Hacı Məmmədov haqda yeni məlumatlar
11-10-2017, 10:25
Daxili İşlər Nazirliyinin keçmiş polkovniki, çoxsaylı sifarişli qətllər, adam oğurluqları, quldurluq kimi cinayətlər törətmiş dəstənin başçısı Hacı Məmmədovdan uzun zamandır ki, xəbər yoxdur, harada saxlandığı bilinmir. Onun son olaraq saxlanıldığı yer isə Penitensiar Xidmətin əsasən vərəm xəstəliyinə yoluxmuş məhbuslar üçün nəzərdə tutulan 3 saylı cəzaçəkmə müəssisəsi idi. Hacı Məmmədov oraya 11 ildən çox saxlanıldığı indiki Dövlət Təhlükəsizlik Xidmətinin (keçmiş MTN) istintaq təcridxanasından köçürülüb.
Məlumdur ki, ötən 11 il ərzində beynəlxalq təşkilatlar, yerli hüquq müdafiəçiləri, vəkillər Hacı Məmmədovun MTN təcridxanasında saxlanılmasının qanunazidd olduğunu bəyan edib, onun ömürlük həbsə məhkum olunmuş şəxs kimi Qobustan həbsxanasına köçürülməsini tələb ediblər. Eldar Mahmudov isə nazir olduğu illər ərzində Hacı Məmmədovun MTN təcridxanasından köçürülməsinə imkan vermirdi.
E.Mahmudovun vəzifədən azad edilməsi və MTN-də başlanan yoxlamalar Hacı Məmmədovun da köçürülməsinə şərait yaratdı. Hacı Məmmədov vəkili vasitəsilə bəyan etdi ki, 11 il ərzində Eldar Mahmudovun təzyiqi altında saxlanılıb, bir sıra şəxslərin əleyhinə yalan ifadələr verməyə məcbur edilib. O, Ali Məhkəməyə müraciət edərək işi üzrə yeni araşdırmaların aparılmasını tələb edirdi. Ali Məhkəmə onun bu istəyini qəbul etmədi.
“Yeni Müsavat”a danışan vəkil Əsabəli Mustafayev bildirib ki, H. Məmmədovun 11 il MTN-də saxlanılması ciddi qanun pozuntusudur: “Burada bəzi cinayət əməlinin tərkibi görünür. Xüsusən də onlardan ən sadəsi səlahiyyət həddini aşmadır. İstənilən halda hökmdən sonra cəza cəzaçəkmə müəssisəsində çəkilməlidir. Ora göndərilməməsi isə özbaşınalıq sayəsində baş verib. Güman edirəm ki, əgər Hacı Məmmədov məhkəməyə müraciət edərsə, həm hüququnu bərpa edə bilər, həm də bununla bağlı, yəqin ki, müxtəlif təzyiqlərə məruz qalmasınına görə kompensasiya da tələb edə bilər. Sadəcə olaraq, bununla bağlı araşdırma aparılacaq, ya yox, artıq bu, başqa məsələdir”.
Onu da qeyd edək ki, H. Məmmədovun saxlanıldığı bildirilən 3 saylı cəzaçəkmə müəssisəsi (“tubzon”) həm də işgəncə məkanı kimi də ad çıxarıb. Məmmədovun isə heç zaman vərəm olması barədə məlumatlar yayılmayıb. Bəs belə olan halda onu “tubzon”a işgəncə vermək üçünmü köçürüblər?
Vəkil Əsabəli Mustafayev bildirib ki, 3 saylı cəzaçəkmə müəssisəsi ilə bağlı onda konkret məlumat yoxdur: “Sadəcə, ictimaiyyətdə bu kimi fikirlər gəzir ki, orada işgəncə verilir və sairə. Mən hüquqşünas olduğum üçün təsdiqlənməmiş, əmin olmadığım bir şey haqqında fikir yürütməyə çətinlik çəkirəm. Aydındır ki, belə xəstəliyə düçar olmuş insanlar digərlərindən təcrid şəklində saxlanılmalıdırlar. Çünki xəstəlik keçicidir. Ancaq orada işgəncə verilməsi faktı ilə bağlı birbaşa olaraq mənim özümə müraciət olmayıb. Ona görə də bu barədə məlumatsızam”.
Hazırda Hacı Məmmədovun 3 saylı cəzaçəkmə müəssisəsində saxlanıldığı və ya başqa yerə aparılması ilə bağlı heç bir məlumat yoxdur. Onun özü də artıq vəkili vasitəsilə müraciət etmir.
Xatırladaq ki, Hacı Məmmədovun dəstəsi Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyevin həyat yoldaşını oğurladıqdan sonra 2005-ci ilin martında həbs olunub. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə adam oğurluğu və bir sıra qətllərdə təqsirləndirilən Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və digər 26 nəfər barədə hökmü 2007-ci il yanvarın 19-da çıxarıb.
Məhkəmənin qərarına əsasən, Hacı Məmmədov, onun keçmiş şöbə müdiri Kamil Sədrəddinov, nazirliyin Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov və digər 7 nəfər ömürlük həbs cəzasına məhkum ediliblər. Hacı Məmmədov istisna olmaqla, digərləri Qobustandakı qapalı həbsxanaya köçürülüb.