" Gəlin hamılıqla Silahlı Qüvvələrimizi, onun nüfuzunu qoruyaq və onlarla fəxr edək. "
6-10-2017, 00:19
teref.az hərbi jurnalist p/l Üzeyir Cəfərovun müraciətini oxuculara təqdim edir:
Əziz dostlar! Hörmətli həmkarlar!
Aşağıdakı qeydlərimi döyüş bölgəsində bir vaxtlar bərabər xidmət keçdiyimiz hərbçi dostlarımızın çox israrlı xahişi və təhkidi ilə diqqətinizə çatdırır və ictimailəşdirirəm.
Son günlər istər ölkə daxilində, istərsə də Azərbaycandan kənarda yaşayan bəzi şəxslər tərəfindən heç bir ciddi əsas və ciddi səbəb olmadan sosial şəbəkələrdə, bəzi ictimai tədbirlərdə Silahlı Qüvvələrimizlə bağlı bır sıra xoşagəlməz fikirlər, mülahizələr səsləndirilir. Hərbi sahə ilə sıx bağlı bir insan kimi gündəlik mətbuatı, xüsüsən də sosial şəbəkələrdəki demək olar ki bütün aktual müzakirə və mövzuları diqqətdə saxlayan insan kimi deyə bilərəm ki, ordumuz ilə bağlı elə bir narahatçılıq və narazılıq yoxdur ki, indi bu mövzu gündəmə gətirilir. Və sadəcə anlaşılan deyil ki, bəzi həmvətənlərimiz sanki “qaşınmayan yerdən qan çıxartmağa” və düşmənə öz güvənc yeri olan Silahlı Qüvvələri ilə bağlı tənqidi fikirlərlə yanaşı təhqiramiz fikirlər səsləndirməyə imkanlar yaradırlar.
Kim bilməsə də, hərb sahəsi ilə bağlı çoxları yaxşı bilir ki, Silahlı Qüvvələrimiz yaranan gündən bu günə kimi demək olar ki, ordumuzun bütün həyat və fəaliyyətindən xəbərimiz olub və var. Zaman-zaman ordu ilə bağlı yaxşı və pis xəbərləri həm açıq, həm də daxili auditoriyalarımızda ictimailəşdirməklə yanaşı, çalışmışıq ki, bu işdə bir növ ölkə rəhbərliyi üçün köməkçi rolunda çıxış edək. Və çox sağ olsunlar ki, bizim qaldırdığımız bir çox məsələlər öz müsbət həllini tapıb və indi də tapır.
Şəxsən mənim üçün maraqlı olan odur ki, xüsusən Silahlı Qüvvələr sırasına növbəti çağırış ərəfəsi və çağırış dönəmində bəzi şəxslər özlərindən hansısa hərbi hissə və birləşmələrdə “çoxsaylı əsgər ölümləri”, “rüşvət, korrupsiya” faktlarından geniş danışaraq gecə-gündüz öz xidməti vəzifələrinin icrası ilə məşğul olan şəxsi heyətin şərəf və nüfuzuna xələl gətirməyə cəhd edirlər. Bu xoşagəlməz dedi-qodular, şaiyə və ara söhbətlər, ön xəttdə, düşmənlə üzbəüz dayanan əsgər və zabitlərimizə çox pis təsir edir.
Azərbaycan balaca bir ölkədir. Burada baş verən istənilən hadisə bir neçə dəqiqənin içində demək olar ki, əlində informasiya resurslarına çatmaq imkanı olan hər kəsə bəlli olur və ani ictimailəşir. Sosial media vasitəsiylə hər hansı bir xəbər, ələlxüsus da Silahlı Qüvvələr ilə bağlı olan istənilən məlumat dəqiqələr içində bütün dünyanı dolaşır və insanlarda müəyyən fikir və mülahizə formalaşdırır. Və hər hansı əsgər ölümü baş verdiyi təqdirdə və ya ordu sıralarında baş verən istənilən hadisənin gizlədilməsi ehtimalı demək olar ki, sıfıra bərabərdir. Ölkəmiz də bədnam işğalçı Ermənistan ordusu deyil ki, əsgər ölümlərini gizlətmək və ya ört-basdır etmək üçün geniş imkanları olsun. Ən azından biz bunu 2016-cı ilin məlum aprel hadisələri zamanı gördük və yaşadıq. Hadisələrin ilk anında heç bir itkisinin olmadığını bütün dünyaya car çəkən düşmən tərəfi sonradan öz çoxsaylı itkilərini etiraf etməyə məcbur oldu və sonradan biz dəqiqliklə bir daha əmin olduq ki, öz əsgər və zabitlərinin meyidlərini onlar bir müddət işğal altında olan ərazilərdə gizlədib, sonra isə onları tədricən müxtəlif adlarla açıqlamağa, göstərməyə məcbur oldular. Fərz etsək ki, bizim də əsgər və ya zabit ölümlərimiz olduğu təqdirdə biz o həmvətənlərimizi harda və ya necə gizlədə bilərik? Şəxsən çox istərdim ki, son günlər guya çoxsaylı əsgər və ya zabit ölümlərindən danışan bəzi incik siyasətçilər, yaxud ictimai fəallar, ümumi sözlərlə deyil, KONKRET FAKTLARLA danışsaydılar yaxşı olardı.
