Kərə yağına “xüsusi status” verilibmiş - təfsilat
6-10-2017, 10:20
Vahid Əhmədov: “Daxildə yağ istehsalı tələbatı ödəmirsə, gömrük rüsumları azaldılmalıdır”
Yağın qiyməti ilə bağlı “Yeni Müsavat”da dərc olunan “Monopolistlərin işi yağ kimi gedir, yağın qiyməti 18 manat oldu” başlıqlı yazıya dövlət qurumlarından reaksiya gəlib. Yazıda adı hallanan Dövlət Gömrük Komitəsi qeyd olunan məlumatların doğru olmadığı haqda açıqlama yayıb. Açıqlamada bildirilir ki, kərə yağının qiymətində artımın baş verdiyi dövrdə, bu mal növü üzrə gömrük vergi və rüsumlarında hər hansı dəyişiklik olmayıb:
“Gömrük orqanlarının bu sahədə inhisarçılıq hallarına yol verməsinə gəlincə, ötən il ölkəyə yağ idxal edən şirkətlərin sayına və idxal olunan məhsulun miqdarına dair rəqəmlər bu iddiaların absurd olmasının sübutudur. Belə ki, 2016-cı ildə Azərbaycan Respublikasına 22 ölkədən 51 şirkət 28 milyon dollar dəyərində 8357 tondan çox, 2017-ci ilin 9 ayı ərzində isə 44 şirkət 16 ölkədən 36 milyon dollar dəyərində 8391 tondan çox yağ idxal edib ki, bu da iddiaların əksini sübut edir. Ötən il 1 kq yağ 3.39 ABŞ dollarına, cari ildə isə 1 kq yağ 4.28 ABŞ dollarına rəsmiləşdirilib ki, mövcud artım da dünya bazarında yağ məhsulunun bahalaşması ilə əlaqədardır.
Daxili bazarda formalaşan qiymətlərə gəlincə isə, bu məsələ Dövlət Gömrük Komitəsinin səlahiyyətlərinə aid deyil".
Daxili bazarda formalaşan qiymətlərə isə İqtisadiyyat Nazirliyindən reaksiya verilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Modern.az-a verdiyi açıqlamada bildirib ki, kərə yağının qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısına daxil deyil: “Məlumdur ki, qiyməti dövlət tərəfindən tənzimlənən məhsullar istisna olmaqla, ölkədə digər malların qiymətləri azad rəqabət mühitində, tələb-təklif əsasında formalaşır. Kərə yağının qiyməti dövlət tərəfindən tənzimlənən malların siyahısına daxil deyil. İdxal kərə yağının qiymətindəki dəyişikliklər idxalçı ölkələrdə qiymətlərin artması ilə əlaqədardır. Rəsmi məlumatlara görə, ölkəyə idxal olunan kərə yağının təxminən 80%-i Yeni Zelandiyanın payına düşür. Yeni Zelandiyanın da daxil olduğu Okeaniyada 1 ton kərə yağı ötən ilin müvafiq dövrü ilə müqayisədə 70%-ə yaxın bahalaşıb. Bundan başqa, qiymətə nəqliyyat xərcləri, gömrük, vergi və rüsumları, məhsulun saxlanılması, ticarət şəbəkəsinə çatdırılması kimi digər xərclər də daxildir”.
Yerli istehsal olan kərə yağına gəldikdə isə, A.Əliyev bildirib ki, burada qiymətə təsir edən əsas amil yemin, o cümlədən yonca və kəpəyin qiymətinin bahalaşmasıdır: “İstehsalda və idxalda azad rəqabət formalaşıb, inhisarçılıqdan danışmaq yersizdir”.
