“BAKIDA 18-19, TBİLİSİDƏ 10-11 MANATDIR” – İqtisadçı yağın qiymət fərqini izah etməyi tələb edir
5-10-2017, 22:03
"Gömrük qurumunun fəlsəfəsi daxili bazarı qorumaq, vətəndaşa xidmət etməkdur, bu orqanın yanaşması bir ovuc insanların varlanmağına xidmət etmək olmamalıdır"
Dövlət Gömrük Komitəsi izah edə bilərmi, niyə Yeni Zelandiya yağı Bakıda 18-19 manat, Tbilisidə 10-11 manatdır? - deyə iqtisadçı Natiq Cəfərli “Facebook” səhifəsində Dövlət Gömrük Komitəsinin ölkəyə kərə yağı gətirilməsində inhisarçılıq olmaması barədə bəyanatı ilə bağlı sual verir.
Gömrük Komitəsi məlumat yayaraq qeyd edib ki, yağın bahalanması gömrük rüsumu ilə bağlı deyil, çünki son vaxtlar rüsumda dəyişiklik olmayıb.
Gömrük Komitəsi bu sahədə inhisarçılıq olması barədə məlumatları da təkzib edib bildirir ki, kərə yağı idxalı ilə 51 şirkət məşğul olur. “Statistik rəqəmlərdən də göründüyü kimi, ötən il 1 kq yağ 3.39 ABŞ dollarına, cari ildə isə 1 kq yağ 4.28 ABŞ dollarına rəsmiləşdirilib ki, mövcud artım da dünya bazarında yağ məhsulunun bahalaşması ilə əlaqədardır”, deyə DGK bildirir.
N.Cəfərli öz növbəsində qeyd edir ki, yağın hər kilosu 4,28 dollara rəsmiləşib. Logistik xərcləri də hər kiloya 1,5 dollar, yəni 2,55 manat olsa, deməli Bakıya yağ 9,75 manata daxil olur. “Bəs becə olur ki, 18 manata satılır?! Harada görünüb ki, malın üzərinə dəyəri qədər də qoyub satasan?!”, deyə ekspert soruşur.
Yağ idxal edən 51 şirkətlə bağlı N.Cəfərli yazır: “o 51 şirkət 3-4 nəfərə məxsusdursa, bunu necə izah edərsiniz?! Gürcüstana ərzaq gətirən 1000-dən çox hüquqi və fiziki şəxs var, rəqabət belə yaranır”.
“Çox dəyərli Gömrük Komitəsi, sərhədyanı rayonlarda yaşayan əhali, sizcə, niyə Gürcüstandan, Rusiyadan, İrandan öz ailələri üçün yağ keçirmək istəyir? Çünki o ölkələrdə ucuzdur. Bəs niyə həmin ölkələrdə ucuz olan yağ Azərbaycanda baha olmalıdır? Bunu necə izah edə bilərsiniz? Nədən vətəndaşa öz ailəsi, lap qonşusu üçün 5-6 kq yağ keçirməyə imkan vermirsiniz?! Gömrük qurumunun fəlsəfəsi daxili bazarı qorumaq, vətəndaşa xidmət etməkdur, bu orqanın yanaşması bir ovuc insanların varlanmağına xidmət etmək olmamalıdır”, deyə ekspert qeyd edib.