Şəxsən mən əsla Silahlı Qüvvələrdə hər şeyin ideal vəziyyətdə olması haqqında qətiyyən fikir söyləmək istəməzdim. Dünyanın ən böyük dövlətlərinin ordularında da bu gün onların cəmiyyətlərində baş verən hadisələri görmək mümkündür və hamıya gün kimi aydındır ki, Azərbaycan da bu məsələdə kənarda deyil. Gündəlik həyatımızda baş verən irili-xırdalı hadisələrin Silahlı Qüvvələr sırasında olması mümkündür və yəqin ki, baş verir. Silahlı Qüvvələrimiz cəmiyyətimizin ayrılmaz bir parçasıdır və burada rast gəldiyimiz hadisələrin hərbçilərin də iştrakı ilə olması istisna deyil. Amma, bəzi şəxslər elə bir fikir formalaşdırmağa çalışırlar ki, sanki Azərbaycan Silahlı Qüvvələri elə bir acınacaqlı durumdadılar ki, bircə “dəsmalımız çatışmır ki, oturub ağlıyaq”.
Xeyr, dəyərli dostlar. Son illər ordu sıralarında kifayət qədər nəzərəçarpan dəyişikliklər baş verib və biz bunu bütün sahələrdə görür və qiymətləndiririk. Gəlin ədalətli olaq. Bütün görülən işlərin fonunda sözsüz ki, bəzi əyər-əksiklərin olması da mümkündür və istina etmirəm ki, onlar var. Lakin, hamılıqla unutmamalıyıq ki, bu gün ümumiləşdirdiyim Azərbaycan əsgərinin öz cəmiyyəti tərəfindən deyilən xoş sözə və fikrə böyük ehtiyacı var. Onlara maddi tərəfdən daha çox mənəvi dəstək lazımdır. Və düşmənin də daha çox çalışdığı sahələrdən biri odur ki, güclənməkdə olan Silahlı Qüvvələrimiz haqqında daha çox mənfi fikirlər, mənfi aura yaratsın. Bu işdə isə bizim bəzi həmvətənlərimiz sui-istifadə hallarına yol verirlər. Təkrar da olsa yenə xüsusi olaraq qeyd edirəm ki, onlar düşmənin edə bilmədiyi bəzi hərəkətləri ya bilərəkdən, ya da bilməyərəkdən edirlər. Amma unutmaq olmaz ki, Azərbaycan ordusu bütövlükdə xalqının və dövlətinin keşiyində duran bir güc və güvənc yerimizdir. Kimsə kiminsə xoşuna gələ də bilər, gəlməyə də bilər. Kimlərsə hakimiyyət üçün sivil və ya qeyri-sivil yollarla mubarizə apara bilər və aparır da. Əsla istəməzdim ki, Silahlı Qüvvələrimizin şəxsi heyətinin adından kimlərsə sui-istifadə etsin və olmayan məsələləri məqsədyönlü şəkildə tam əks istiqamətdə, xüsusi qərəzlə, xüsusi kin-küdurutla qabardaraq insanlarda öz ordusuna qarşı inamsızlıq yaratsın.
Ölkə rəhbərliyinin geniş dəstəyi sayəsində Silahlı Qüvvələrimizdə əsgər və zabitlərimizin xidmət, sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün çoxlu işlər görülüb və görülür. Gəlin hamılıqla Silahlı Qüvvələrimizi, onun nüfuzunu qoruyaq və onlarla fəxr edək.
Tanrı Azərbaycan xalqını, onun əsgər və zabitlərini qorusun!
Üzeyir Cəfərov.
hərbi jurnalist