Əli İnsanov yenidən məhkəmə qarşısına çıxarılacaq
11-10-2017, 09:36
“Kanal 13” rəhbərinin məhkəməsi oldu; Lamiyə Orucova: “Məhkəmə, hələ ki, pis keçmir”
Oktyabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Kanal 13" İnternet Televiziyasının rəhbəri Əziz Orucovun növbəti məhkəmə prosesi keçirilib. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən iclasda ”Kanal 13" rəhbərinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin olunmayıb.
Məhkəmədə şahid qismində dindirilən Ə.Orucovun həyat yoldaşı Lamiyə Orucova “Yeni Müsavat”a proses barədə bunları dedi: “Məhkəmə normal keçdi. Baxmayaraq ki, vəsatətlərimiz təmin olunmadı. Vəkillər Əziz müəllimin ev dustaqlığı və ya girov müqabilində azadlığa buraxılması ilə bağlı vəsatətlər qaldırsalar da, məhkəmə vəsatətləri təmin etmədi. Prosesdə Əziz müəllimin anası Almaz Həsənova və mən şahid qismində dindirildim. Əsas suallar kanalın gəlir mənbəyinin haradan olması və Əziz Orucovun Qafqaz Media Tədqiqatlar Mərkəzinə rəhbərlik edib-etməməsi barədə oldu. Bildiyiniz kimi, mərkəzə Anar Orucov (Əziz Orucovun qardaşı) rəhbərlik edir. ”Kanal 13"ə rəhbərliyi isə 2014-cü ildən Əziz Orucov öz öhdəsinə götürüb. Əziz müəllimin özü də məhkəmədə iştirak edirdi. Ümumi durum normal idi. Bir az böyrəklərində problemlər var. Amma vəziyyəti qənaətbəxş demək olar. Açığı məhkəmə, hələ ki, pis keçmir. Adətən görmüşük ki, prokuror ittihamla çıxış edəndə hakim onun tərəfini tutur. Amma bizim işdə bir balaca qəribəlik oldu. Hakim müdafiə tərəfinin sözlərini bəzən təsdiqləyirdi. Bu haradasa insanı ruhlandırır, nəyəsə ümid etdirir. Hər bir məhkəmə qarşısına çıxan məhbusun ümidləri olur. Bu məhkəmədə Əziz Orucova elə də söz verilmədi. Sadəcə, hakimlərdən və vəkillərdən narazılığının olub-olmaması soruşuldu. İşdə 14-15 şahid yazılıb. Hər məhkəmədə iki şahid dindirilsə, yəqin ki, proses bir qədər uzanacaq".
Sabiq səhiyyə naziri Əli İnsanovun Ali Məhkəmədəki məhkəmə prosesinin vaxtı məlum olub. Keçmiş nazir noyabrın 14-də məhkəmə önünə çıxarılacaq. Bu barədə qəzetimizə onun vəkili Toğrul Babayev məlumat verdi.
REAL sədri İlqar Məmmədovun ümumi durumu normaldır. Vicdan məhbusunun həyat yoldaşı Vəfa Məmmədova onun son durumu ilə bağlı bunları dedi: “Sonuncu dəfə ötən həftə danışdıq. Hər şey yaxşıdır. Elə bir dəyişiklik yoxdur. Bu həftə görüşə getməyi planlaşdırıram. Saxlanıldığı cəzaçəkmə müəssisəsində də ümumi vəziyyət qənaətbəxşdir”.
Jurnalist Seymur Həzinin atası Məşgül Həziyev sonuncu dəfə ötən həftənin şənbə günü oğlunun telefonla əlaqə saxladığını bildirdi: “Həbsxanada vəziyyəti yaxşıdır. Hələ ki, oğlumun azadlığa buraxılmasını gözləmirəm, baxmayaraq ki, cəzasının böyük hissəsini çəkib. Qanun olsaydı həbs edilməzdi. Bunun üçün azadlığa buraxılmasını gözləmək yersiz olardı”.
4 ay öncə 7 il azadlıqdan məhrum edilən “Jam.az” saytının baş redaktoru Fikrət Fərəməzoğlu 2 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Onun həyat yoldaşı Faiqə Nüsrəti sayt redaktorunun hələ karantində saxlanıldığını bildirdi: “Hələ ki, Fikrət bəylə əlaqə saxlaya bilmirik. Çünki karantin müddəti bitməyib. Apelyasiya Məhkəməsi ilk qərarı qüvvədə saxladı. Ali Məhkəməyə müraciət edəcəyik”.