Rusiya mundialında komandasız qaldıq: İrana azarkeşlik edəkmi?

11-10-2017, 12:25           
Rusiya mundialında komandasız qaldıq: İrana azarkeşlik edəkmi?
“Rusiya-2018"ə Azərbaycan milli komandası vəsiqə qazana bilmədi, Türkiyə də mundialdan kənarda qaldı, azərbaycanlıların son ümid yeri Ukrayna da çempionata düşmək istəmədi...

2018-ci il futbol üzrə dünya çempionatı ilk dəfə olaraq Azərbaycanın bir addımlığında keçiriləcək. Dünya çempionatında iştirak edəcək 17 milli komandanın adı bəlli olub. İslandiya, Serbiya, Belçika, Almaniya, İngiltərə, İspaniya, Polşa, Braziliya, Meksika, Kosta-Rika, İran, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Misir və Nigeriya dünya çempionatında oynamaq hüququ qazanıb.

Rusiya ev sahibi kimi seçmə mərhələdə iştirak etməyib. Yəqin nə vaxtsa Azərbaycanın da belə bir şansı yaranar ki, komandamız dünya çempionatına “qızıl zənbillə” düşsün. Rusiya milli komandasının oyunlarına baxın, bu komanda belə top qovmaqla istənilən qrupda ən yaxşı halda üçüncü yer tuta bilərdi, indi isə təşkilatçı ölkə olduğu üçün seçmə mərhələdə iştirak etmədi, böyük ehtimalla ev sahibi olsa da, qrupdan çətin ki, çıxa...

***

Rusiyadakı çempionata Azərbaycan mili komandası vəsiqə qazana bilmədi, bunun ardınca Türkiyə də mundialdan kənarda qaldı, nəhayət, azərbaycanlıların son ümid yeri kimi azarkeşlik etdiyi Ukrayna da bu çempionata düşmək şansını itirdi...Qalır azarkeşlik edə biləcəyimiz bir komanda. Onu sonda yada salarıq...

Ukraynanın Rusiya mundialında iştirak etmək şansı çox idi, amma son turda Xorvatiyaya öz meydanında uduzdu. Məni qınamayın, bu məğlubiyyətin siyasi səbəbləri olduğunu düşünürəm, Ukrayna Rusiyaya sanki özü getmək istəmədi, ya da son oyunda belə bir qərar verildi. Ukrayna Rusiya ilə müharibə vəziyyətindədir, hələ gələn yaya kimi nə olacaq bir Allah bilir...

Ya vəlvələdə, ya zəlzələdən belə miqyaslı turnirdə azarkeşlik etməyə komandamız yoxdur (Rusiyadan başqa keçmiş sovet respublikalarından kimsə mundialda yoxdur).

Onu da etiraf etmək lazımdır ki, Türkiyə oynayanda çempionatın “qazı” artır, amma “dadı” qaçır. Yaxşı oyuna və komandaya deyil, məcbur olub pis oynasa belə, tərəfinin tutduğun komandaya azarkeşlik edirsən. Dünya və Avropa çempionatlarında Türkiyənin iştirakı Azərbaycanın bu turnirə marağını artırırdı. Hətta evdə xanımlar da oturub Türkiyənin nə vaxt oynayacağını gözləyirdilər. Türkiyənin qələbələrinin Bakı küçələrində qeyd edilməsi indi nostalji olsa da, belə günlər vardı. Belə çempionatda canın da gedir, vaxtın da. İndi heç bir emosiyasız rahat çempionata baxmaq olar...Zatən Şimal Rusiyasında çempionatın necə olacağı haqda hələ heç bir təsəvvür yoxdur.

***

Milli komanda Azərbaycan azarkeşlərinin qrupda ikinci yer tutub pley-off mərhələsinə adlamaq ümidlərini tez dəfn etdi və ardıcıl məğlubiyyətlər komandanı yenə qrupda 5-ci yerə məhkum etdi. Milli komandada irəliləyiş olduğunu deyənlərlə razılaşmamaq mümkün deyil, amma bu inkişaf stabil deyil, ziqzaqvaridir, emosionaldır.

