Ölkəmizə İŞİD təhlükəsi: terrorçu qruplaşmanın hədəfi nədir?

13-10-2017, 09:57           
Ölkəmizə İŞİD təhlükəsi: terrorçu qruplaşmanın hədəfi nədir?
İlham İsmayıl: “İŞİD-in bütün müsəlman ölkələrinə təlimatları eynilə Fərid Sadıqovun söylədikləri kimidir”

İŞİD terror qruplaşması artıq demək olar ki, Yaxın Şərqdən sıxışdırılıb çıxarılır. Məlumatlara görə, qruplaşmaya qoşulmaq istəyən yeni üzvlərin sayının azalması ilə bərabər İraq və Suriyada döyüşən digər İŞİD-çilər də başqa ərazilərə qaçmağa başlayıblar. Ekspertlər bildirirlər ki, bu, İŞİD təhlükəsinin yeni məcrada inkişafı deməkdir.

Ötən həftə Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq və digər cinayətlərdə ittiham olunan Fərid Sadıqovun cinayət işi üzrə yekunlaşan məhkəmədə söylənilənlər Azərbaycanın da İŞİD təhlükəsi altında olduğunu deməyə əsas verir.

İstintaq sənədlərində göstərilir ki, İŞİD-in Azərbaycan uzantıları, burada böyük, mərhələli terror planları qurublar. Onların hədəfində ali məktəblər, lombardlar, mağazalar, hüquq-mühafizə orqanlarının, nazirliklərin inzibati binaları eləcə də strateji əhəmiyyətli digər obyektlər olub.

Onu da xatırladaq ki, 30 aprel 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında terror baş vermişdi. Hadisə nəticəsində 1 nəfər terrorçu universitetin binasına daxil olaraq, 8 nəfəri öldürmüşdü. Nəzərə alaq ki, indi də ölkədəki əksər universitetlərin mühafizə qrupu yoxdur. Belə olan təqdirdə şübhəsiz ki, İŞİD-çilərin planlı hücumu baş verərdisə, universitetlərdə xeyli sayda insan terrorun qurbanı olacaqdı...

“Yeni Müsavat”a danışan təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bildirib ki, əslində İŞİD-in Azərbaycandakı hədəfində yenilik yoxdur:

“İslam ölkələrində İŞİD hər zaman özünü göstərmək istəyib. Onların ideologiyaları budur ki, şəriət dövləti qursunlar və yalnız öz sələfi ideyalarını həyata keçirsinlər. Yəni Azərbaycan İŞİD üçün bir nömrəli hədəf deyil. Sadəcə olaraq, onlar bütün müsəlman ölkələrini qeyd etdiyim mənada hədəf götürürlər. Avropanı isə islamlaşdıra bilməsələr də oradan qısas almaq niyyətləri var. Avropanın siyasətinə də təzyiq etmək istəyirlər. Fərid Sadıqovun danışığına gəlincə, burada yeni heç nə yoxdur. Çünki İŞİD-in bütün təlimatları bu istiqamətdədir. Onlar hər bir ölkədəki tərəfdarlarına təlimat verən zaman söyləyirlər ki, özünüzü hansısa formada göstərməlisiniz. Hətta Las-Veqasda baş verən gülləbaranın İŞİD-ə aidiyyəti olmasa da, öz üzərlərinə çəkdilər. Məqsəd də varlıqlarını sərgiləməkdir. Fərid də məhkəmədə bildirib ki, insanların kütləvi toplaşdığı yerlərdə terror törətmək istəyiblər. Hətta buna imkan yoxdursa, təlimatlarından biri də budur ki, əlinə bıçaq al, iki-üç nəfəri yarala. Necə ki, Fransadakı son terror hadisəsində məhz bu cür etdilər. Avtomobillə kütlənin üzərinə getmək də ona görə dəbə düşdü ki, silah keçirmək, partlayıcı maddə hazırlamaq çətin məsələdir. Situasiya elə yaranıb ki, əməliyyat aparılan zaman Fəridin yoldaşları ölüb. Hesab edirəm ki, sağ qalan Fərid Sadıqov informasiyanın tam mərkəzində deyil. Söylədikləri, onun, sadəcə olaraq, kənardan-kənara eşitdikləridir. Digərləri ölməsəydi, daha geniş şəbəkəyə çıxmaq mümkün olardı. Ancaq əməliyyat şəraitinə uyğun olaraq təhlükəsizlik orqanları müqavimət göstərən terrorçuları öldürməyə məcbur qalıblar”.

