Putinin dünyanı lərzəyə gətirən yeni silahı – Rusiya prezidenti Qərbi necə qorxuya saldı
8-10-2017, 13:43
ABŞ və Avropa ilə ideoloji savaşda rusların əlində daha təsirli “silah” var: “Russia Today”
Azərbaycanın xaricə enerji daşıyıcıları, yaxud pambıq, qoz-fındıq ixracı, yaxşı bilirik, var. Ancaq bu, azdı. Müasir standartlar dəyişib. Ölkənin ixrac potensialında bu gün gərək mütləq bolluca informasiya da olsun. TV mütəxəssisləri buna loru dildə “BBC, yaxud CNN standartı” deyirlər.
Keçək canlı misallara. Rusiyanın Yaxın Şərqdəki son hərbi-siyasi uğurlarını mən ancaq idarəolunan “Kalibr” raketləri ilə izah etməzdim. Məncə, həmin bu uğurları təmin edən səbəblər arasında 24 saat durmadan işləyən, beş-altı dildə efirə çıxan “Russia Today” (qısaca RT) telekanalı da var. Almaniyanın “Tagesspiegel” qəzeti iddia edir: “Rusiya, nəhayət ki, CNN, BBC telesiqnallarına qarşı öz müasir TV modelini yaratdı. Əvvəllər Rusiyanın ixrac potensialı hərbi sursat, enerji daşıyıcıları ilə məhdudlaşırdı. İndi bu siyahıya informasiya ixracı da əlavə edildi. İxracatı, məşhur “Russian Today” telekanalı təmin edir”.
ABŞ Teleradio Şurası sədri Uolter Ayzekson 2010-cu ilin payızında bu telekanalı rəsmi Vaşinqtonun “əsas düşmənləri” sırasına salıb. Qeyd edib: “700 milyon dollar civarındakı illik büdcəmiz artıq bizə bəs etmir. Əleyhimizə təzə telekanallar işə düşüb. Misal üçün, Rusiyanın “RT” telekanalı. Əlavə maliyyəyə ciddi ehtiyacımız var”.
Qərb ilə hərbi qarşıdurmadan çəkinən Rusiya casus müharibələrinə, informasiya savaşlarına əksinə, tam şərait yaradır indi. “RT” ekranlarından ABŞ-a, onun müttəfiqlərinə qarşı 24 saat ərzində bolluca informasiya, dezinformasiya ötürülür.
Vaxti ilə, 20-30-cu illərdə oxşar təbliğat makinasını SSRİ “Kommintern”, beynəlxalq kommunist hərəkatı çərçivəsində yaradıb ABŞ, İngiltərə, Fransa kimi timsahların kürkünə birə salmışdı. Qısa fasilədən sonra həmin “eyni hamam, eyni tas” yenidən var gücüylə işə salınıb. “RT” telekanalının əksər simaları, yadda saxlayın, RF vətəndaşları deyil. Yüksək peşəkarlıqları ilə ad çıxarmış məhz elə Qərb mütəxəssis-jurnalistləridi. Misal üçün, kanalın “RT-Deutsch” versiyasında Alman vətəndaşları-Mariya Yansen, Yasmin Kosubek, hətta türk əsilli Əli Özkök teleaparıcılıq edirlər. Oxşar standart, telekanalın fransız, ingilis, ərəb versiyalarında da uğurla təkrarlanır.
Dünya çapında çox tanınmış simalar, misal üçün canlı əfsanə sayılan Yulian Assanj, öz həftəlik “The World Tomorrow” proqramını məhz RT tezliklərində öz azarkeşlərinə təqdim edir. 11 aprel 2013-cü ildə bu proqram “New York Festivals” müsabiqəsində birincilik qazanıb, yadda saxlayın. 2014-cü ildə isə kanal, “YouTube”-dakı abunəçi sayına görə “Qırmızı düymə” ödülünə layiq görülüb.
