üzərinə təqribən 35 faiz əlavə xərcin gəlməsinə səbəb olur. Qiymətlərin tənzimlənməsi üçün dövlətin edə biləcəyi çox şey var”.

Ekspertin sözlərinə görə, dövlətin növbəti addımı bu sahədə ciddi rəqabətin yaradılması olmalıdır: “Əgər araşdırma aparsaq görərik ki, Azərbaycana kərə yağını gətirən bir-iki şirkət var. Başqa fiziki və hüquqi şəxslərin Azərbaycana yağ gətirməsinə ciddi maneələr var. Bu da inhisarçılığa yol açan əsas səbəblərdən biridir. Sərhədyanı zonalarda yaşayan əhali belə öz ehtiyaclarını ödəmək üçün qonşu Gürcüstandan və Rusiyadan yağ gətirə bilmir, bunun həcmi ilə bağlı da müəyyən məhdudiyyətlər qoyulur. Bir qutudan artıq yağı gömrükdən keçirməyə qoymurlar. Yeri gəlmişkən, Rusiyada da kərə yağı Azərbaycandan daha ucuz satılır. Əgər insan yağı satış məqsədi ilə gətirmirsə, niyə bu cür məhdudiyyətlər olmalıdır? Həm gömrük, həm də vergi sistemində müəyyən dəyişikliklər etməklə ciddi rəqabətli mühitin yaradılması üçün şərait yaratmaqla dövlət ədalətli hakim rolunu oynaya bilər. Bu baş vermir deyə, inhisarçılıq meyilləri yaranır. Əgər gömrükdə bir iş adamına yaşıl koridor, digərinə isə maneələr yaradılırsa, inhisarçılığın kökü oradan başlayır. Bu da qiymətlərin artmasına səbəb olur. Yağla bağlı məsələ bununla əlaqəlidir. Lojistik olaraq Gürcüstanla Azərbaycana Yeni Zelandiyadan, Avstraliyadan gətirilən yağın dəyəri eyni olmalıdır. Çox ciddi bir məsafə fərqi yoxdur. Amma qiymətlər bu qədər ciddi şəkildə fərqlənirsə, bu, vergi və gömrük siyasəti ilə, inhisarçılığın Gürcüstanda olmaması, Azərbaycanda isə uzun illərdir bir bəla kimi iqtisadiyyatı sıxmasından irəli gəlir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.