Açıqlamalardan görünür ki, hər iki qurum məsuliyyəti üzərindən ataraq bazarda yaranmış vəziyyətdən çıxış yollarını axtarmaqdan imtina edir. Azərbaycan təcrübəsində o da məlumdur ki, qiyməti dövlət tərəfindən tənzimlənməyən gündəlik tələbat məhsullarının bahalaşmasına ölkə rəhbərliyi səviyyəsində reaksiya verilib və qiymətlər azaldılıb. Buna misal kimi, çörəyin, yumurtanın və sair məhsulların qiymətini göstərə bilərik. Belə olan halda yağa “xüsusi status” verilməsi və qiyməti ilə bağlı hansı tədbirlərin mümkünsüzlüyü mənzərəsi üzə çıxır. Əgər yağın 1 kiloqramı ölkəyə 4.28 ABŞ dollarına, yəni 7.27 manata daxil olursa, nəyə görə bazarda 17-18 manata təklif olunur? Aradakı 10 manatlıq fərq nəyin hesabıdır?
Bu suallarla bağlı “Yeni Müsavat”a danışan Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov bildirdi ki, əslində hər iki qurum doğru məlumat yayıb: “Səbəblərdən biri odur ki, Azərbaycanda gömrük tarifləri çox yüksəkdir.. Gömrük sistemində şəffaflıq təmin olundu, müəyyən qədər monopoliya aradan qaldırıldı. Biz o zaman dedik ki, gəlin gömrük tariflərinə baxaq. Çünki faktiki olaraq, iş adamı xaricdən yağ gətirəndə onun qiymətinin üstünə 36-37 faizlik gömrük rüsumları gəlir. Bu da istər-istəməz qiyməti qaldırır. Əsas səbəblərdən biri budur. Ona görə də hökumət Azərbaycanda əhalini yağla təmin edə bilmirsə, yağı xaricdən idxal edirsə, o zaman gömrük rüsumlarını azaltmalıdır ki, yağın qiyməti normal səviyyədə qalsın”.
Deputatın sözlərinə görə, ola bilər ki, kimsə dünya bazarındakı bahalaşma faktından istifadə edib yağın qiymətini qaldırır: “Bu da müəyyən narazılıq yaradır. Lakin əsas səbəb bu deyil. Dövlət əhalinin narazı qalmamasını, daxili bazarda yağın qiymətinin aşağı olmasını istəyirsə, o zaman gömrük rüsumlarını azaltmalıdır”.
Bəs, əgər bu sahədə monopoliya və karter sövdələşmələri yoxdursa, həqiqətən də DGK-nın açıqladığı kimi, 51 şirkət ölkəyə yağ idxal edə bilirsə, nəyə görə hər yerdə qiymətlər eynidir? Necə olur ki, 51 şirkətin eyni məhsulu vahid qiymət altında bazara çıxarılır?
Sualımızı cavablandıran parlament üzvü bildirdi ki, hər yerdə eyni qiymət olmamalıdır: “Mən Gömrük Komitəsinin məlumatına baxdım, qeyd olunur ki, Azərbaycana 50-yə yaxın şirkət yağ gətirib. Əgər monopoliya varsa, 45-50 şirkət necə yağ gətirə bilər? Azərbaycanda bunu 1-2 şirkət həyata keçirə bilər. Mən hesab edirəm ki, bu məsələni İqtisadi İnkişaf Nazirliyi araşdırmalıdır. Yağın qiymətinin birdən-birə bu qədər artması qəbul edilən deyil. Dövlətin burada yeganə çıxış yolu var. O mallar ki, daxili istehsal hesabına əhalini təmin etmək mümkün deyil, xaricdən gətirilir və bazarda baha satılır, dövlət həmin malların üzərindən gömrük rüsumunu azaltmalıdır. Onu da unutmayaq ki, xaricdə də yağın qiyməti qalxıb, bu da təsirini göstərir”.
Daxildə istehsal olunan kərə yağının bahalaşmasına gəlincə, V. Əhmədov bildirdi ki, yerli yağların istehsalında istifadə olunan müəyyən komponentlər xaricdən gətirilir və bu da qiymətlərə təsir edir.