“Əslində bizə xaricdə nə azərbaycanpərəst lobbi lazımdı, nə də ki, diaspor təşkilatları. Bu yolda xərclədiyimiz ağlasığmaz milyonlar, hətta milyardlar əvəzinə bircə “Azərbaycan Today” telekanalı açmaq məncə daha sərfəlidir”
Kanalın doğum günü 14 sentyabr 2005-ci ildir. Həmin tarixdə RT-nin belə deyək “ ilk pilot uçuşları” start götürür. 10 dekabr tarixində isə şirkətin telesiqnalı tam rejimdə, ardıcıl olaraq dünya tamaşaçılarının ixtiyarına verilir.
Lakin cəmi iki gün sonra RT siqnalı teleefirdən itir. Yalnız üçcə gün sonra yenidən dirçəlir. Mütəxəssislər sonradan bunu “piar gedişi” elan edirlər. Deyirlər: “Məhz bu cür ən yeni hiylələr, kələklər RT-nin həmişə bir növ arxa cibindədir. Təzə, hələ xam telekanalların ilk uğurlu addımları adətən bax bu cür at gedişləri ilə bağlı olur”.
RT telekanalı ətrafında sirlər çoxdu. Moskvada bəziləri, kanal barədə söhbət düşərkən keçirlər pıçapıça. Astaca deyirlər: “Şirkət özündən başqa həm də “REN TV”, “5-ci kanal”-ın xəbərlər bloqunu hazırlayır”.
İndi RT telekanalı “Qazprom”dan sonra xaricdə ən tanınmış, ən bərkgedən Rusiya brendidir həm də.
***
Azərbaycanda təəssüf, oxşar BBC, CNN standartlarıyla işləyən, dünya çapında tanınan səviyyəli oxşar bir brend kanal yoxdu. Bir də deyirəm, - yoxxxxduuuu! Belə getsə, heç vaxt da olmayacaq.
Əslində bizə xaricdə nə azərbaycanpərəst lobbi lazımdı, nə də ki, diaspor təşkilatları. Bu yolda xərclədiyimiz ağlasığmaz milyonlar, hətta milyardlar əvəzinə bircə “Azərbaycan Today” telekanalı açmaq məncə daha sərfəlidir. Putin təbliğat makinası “Russia Today” nümunəsində bu müddəanı artıq 12 ildi tam uğurla həyata keçirir.
Azərbaycan telesiqnalının dünyada 60-dan çox yaşı var guya. Ancaq efirimizə baxsan, bunu deməzsən. Azərbaycan telestandartı bu gün xaricdə “ev videosu” kimi tanınır. Gülüş hədəfidir. Səhərdən axşama qədər bizim telekanallar öz efirlərində ad günləri, yas məclisləri, mətbəx verilişləri, həkim-klinika reklamları kimi bayağı, şit səhnələr göstərib bütün dünyada ölkəmizi abırdan salırlar. Dövlət Teleradio Şurası, şəxsən Nuşirəvan Məhərrəmlinin kəskin tənqidləri adətən havada qalır. Özəl TV sahibləri adətən bütün bunları qulaq ardına vururlar. Teleefirdən demək olar, bütün peşəkarlar, sözün əsl mənasında qovulublar. Yerləri ötürülüb həvəskarlara. Misal üçün, mən həmkarım İlhamiyyə Rzayevə ilə birgə Azərbaycan tele-məkanının ən uğurlu beş-altı layihəsinə imza atsam da indi bunun nə xeyri? Televiziya bossları bütün bunlara düşməncəsinə göz yumurlar. Səbəbi aydındı - mütəxəssislərlə işləmək çətindi. Yaxşısı, münasibi həvəskar kadrlardı.
Məncə, indi bütün bu nöqsanlara son qoymağın tam zamanı gəlib çatıb. “Russian Today”, BBC, CNN, “Fox news” standartında yeni bir təbliğat kanalının açılması bir saylı vəzifəmizdi indi.
Rusiya bunu icra etdi. Uddu yaman. Uduzmadı. Növbədə indi bizik.
Söhbətimiz mücərrəd məzmun almasın deyə canlı nümunə olaraq RT telekanalını nümunə göstərirəm sizə.
Əvvəlcə onun erməni əsilli baş redaktoru Marqarita Simonyanla sizləri tanış etmək istəyirəm.
