Dini fəaliyyətlər Dövlət Komitəsinin əlində cəmləşir-yeni gəlişmə
13-10-2017, 10:04
Azərbaycanda dini sahədə ciddi addım; dini fəaliyyətlər Dövlət Komitəsinin əlində cəmləşir
Xəbər verdiyimiz kimi, oktyabrın 10-da Azərbaycan prezidenti Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması ilə bağlı fərman imzalayıb. Fərmana əsasən fond Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərəcək. Fondun əsas məqsədi ölkədə mövcud dini konfessiyaları dəstəkləmək, mənəvi dəyərlərin qorunmasını və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək olacaq.
Fərmanda qeyd olunur ki, fond mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyi göstərən qeyri-kommersiya hüquqi şəxsdir. Fondun saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayrılan vəsait, habelə kreditlər, qrantlar və texniki yardımlar, fiziki və hüquqi şəxslərin ianələri və qanunauyğun əldə etdiyi digər vəsaitlər hesabına həyata keçirilir.
Nizamnamə kapitalı 100 min manat olan və dövlət büdcəsi hesabına formalaşan qurumun fəaliyyətinə ümumi nəzarəti 5 üzvdən ibarət Himayəçilik Şurası, fəaliyyətinə cari rəhbərliyi isə icraçı direktor həyata keçirəcək. Bundan başqa, fonda bina ayrılacaq və fəaliyyəti üçün texniki imkanlar yaradılacaq.
Maraqlıdır ki, bu fərmandan bir gün sonra Dini Komitə yanında İctimai Şuranın üzvlüyünə namizədlərin irəli sürülməsinin vaxtı elan edilib. Bununla bağlı yayılmış məlumatda qeyd olunur ki, DQİDK-nın fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, Komitənin fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə Dövlət Komitəsi yanında İctimai Şuranın yaradılması prosesinə başlanılıb.
Belə ki, Dövlət Komitəsi sədrinin 207 nömrəli, 05.10.2017-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə Seçki Komissiyası yaradılıb. Seçki Komissiyası tərəfindən İctimai Şuranın üzvlərinin say həddi və İctimai Şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatı üçün nəzərdə tutulan müddət müəyyən edilib.
Qeyd edək ki, hər iki qərar - həm Mənəvi Dəyərlərin Təbliği Fondu, həm də DQİDK sədri yanında İctimai Şuranın yaradılması dövlətin dini sahədə yeni fəaliyyət planının olmasını təsdiqləyir. Bir qədər əvvəl bu barədə yazmışdıq: hökumət dini sahədə fəaliyyətləri böyük ölçüdə öz nəzarətinə alır. DQİDK tabeliyində fəaliyyət göstərəcək yeni fond fərmanda da qeyd olunduğu kimi, Azərbaycanda dini konfessiyaları dəstəkləmək, mənəvi dəyərlərin qorunmasını və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin edəcək və vətəndaşların dini etiqad azadlığını həyata keçirməsini dəstəkləyəcək. Bununla da daha əvvəl da qeyd elədiyimiz kimi, faktiki olaraq dövlət qurumu dini maarifçilik, təbliğat işlərini öhdəsinə götürmüş olur. Bu, həm də müvafiq dövlət qurumunun səlahiyyətlərinin genişləndirilməsidir. Hazırda faktiki olaraq Dövlət Komitəsi dini fəaliyyətlərin böyük əksəriyyətinə nəzarət edir.
Sonuncu iki qərardan sonra artıq DQİDK tabeliyində dini təbliğat və maarifçilik fəaliyyəti görən fond, həmçinin İctimai Şura mövcud olacaq. Yeri gəlmişkən, DQİDK sədri yanında Ekspertlər Şurası adlanan qurum ilk dəfə 2005-ci ildə yaradılıb. O zaman Dövlət Komitəsinə rəhbərlik edən professor Rafiq Əliyev ölkədə tanınmış din ekspertləri və ilahiyyatçıları cəlb etməklə bir şura formalaşdırmışdı. Ancaq ondan sonra bu qurum fəaliyyət göstərmədi. Bir neçə il əvvəl hazırkı Dini Komitə sədrinin yanında ekspertlərin toplantısı keçirilib və ekspertlər qurumunun yaradılması haqda məlumatlar yayılıb. İndi isə artıq bu iki qurum rəsmiləşir.
