MTRŞ televiziya və radiolarda ədəbi dillə bağlı əsas problemləri açıqlayıb

6-10-2017, 13:28           
MTRŞ televiziya və radiolarda ədəbi dillə bağlı əsas problemləri açıqlayıb
"2003-cü ildə MTRŞ telekanallarımızı monitorinq edərkən Ana dilinin proqramlarda ümumi çəkisinin 50 faizdən az olduğunu üzə çıxardı".

APA-nın məlumatına görə, bunu "Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu" mövzusunda konfransda Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.

N. Məhhərrəmli bildirib ki, MTRŞ telekanallar qarşısında Azərbaycan dilinin xüsusi çəkisinin 75 faizə çatdırılması tələbini qoyub və qısa müddətdə buna nail olunub: "Daha sonra verilişlərdə Ana dilinin çəkisinin 100 faizə çatdırılması tələbi qoyuldu və buna da nail olundu. Növbəti mərhələ ədəbi dilin qorunması və inkişafı ilə bağlıdır. Artıq bu istiqamətdə də bir sıra işlər görülüb və görülməkdədir. İlkin monitorinqlərin nəticələri çox narahatlıq doğururdu. Dilçi alimlərimiz bu monitorinqlərlə bağlı ümumiləşdirmə apardılar. Birinci problem danışıq dilinin ədəbi dillə eyniləşdirilməsi ilə bağlı idi. Televiziya şivələr, ləhcələr və digər məqamlar yer alıb. Bunu aradan qaldırmaq lazımdır. Biz ədəbi dili bir ləhcə əsasında yox, ədəbi dil normaları əsasında öyrənirik. Çox təəssüf ki, telekanallarımzda bu normalar hələ də pozulur. Televiziya və radio kanalları bu barədə ciddi düşünməlidirlər".

MTRŞ sədri qeyd edib ki, digər problem əcnəbi sözlərin dilimizə daxil olması ilə bağlıdır: "Bəzi elmi terminlərin ədəbi dilimizə daxil olması başa düşüləndir. Lakin əcnəbi sözlər bəzən yersiz halda aparıcılar tərəfindən danışıq dilində işlədilir. Böyük dövlətlər, böyük güclər bu gün yumşaq gücdən də geniş istifadə edilir. Bu, təhsil, media, danışıq dilinə təsirlə bağlıdır. Dillə bağlı təsir bu istiqamətdə xüsusi yer tutur. Təəssüf ki, xaricdə təhsil alıb gələn mütəxəssislərimiz o dildən daha çox istifadə edirlər. Bu baxımdan Türkiyədə təhsil alıb gələn insanlarımızla bağlı bu problem daha qabarıqdır. Başqa bir problem intonasiya bağlıdır. Ən çox pozulan normalar fonetik normalardır. Bu, daha çox informasiya proqramlarındakı diktorların, aparıcıların üzərinə düşür. Diktorlar, aparıcılar əvvəlcədən hazırlanmış xəbərləri oxuyarkən fonetik normalara əməl etmirlər".

N. Məhərrəmli digər problem kimi sürətli danışıqdan istifadə edilməsini göstərib: "Bəzi aparıcılar sürətli danışıq dilindən istifadə edir, tələsiklikdə normalara riayət olunmur. Digər tərəfdən, reklamların dili ilə bağlı da problem var. Reklamlar xaricdə hazırlanır və Azərbaycan dilinə tərcümə zamanı çatışmazlıqlara yol verilir".

MTRŞ dublyaj sahəsində də problemlərin olduğunu vurğulayıb: "Sovet dövründə dublyaj çox keyfiyyətli idi, biz indi onun həsrətini çəkirik. Diktorlar, aparıcılar işə qəbul olunarkən məsələyə ciddi yanaşılmalıdır, onların hər biri Azərbaycan dilini mükəmməl bilməlidir. Təəssüf ki, telekanallarda yaradılan bədi şuraların fəaliyyəti kağız üzərindədir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.