DOSYE: Marqarita Simonyan. 6 aprel 1980-ci il doğumlu Krasnodar ermənisidir. Atası köhnə soyuducu ustası olub, anası gül satıb Krasnodar bazarında. Ailə, Qoqol küçəsindəki qazsız, susuz, kanalizasiyasız bir köhnə, yarıuçuq daxmada yaşayıb bir zaman. İngilis təmayüllü xüsusi məktəbi əla qiymətlərlə bitirdikdən sonra stajer kimi ABŞ-a göndərilib. Bir ara yolunu azıb orda. İstəyib Amerikada qalsın. Arzusu alınmayıb. O vaxtdan ABŞ-a qarşı kin-küdurətinin hüdudu yoxdur.
HƏRBİ JURNALİST: Ermənilərin sevə-sevə “Marqo” adlandırdığı bu qız Rusiyaya qayıdıb təhsilini Kuban Dövlət Universitetinin jurnalistika fakültəsində davam etdirir. Görür, Çeçenistandan silsilə reportajlar hazırlamasa, heç... Rusiyada özünə iş tapmayacaq.
Cəbhə reportajları Kremldə bəyənilən bu Marqo az sonra ildırım surəti ilə karyera pilləkanının lap üst nöqtəsinə qalxır. Putin ətrafındakı “jurnalist pulu”na dəvət alıb axır 2005-ci ildə “Russian Today” kanalının direktoru vəzifəsini qazanır.
KULİNAR QIZ: Marqo həm də yazıçıdı guya. Moskvada bir-iki bioqrafik əsərini çap edib. Uşaqlıqda şerlər qələmə alıb. Barəsində ilk reportaj da məhz şairlik istedadı haqdadır. Sonradan Marqonun bu şairliyi qəfil itir. Kulinariya istedadı ilə əvəzlənir. Marqarita 2012-ci ildən “Rus pioneri” jurnalında kulinariya mövzusunu gündəmə gətirir. Aşpaz istedadı sözsüzdü. Jurnalist istedadı da deməzdim yoxdu. Var. Ancaq çox...həddən çox sifarişlidi. Təbii deyil.
AİLƏ VƏZİYYƏTİ: Kulinariya həvəsi, aşpaz istedadı bir müddət istifadəsiz qalan Marqo 2012-ci ildə öz jurnalist həyatından bezir. Qərara gəlir birtəhər öz əsl eşqinə-kulinariyaya qayıtsın. Soçidəki “Jarko!” restoranı dönür Marqaritanın ailə biznesinə. Bu doğma ünvanda axır Simonyanın bəxti də açılır bir gün. O, gizlincə başlayır ailəli Tiqran Kesoyanla - bir başqa Rusiya TV ulduzu ilə görüşməyə. Tiqran, təbii, arvadı Alena Xmelniskiyanı unudur həmin vaxt. 2013-cü ildə “azad ailə”nin ilk körpəsi dünyaya gəlir, 2014-cü ildə bir başqası.
33-CÜ QADIN: 2012-ci ildə keçirilən sorğu nəticəsində Marqarita Simonyan “Rusiyanın ən tanınmış 100 qadını” siyahısında 33-cü yerə layiq görülüb. Sorğu, “RİA Novosti”, “Oqonyok”, “Exo Moskvı” kimi samballı mass-media qurumlarının birgə layihəsidir.
SANKSİYA QURBANI: Ukrayna ərazisinə girişi qəti qadağan olunmuş 49 Rusiya jurnalistinin biri, bəlkə də elə birincisi bax bu Marqo - Marqarita Simonyandır. Barəsindəki qərarı şəxsən Petr Poraşenko imzalayıb.
***
Marqarita Simonyanın bəxt ulduzu bizdə olmadı. Hələ 25 yaşındaykən o, RT kimi bir nəhəngin rəhbər kürsüsündə əyləşdirildi. Rusiya rəhbərliyinin tam etimadını qazanaraq döndü bir saylı Putin təbliğatçısına.