Yeri gəlmişkən, bu daha çox Türkiyə nümunəsinə bənzəyir. Türkiyədə Diyanət İşlər Başkanlığının yanında məhz dini maarifçilik, təbliğat, eləcə də məscidlərin inşası, dini tədbirlərin keçirilməsini təşkil edən Diyanət Vəqfi fəaliyyət göstərir. İndi isə eyni funksiyanı həyata keçirən analoji qurum Azərbaycanda mövcud olacaq. Bu isə faktiki olaraq Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətlərinin əlindən alınmasıdır. Son 3 ildə tədricən davam edən prosesin növbəti mərhələsində olduğumuzu deyə bilərik. Faktiki olaraq hökumət Türkiyə modelindəki kimi dini fəaliyyətləri tamamilə öz nəzarətinə götürür.
Burada ortaya çıxan sual ondan ibarətdir ki, nədən QMİ kənarda saxlanıldı? Əslində, necə deyərlər, tarixi ənənəsi olan və kifayət qədər tanınmış yarı-rəsmi qurum olan QMİ buna qədər Azərbaycanda dini fəaliyyətləri formal olaraq idarə edirdi. Böyük məscidlərin idarə edilməsi, bütün məscidlərə axund və imamların təyin olunması, dini günlərin və mərasimlərin elan olunması kimi işlər QMİ-nin əlində idi. Ancaq artıq QMİ məscidlərə təyinatı dövlət orqanları ilə razılaşdırır, üstəlik, necə deyərlər, dini fəaliyyətlər, dərsliklər, ibadət ocaqları və maarifçi fəaliyyətləri həyata keçirmək üçün dövlətin QMİ-yə ehtiyacı olmayacaq, müvafiq dövlət qurumları (DQİDK və fond) vasitəsilə həyata keçirəcək.
Bəs QMİ-yə münasibət nədən dəyişdi? Bu barədə daha əvvəl də yazmışdıq. Ehtimal ki, bu qərarların alınmasında bir neçə amil rol oynayıb. Birincisi, dövlətin hər işi öz əlində cəmləşdirməsi taktikası. Hökumət xüsusən də son illərdə dini məsələlərin həddən artıq həssaslığını nəzarətə alaraq bu sahədə öz təsirini artırmağa, bilavasitə nəzarət etməyə çalışır. QMİ isə qeyri-hökumət təşkilatıdır.
İkinci amil QMİ-nin həddən artıq passiv və mühafizəkar olması, çevik fəaliyyət göstərə bilməməsidir. Son illərdə baş verən bir neçə hadisə göstərdi ki, QMİ-nin faktiki olaraq dini maarifçilik və təbliğat sahəsində heç bir ciddi fəaliyyəti yoxdur. Üstəlik, bəzi məsələlərdə hökumətlə mövqeləri toqquşur.
Üçüncü amil QMİ sədri Şeyxülislamın hökumətdəki ciddi rəqiblərinin olmasıdır. Məhz onlar son illərdə Şeyxi sıxışdırıb mövqelərini zəiflətməyə çalışırlar. Bu addımlarda Şeyxin müxaliflərinin də rolu var.
Nəhayət, 4-cü amil postşeyx dönəmidir. Hakimiyyətdə hazırkı Şeyxülislamdan sonra bu posta gələcək şəxsin kimliyi məsələsi ciddi sual doğurur. Çünki aydın məsələdir ki, Şeyxülislamın böyük ölçüdə səlahiyyətləri var, dövlət “piramidasının” başında dayanan adamlardan biridir və ona xüsusi status tanınıb. Bundan başqa, Şeyxülislamın dünyada, xüsusən də müsəlman aləmində və postsovet məkanında böyük nüfuzu var. Hazırda Şimali Qafqaz respublikalarının müftiləri məhz Şeyxin rəhbərlik etdiyi şurada təmsil olunur, ona tabedir, nəinki Moskvadakı müftiyə. Ancaq aydın məslədir ki, növbəti Şeyxülislam bütün bu keyfiyyətləri özündə birləşdirən və dövlətin “ölçülərinə” uyğun gələn şəxs olmaya bilər.
Bu səbəbdən də QMİ-nin səlahiyyətləri tədricən azaldılır. Hazırda QMİ sadalanan səlahiyyətləri ilə birlikdə QHT-dir və DQİDK tərəfindən ölkənin birinci müsəlman icması kimi sertifikat alır. Ancaq belə görünür ki, dini təbliğat, maarifçilik və digər fəaliyyətlər dövlət orqanlarının əlində cəmləşdikdən sonra QMİ sədri uzaqbaşı “tarixi ənənəsi olan yüksək statuslu QHT” olaraq qalacaq.
Kənan RÖVŞƏNOĞLU