Allah tərəfi, Almaniya ilə son oyunda millilərimiz yaxşı oynadı. Löv əsasən ikinci heyəti meydanı buraxsa da, Azərbaycan millisi güclü rəqibə müqavimət göstərə bildi. Hesab 1:1 olunca isə almanlar hirsləndi və ikinci hissədə 4 cavabsız top vurdular. Heç nədən qollar...

***

Robert Prosineçkinin Azərbaycan yığması ilə müqaviləsi ilin sonunda başa çatır. Artıq belə xəbərlər var ki, Sloveniya Prosineçkini baş məşqçi gətirmək barədə düşünür. Amma... Azərbaycan millisində nə qədər para aldığı bilinməyən Prosineçkiyə Sloveniya Futbol İttifaqının illik 800 min avro verməyə imkanı yoxmuş. Futbol İttifaqının prezidenti Rade Miyatoviç jurnalistlərin bu barədə sualını cavablandırankən bu məbləği vermək imkanına malik olmadıqlarını deyib: “Mən Prosineçkinin 800 min avro istədiyini bilmirəm. Amma biz bu pulu verə bilmərik. Çünki maliyyə durumumuz yaxşı deyil”. (“Qafqazinfo”).

Prosineçki gedərsə, başqa bir “çeski” gələr yəqin. Gələnlər Azərbaycan milli komandasına heç nə gətirmirlər, amma burdan babat var-dövlət aparırlar. Adama təsir edən budur. “Azərbaycan mili komandası ilk dəfə qrupda 10 xal toplayıb”. Fəxr edəcəyimiz fakta bax! Bəs, bu illər ərzində bu yığma komandaya rəhbərlik edənlər nə qədər qazanıb e, bunu bir deyib-danışan varmı? Kiminsə qazancına qarışacağımız yox, amma Azərbaycandan qazancın əvəzinə nə veriblər, bunu soruşa bilərik. Cavab verməsələr belə, bu bizim haqqımız. Türkiyənin idman şərhçiləri Mirça Luçeskonun 3 oyuna görə dərisini soyur, hesabat tələb edirlər, federasiyanın bu pulları niyə ona verdikləri soruşurlar.

Azərbaycanda isə pul işləri intim məsələdir az qala, soruşması ayıb yəni...Oyundakı buraxılan qolların ayıbını isə yada salan yox. Bəlkə də Prosineçkini çox qınamağın yeri yoxdur. Azərbaycan mili çempionatının oyunları boş stadionlarda keçir. Çempionatın səviyyəsi aşağıdır, milli komanda üçün futbolçu isə bu meydanlarda yetişir. Yəni bu meydanlarda Aqil Abbasın məşhur “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” fikrini improvizə etsək, belə meydanlarda Messi çətin ki, yarana. “Xammal” olmayandan sonra milli komanda yaratmaq çətindir. Biz əvvəl “xammal” yaratmalı, sonra onu düzgün istiqamətləndirməliyik. Sonrası Allah kərimdir...

Image result for Karluş Keyroş

Necə olur ki, bəyənmədiyimiz İran dünya çempionatında iştirak edə bilir, amma biz hələ bir dəfə bu tarixə şahidlik edə bilməmişik. Yeri gəlmişkən, 2011-ci ildən milli komandanın baş məşqçisi portuqaliyalı Karluş Keyroşdur. O, xaricdə oynayan İran kökənli futbolçuları komandaya cəlb edə bilib ki, bu da milliyə uğur gətirib. Bizim bəzi “kökənlilər” isə Azərbaycan millisində oynamaqdan imtina edir...

İndi bir dəli şeytan deyir ki, Rusiyada İran milli komandasına azarkeşlik edək. Dinimiz bir, futbolçuların da əksəriyyəti azərbaycanlı...
musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.