“O iş yerləri qohum-əqrabanız üçündür” - Jurnalistdən nazirə ağır suçlamalar

4-10-2017, 12:19           
“O iş yerləri qohum-əqrabanız üçündür” - Jurnalistdən nazirə ağır suçlamalar
Tarixçi-alim Dilavər Əzimlinin yoldaşı, tanınmış jurnalist Arzu Qazıyeva Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun yerli saytların birinə verdiyi müsahibəsinə feysbukda münasibət bildirib. Jurnalist nazirin "qadınların çoxu işləmək istəmir” fikrinə sərt reaksiya verib və onu bir neçə məsələdə ittiham edib.

BakuPost.az həmin statusu təqdim edir:

"Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov müsahibəsində deyib ki, "Qadınların çoxu işləmək istəmir və bu, böyük ölçüdə milli ənənələrin xüsusiyyətindən irəli gəlir. Qadınlar açıq deyirlər ki, işləmək istəmirik, çünki ev işləri ilə məşğuluq. Və onlar kömək üçün müraciət etmirlər, iş axtarmırlar, nəticədə, onları işsiz kateqoriyasına aid etmək olmaz”.

Hörmətli nazir hansı məntiqlə belə danışır? O, özü harada yaşayır, nazir postuna necə gəlib çıxıb? O, hansı araşdırmalar, tədqiqatlar, sorğular nəticəsində belə qənaətə gəlib? Ona yüzlərlə misal göstərərəm ki, özüm başda olmaqla işləmək həvəsində və yetərincə potensialı olan qadın ona görə işləmir ki, "daydayısı”, "yuxarıdan zəng edəni”, "tapşıranı”, "sponsoru”, "hədiyyəsi” və s. və i.a. yoxdur.

Məgər nazir bilmir ki, vakant yer olsa belə, sadəcə CV vermək kifayət etmir? Təmənnasız CV-ni namizəd qapını örtüb çıxan kimi cırıb zibil yeşiyinə vızıldadırlar. Nazir bəyəm bilmir ki, birinci mərtəbədə oturmalı olan kadrlar şöbəsi yerləşdiyi yerin ən sonuncu mərtəbəsində, əl çatmaz, ün yetməz, gözdən-könüldən uzaq yerdə oturur ki, onu elə-belə narahat edən olmasın? Lap narahat edən olsa da belə heç nə dəyişməyəcək. İndi hansı əyyamdır ki, qadın işləmək istəməsin? Hardadır o iş ki, vakantdır və ora kefindən getmək istəyən yoxdur??? Mənə yerini göstərin, cənab nazir!!! Düz deyirsiz, işdən çox iş var, amma o işlər sadə adamlar üçün yox, sizlər, sizin uşaqlarınız, nəvələriniz, nəticələriniz, kötükcələriniz, dostlarınız, tanışlarınız, qohum-əqrəbalarınız üçündür. Təqaüd yaşına çatanda da getmirsiz. Birinci elə özünüzdən başlayın, nazir olduğunuz qurumun qapılarını açın və təmənnasız vakant elan edin. Və sonra işə qəbul üçün verilən CV-i sayın. Amma etməzsiz, çünki qaydaları özünüz yaradırsınız: süfrənizin kənarında oturanlar və süfrənizin kənarında oturmayanlar.

Süfrənin kənarında oturanların diplomunun hansı peşəni, sənəti, ixtisası göstərməsinin heç fərqi də yoxdur. Süfrənin kənarında oturmayanlarsa təbii ki, ev işləri ilə məşğul olmağa məhkumdurlar. Başqa nə etməlidirlər ki?"












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.