Ordumuzun arsenalı 200 km mənzilli “Polonez” raketləri ilə genişlənəcək? - Zakir Həsənov Belarusda

9-10-2017, 14:21           
Ordumuzun arsenalı 200 km mənzilli “Polonez” raketləri ilə genişlənəcək? - Zakir Həsənov Belarusda
Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov Belarusa səfəri zamanı ötən gün bu ölkənin hərbi-sənaye kompleksinin istehsal etdiyi döyüş texnikası və hərbi təyinatlı digər məhsullarla tanış olub. Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən nazir “ordumuzun arsenalını gücləndirə bilcəcək silah və texnika ilə yaxından maraqlanıb”.

Digər təfərrüatlar barədə məlumat verilmir, lakin nazirliyin yaydığı fotolardan birində general Həsənovu Belarus ordusunun silahlanmasına yeni qəbul edilmiş “Polonez” reaktiv yaylım atəşi sisteminin yanında görmək olur. Bu həmin silah sistemidir ki, xarici hərbi ekspert çevrələrində Azərbaycanın onlara maraq göstərdiyi barədə məlumatlar əvvəldən var idi. Və böyük ehtimalla, fotodan da göründüyü kimi, Azərbaycan müdafiə nazirinin “yaxından maraqlandığı” və ordumuzun arsenalını gücləndirəcək silahlar arasında “Polonez” sistemləri də var.

Bəs “Polonez” reaktiv-yaylım atəşi sistemləri nədir? Bu silahların Azərbaycan ordusunun arsenalına daxil edilməsi onun döyüş gücünə hansı təsirləri göstərə bilərdi?

Virtualaz.org açıq mənbələrin köməyi ilə “Polonez” raket sistemləri barədə araşdırma aparıb və bu araşdırma belə qənaətə gəlməyə əsas verir ki, əgər Azərbaycan Belarusla güclü tərəfdaşlıq münasibətləri sayəsində həmin sistemləri əldə edə bilsə ordumuzun döyüş potensialı və zərbə gücü əhəmiyyətli dərəcədə artmış olacaq.

“Polonez” raket sistemlərinin işlənib hazırlanması 2013-cü ildə Belarus prezidenti Aleksandr Lukaşenkonun ölkənin hərbi-sənaye kompleksinin mütəxəssisləri qarşısında qoyduğu vəzifə əsasında başlamışdı. Lukaşenko sonralar müsahibələrindən birində dediyi kimi Rusiyadan “İsgəndər” operativ-taktiki raketlərinin nisbətən köhnə və döyüş növbətçiliyindən çıxarılmış variantlarını (“İsgəndər-E”) Belarusa verməyi xahiş etmişdi. Lakin Rusiya bu raketləri Belarusa vermədi və bu, Lukaşenkonun Kremlə qarşı incikliyini açıq bildirməsi ilə nəticələndi. Eyni zamanda Lukaşenko əmr verdi ki, Belarus hərbi-sənaye kompleksi tezliklə zərbə gücünə, mənzilinə və dəqiqliyinə görə “İsgəndər” kompleksləri ilə müqayisə oluna biləcək yeni raket sistemləri işləyib hazırlasın.

Belarusun yeni raket sistemləri işləyib hazırlaması üçün potensialı isə doğrudan da mövcud idi. “İsgəndər” raketlərinin yerləşdirildiyi mobil platformanı Minsk təkərli qoşqular zavodu istehsal edir və deməli bu, işin yarısıdır. Geriyə isə raketlərin özünü və idarəetmə sistemlərini işləyib hazırlamaq qalırdı.

Və çox keçmədən, cəmi iki il sonra Minskdə keçirilən hərbi paradda tamaşaçılar Belarusun ən yeni “Polonez” reaktiv yaylım atəşi sistemlərini gördülər. Bu, dördoxlu MZKT-7930 “Astroloq” şassisi üzərində yerləşdirilmiş 8 kontenyerdən ibarət buraxılış qurğusu idi. Hansı ki, həmin şassi Rusiyanın “İsgəndər” operativ-taktiki raketlərini daşıyır və yüksək keçicilik qabiliyyətinə, mobilliyə, saatda 70 kilometr sürətə malikdir. Bəs həmin konteynerlərdə hansı raketlər yerləşdirilmişdi və onları Belarus haradan əldə etmişdi? Bu haqda danışmadılar, amma məlumatlar sızdırıldı ki, “Polonez” sistemləri 301 mm kalibrli, 200 km mənzilli yüksək dəqiqlikli raketlərlə təchiz olunub.

Nəhayət 2016-cı ilin iyununda Belarus ordusu “Polonez” sistemlərinin ilk sınağını keçirdi. Televiziya ilə nümayiş etdirilən və tarixi hadisə kimi təqdim olunan sınaqlar zamanı “Polonez”lərdən buraxılan raketlər 200 kilometr məsafədəki hədəfləri yüksək dəqiqliklə vurdu. Raketlərin hədəfdən yayınması hətta 1 metrdən də az idi. Və sınaqlar uğurlu elan edildi, prezident Lukaşenko sınaqların “demək olar ki, ideal keçdiyini” bəyan edərək raket sisteminin işlənib hazırlanmasını həyata keçirənlərin dövlət mükafatlarına təqdim edilməsini tapşırdı.

Belarusda 200 km diametrli hərbi poliqonlar olmadığından raketi yaşayış məntəqələrinin üzərindən sınaqdan keçirməli olmuşdular və bu, riskli addım idi. Lakin “Polonez”dən buraxılan raketlər 40 km yüksəkliyə qalxaraq hədəfə doğru problemsiz şığıdı və onları yüksək dəqiqliklə vurdu. Və bir diviziyon “Polonez” reaktiv yaylım atəşi sistemləri Belarus ordusunun raket birləşmələrinin silahlanmasına daxil edildi.