Fərid Sadıqovun sözlərindən aydın olub ki, zərərsizləşdirilən terrorçular öz çirkin niyyətlərini həyata keçirdikdən sonra Qusar meşələrinə çəkiləcəkdilər. Məlumdur ki, bir neçə il öncə terrorçu sadvalçıların da sığınacağı məhz Qusar meşələri olub. Ekspert İ. İsmayıl söyləyib ki, bu məsələnin kökü qədimə bağlanır:

“Uzun müddət Çeçenistanda milli azadlıq hərəkatı uğrunda mübarizə aparanlar Şimali Qafqazda meşələrdə olublar. Bu, onların taktikalarından biridir ki, ən çətin dövrlərdə meşələrdə gizlənmək, izi azdırmaq üçün sərfəlidir. Ona görə də bu kimi təlimatların da kökü ora bağlanır. Bəhs etdiyimiz məsələdə isə ”Sadval" izi yoxdur. “Sadval”ı Rusiya idarə edirdi, indi də şimal qonşumuzun bizə tətbiq edə biləcəyi təzyiq üsulları kifayət qədərdir. Ancaq bir məsələ də var ki, Rusiyanın hazırda Azərbaycan hakimiyyəti ilə münasibətləri kifayət qədər yüksək səviyyədədir. Belə olarsa təzyiqi kimə etsin? Yeri gələndə dövlətə təzyiq etmək üçün tamam başqa riçaqlardan istifadə edə bilərlər".

DTX sədri Mədət Quliyevin açıqlamalarından aydın olur ki, Azərbaycandan 900 vətəndaş İŞİD terror təşkilatına qoşulub. Onlardan 85 nəfəri hazırda həbsdədir, 195 nəfər isə vətəndaşlıqdan çıxarılıb. İlham İsmayıl bildirib ki, azadlıqda olanların Azərbaycana qayıtması çox böyük problemdir:

“Bizim Suriya və İraqla birbaşa sərhədimiz yoxdur. Onlar mütləq tranzit ölkədən istifadə etməlidirlər. Ya Türkiyədən, ya İrandan qaçaqyolçuluqla keçə bilərlər. Məsələ 3 il öncəki kimi deyil. Artıq sərhədi keçən hər bir şəxs nəzarətdədir və mütləq dövlətlər arasında informasiya mübadiləsi olur. Ola bilər ki, Azərbaycana ərləri ölən İŞİD-çilərin qadınları qayıtsınlar. Terrorçuların özləri isə tamamilə mümkündür ki, gizli yollarla Rusiya vasitəsilə ölkəyə keçmək istəsinlər. Təbii ki, bu zaman da Rusiya Azərbaycana məlumat verəcək. Ona görə də qeyd edə bilərik ki, terrorçular üçün çənbər daralır. Çox güman ki, Raqqa məsələsi həll olanda sərhədi keçmə halları çoxalacaq. Azərbaycanda İŞİD-ə qarşı əməliyyat şəraiti nəzarətdədir. Ancaq bir müddət sonra İŞİD üzvlərinin səpələnməsi prosesi başlayacaq. Həmin zaman da çox güman ki, onlar ərəb ölkələrinin daxilində yayılacaqlar. Çünki bura gəlməyin təhlükəsini bilirlər. Tək-tək Azərbaycana gəlmək istəsələr də onlar zərərsizləşdiriləcəklər. Çünki hesab edirəm ki, bizim xüsusi xidmət orqanları bu məsələni kifayət qədər nəzarətdə saxlaya bilir. Onun nəticəsidir ki, Fərid və dostlarının planları baş tutmadı. Əsas da budur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.