Elmar Məmmədyarov: Avropa İttifaqı ilə danışıqlar uğurla davam edir
10-10-2017, 12:40
Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqı baş katibinin müavini, Avropa Xarici Fəaliyyət Xidmətinin siyasi direktoru Jan-Kristof Belliardın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-dən teref.az-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı, strateji tərəfdaşlığa dair Saziş layihəsi üzrə danışıqların gedişi ətrafında fikir mübadiləsi aparılıb.
Elmar Məmmədyarov yeni sazişin siyasi, iqtisadi, ticarət, nəqliyyat, enerji, humanitar və digər sahələri əhatə etdiyini, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin hərtərəfli inkişafı üçün mühüm çərçivə yaratdığını qeyd edib. Tərəflər Aİ və Azərbaycan arasında açıq səma sazişi üzrə danışıqların da uğurla davam etdiyini bildiriblər.
Jan-Kristof Belliard Azərbaycanda mövcud olan stabilliyi və iqtisadi sahədə aparılan islahatları, o cümlədən ASAN xidmətin fəaliyyətini təqdir edib.
Görüşdə Aİ Siyasi və Təhlükəsizlik Komitəsinin və Komitə yanında akkreditasiya olunan Aİ üzv ölkələrinin səfirlərinin Azərbaycana səfəri, sözügedən nümayəndə heyətinin Azərbaycan dövlət başçısı tərəfindən qəbulu və aparılmış səmimi və geniş müzakirələrə toxunulub, bu səfərin Aİ və Azərbaycan arasında dialoqun inkişafına mühüm töhfə verdiyi bildirilib.
Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə məlumat verərək, münaqişənin tezliklə həlli və qəbuledilməz olan status-kvonun dəyişdirilməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu bildirib.
Görüşdə beynəlxalq gündəlikdə duran aktual məsələlər, Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə qarşıdan gələn Zirvə toplantısı barəsində fikir mübadiləsi aparılıb.