Xaricdəki Rusiya təbliğatının, putinpərəstliyin uğurunu bəziləri həm də məhz bu RT telekanalı ilə əlaqəli bilərlər. Razıyam. Ancaq şəxsən mənə bu iş tapşırılsa, mən onu daha peşəkarcasına edərdim. Oxşar layihəni Azərbaycanda da yarada bilərdim. Ancaq indi bizim kimi peşəkarlar mətbuata lazım deyil. İndi hamı bax bu cür Marqoları, kulinarları axtarırlar. Hesab edirlər ki, efirdə peşəkarlar deyil, həvəskarlar at səyirtməlidir. Guya teletamaşaçı indi məhz buna köklənib.
KANALIN BÜDJƏSİ: RT kanalı RF dövlət xəzinəsindən maliyyələşdirilir. Öz ilk 100 milyon dollarını o RF ciblərindən 2012-ci ildə alıb. Kanal barədə Putinin şəxsi göstərişi mövcuddu. Bir köpəkoğlu belə cürətlənib onun maliyyəsini kəsə bilməz. Beləsinin anında ağzını yırtarlar. Bu, strateji sahədi. Kanalın maliyyə hesabatları şəffaf deyil. Qanuna zidd olaraq mətbuatda çap edilmir. Halbuki RF qanunlarına görə dövlət vəsaitini xərcləyənlər bu barədə öz hesabatlarını vaxtaşırı mətbuat səhifələrində çap etməlidirlər.
ŞİRKƏTDƏ YEYİNTİLƏR: 2014-cü ildə kanalın büdcəsi 445 milyon dollar həcmində olsa da, 2015-ci ildə 236 milyon dollar səviyyəsinə enib. Marqarita Simonyan “Büdcəmizin böyük həcmi telesiqanala xərclənir” ifadəsi, məncə, çox şübhəlidir. Yoxlansa yaxşıdı.
RT-nin MADDİ-TEZNİKİ BAZASI: 2012-ci ilin 16 dekabrında RT telekanalı RF rəhbərliyi tərəfindən yeni ultramüasir bina, üstəlik ən yeni texniki avadanlıqla təmin edilib. Çəkilişlər 6 studiyada aparılır. Üçüncü ölkə tamaşaçıları üçün nəzərdə tutulmuş çəkilişlərdə ən müasir avadanlıqdan istifadə olunmur.
VİDEO MONTAJ PROQRAMI: “Adobe Premiere Pro”.
NƏHƏNG MONİTORLAR: Şirkətdəki “videodivar”lar “Vtron Video Wall” “Christie MicroTiles” markalıdır.
VİRTUAL STUDİYALAR “Vizit” proqramı əsasında işləyir.
KİBERMÜHAFİZƏ: RT telekanalının mavi ekranı müxtəlif haker hücumlarından, DdoS təzyiqindən “Kespersiki” antivirus proqramı ilə qorunur.
REYTİNQİ: Reytinq ölçən beynəlxalq “Nielsen Media Research”in hesabatlarında deyilir: 2009-cu il noyabr ayında bu kanal praym-taym zamanı Vaşinqtonda ən çox izlənən kanal olub.
ACI NƏTİCƏ: Ölkələrin ərazisi təkcə elə coğrafi konturlar ilə məhdud deyil. Ölkələrin virtual əraziləri də olmalıdır. Rusiyanın belə virtual ərazisini gözümüzün qarşısında “Russian Today” telekanalı bir xeyli genişləndirdi. Azərbaycanın virtual ərazisi isə tam əksinə - yerli telekanalların, informasiya agentliklərinin yarıtmaz fəaliyyəti nəticəsində durmadan kiçilir, vallah.
Dərdinizin əlacı, yalnız peşəkarlardı. Ancaq neynək, bizim telekanallar həvəskarları sevir, nəinki peşəkarları. Belələri, inanın, çox böyük məmnuniyyətlə gedib Simonyanların yanında ələkçinin qıl verəni işləyər. Ancaq peşəkarların ətəyində heç vaxt öz peşəkar namazlarını qılmazlar.
HƏMİD HERİSÇİ
Musavat.com