Qeyd olunduğu kimi “Polonez” sistemlərinin hansı raketlərlə təchiz edildiyi haqda məlumat verilmir, lakin bəzi məlumatlara görə bunlar Çinin China Academy of Launch Vehicle Technology (CALT) şirkətinin istehsalı olan A200 raketləridir. (Hərçənd prezident Lukaşenko bəyan edib ki, “Polonez” sistemi tamamilə Belarus mütəxəssislərinin əməyinin məhsuludur.)

Bu raketlərin uzunluğu 7.65 metrdir, üç növ döyüş başlığı ilə təchiz edilə bilər, start kütləsi 750 kq-dır. İstehsalçı şirkət raketin idarə edilməsinin peyk naviqasiya sistemi və ya inersiya ilə həyata keçirildiyini, hədəfdən dairəvi yayınmanın 50 metrdən çox olmadığını bildirir. A200 50 -200 km məsafədə hədəfləri vura bilər. “Polonez” sistemlərinin Çin raketi ilə təchiz edildiyi həm də ona görə ağlabatan hesab edilir ki, 2015-ci ildə bu sistemlərin ilk sınağı Çində keçirilmişdi.Belarus hərbçiləri sistemin ilk sınaqları zamanı bildiriblər ki, bir raket təxminən 240 kvadratmetr sahəni “örtür”, nəzərə alanda ki, “Polonez” 8 belə raketlə təchiz edilib, o zaman sistemin atəş gücü barədə təsəvvür yaranır.

Sistemin daha bir özəlliyi budur ki, 8 ayrı hədəfə cəmi 50 saniyə ərzində zərbə endirə bilər. Başqa sözlə, “Polonez” döyüş əməliyyatları zamanı həm düşmənin əsas cəmləşmə rayonlarına, iri hərbi infrastrukturuna, döyüş texnikasına kütləvi zərbələr endirməyə imkan verən reaktiv yaylım atəşi sistemidir, eyni zamanda kiçik hədəflərə dəqiq zərbələr endirə bilən silahdır. Raketlər “at və unut” prinsipi ilə uçur, yəni start düyməsini basdıqdan sonra raket müəyyən edilmiş hədəfi özü tapıb vurur. Bu da “Polonez”in həm də operativ-taktiki xüsusiyyətlər daşıdığını göstərir. Sistemin atəşə hazırlığı 10 dəqiqə çəkir, “Polonez”in konteynerlərinin raketlərə təzədən doldurulması isə 20 dəqiqə vaxt aparır. Bunun üçün sistemin şassisi üzərində xüsusi kran quraşdırılıb.

Beləliklə, “Polonez” doğrudan da Belarus hərbi sənayesinin tarixi nailiyyətidir. Çünki ölkə müstəqillik əldə etdikdən bu yana ilk dəfədir belə müasir, yüksək dəqiqlikli və uzaqmənzilli silah sistemi işləyib hazırlayır. Və Azərbaycanın “Polonez”lərə maraq göstərdiyi haqda məlumatlar hələ bu silahın işlənib hazırlanma mərhələsində yayılırdı. Hətta belə təxminlər var ki, məsələ Belarus prezidenti Aleksandr Lukaşenkonun Bakıya 2016-cı ildə etdiyi səfərdə müzakirə olunub.

Belarus hərbi eksperti Aleksandr Alesin “Rosbalt”a demişdi ki, Azərbaycan “Polonez” sistemlərini əldə etməkdə maraqlıdır, çünki Ermənistan Rusiyadan “İsgəndər”lər alıb. Lakin ekspert təxmin edirdi ki, Lukaşenko bu silahları Azərbaycana satmağı Kremllə razılaşdıracaq.

Azərbaycan prezidenti İlham Əliyev isə 2016-cı ildə Bakıda keçirilən ADEX-2016 hərbi-sənaye sərgisində Belarus milli stendinə də baxıb. Orada Belarus “Qoskomvoenprom”unun (Dövlət Hərbi Sənaye Komitəsi) rəhbəri Sergey Qurulyev Azərbaycan prezidentini “Belspesvneştexnika” müəssisəsinin istehsal etdiyi silah-texnika nümunələri ilə tanış edib. Bu nümunələrin arasında “Polonez”in maketi də yer alırdı. İlham Əliyev həmin raket sistemi ilə yaxından maraqlanıb, prezidentə silahın imkanları barədə məlumat verilib.

Hazırda Azərbaycanın Belarusdan “Polonez”lər almaq üçün danışıqlar aparıb-aparmadığı məlum deyil. Lakin burası məlumdur ki, Azərbaycan həmin silahlarla yaxından maraqlanır və onların əldə edilməsi ordumuzun döyüş potensialını əhəmiyyətli ölçülərdə gücləndirərdi. Çünki söhbət 200 km mənzilli və böyük dağıdıcı gücə malik yüksək dəqiqlikli silahlardan gedir.

Nəzərə alanda ki, Azərbaycan ordusunun arsenalında 90 km mənzilli, 300 mm kalibrli raketlər daşıyan “Smerç” reaktiv yaylım atəşi sistemləri, Türkiyə istehsalı olan 300 mm kalibrli, 150 km mənzilli “Kasırga” sistemləri, habelə İsrail istehsalı olan 150 km mənzilli “Linx” raket sistemləri də (daha az mənzilli reaktiv sistemlər isə ayrı məsələdir) yer alır, o zaman “Polonez”lərin bura əlavə edilməsinin hansı sarsıdıcı atəş gücü demək olduğunu izah etmək artıqdır...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.