Tarixçi alim təhsil ekspertinə cavab verdi:"Biz bu Vətənə, Millətə, Dövlətə xidmət edirik."
14-10-2017, 08:30
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurası X sinif “Ümumi tarix” dərsliyinin rusca versiyasında uydurma “Böyük Ermənistan” ərazisini əks etdirən xəritənin verilməsi ilə bağlı bəyanatla çıxış etdikdən sonra ölkəmizdə bir çox ziyalılar buna münasibət bildirməyə başladılar. Milli mövqeyi hər şeydən üstün tutan bəzi ziyalılarımız buna kəskin reaksiya verməklə, vətəndaşlıq mövqeyi ortaya qoydular. Bəziləri isə, əks mövqe tutdular. Dostlar, nə baş verdiyini hamı anlayır. Ortada olan odur ki, hansısa gizli əl tərəfindən idarə olunanlar öz istədiklərinə nail oldular. Bu xəritəni verməklə düşmən dəyirmanına su tökdülər. Bizim bəzi təhsil üzrə ekspertlər bunun üzərində dayanmaq əvəzinə, yazırlar ki, Tarix İnstitutu erməni dəyirmanına su tökür. Bunlardan biri də Təhsil eksperti, çoxdan tanıdığım və meydanlardan keçən Etibar Əliyevdir. Düzü, inanmağım gəlmədi. Dünən çiyin-çiyinə mübarizə apardığın adamlar necə də milli mövqedən uzaqlaşıb dəyişərlərmiş. Bunları dəyişdirən nədir? Suallar, suallar, yenə də suallar....Bu sualların cavabını ictimaiyyət yaxı bilir və onların dəyişməsini də bir az düşünsələr tapa bilərlər. Amma siz deyin, buna görə milli təəssübkeşliyi qurban vermək olarmı?
Görün bu adam nə yazır: “Tarix İnstitutu Hafiz Hacıyevin bəyanatından sonra bəyanat verib. Yəqin ki, bu institutun Elmi Şurası həmin xəritəyə görə dərsliyin ləğv olunmasından xəbərdardır. Onda bu bəyanat nəyə lazımdır? Şəxsən mən hesab edirəm ki, Tarix İnstitutu bu bəyanatla məsələni yenidən gündəmə gətirməklə “erməni dəyirmanına” su səpib. Gülməyin, artıq olmayan dərslikdəki yanlışa hələ bir erməni də maraq göstərməyib, akademik müəssisə olan Tarix İnstitutu isə özü erməni dəyirmanı düzəldib, ora su tökənləri axtarır.Biz görmüşük ki, Elmi Şura elmi münasibət açıqlayar, bunlar isə hər şey bitəndən sonra siyasi bəyanat verirlər. Üstəlik, tender davası döyür, dərslikləri nəzarətə götürmək istəklərini gizlətmirlər”.
Mən Etibar bəyin nəzrinə bu informasiyanı çatdırıram: “Azərbaycanda X sinif “Ümumi tarix” dərsliyinin rusca versiyasında uydurma “Böyük Ermənistan” xəritəsinin dərc olunması Ermənistan mediasını hərəkətləndirib.
Yenicag.az İnterpress.az-a istinadən xəbər verir ki, Ermənistan mətbuatı sözügedən dərslikdə uydurma “Böyük Ermənistan” xəritəsinin dərc olunmasını geniş işıqlandırmaqdadır.
Məlumata görə, düşmən ölkənin əsas xəbər portallarında yayımlanan Azərbaycanda orta məktəb dərsliyində “Böyük Ermənistan” xəritəsinin verilməsinə dair informasiyalar Rusiyanın bir sıra saytlarında da yerləşdirilib.
Həmin məlumatların şərh bölümündə rəy bildirən ermənilər isə bunu Azərbaycanın “Böyük Ermənistan” reallığını nəhayət, “etiraf etdiyini”n təsdiqi kimi qiymətləndiriblər”.
Etibar bəy, siz kimin mövqeyindən çıxış edirsiniz: Azərbaycanın, yoxsa Ermənistanın?
Çox-çox təəssüf edirəm. Sabah sizin bu mövqeyinizi yəqin ki, erməni saytları verəcəkdir. Etibar bəy, yazırsınız ki, Tarix İnstitutunun əməkdaşlarının çoxu Teodor Momzenin adını belə bilmirlər. Xatırladım ki, biz bu dərslikləri oxuyanda çoxlarının ondan xəbəri yox idi. Yəni, biz dərslik kimi ondan istifadə edirdik. Bir də bu dərsliklər bizim üçün etalon deyildir. Biz Momzeni də, öz müəllimlərimizin də dərsliklərini oxumuşuq və üstünlüyü öz müəllimlərimizin dəsrliklərinə vermişik. Ona görə də kiminsə bu kitabdan xəbəri olmamasının eybi yoxdur. Yazırsınız ki, dərsliyin yazılamsını niyə Tarix İnstitutu həyata keçirməlidir? Tarix İnstitutu nəinki dərsliklərə, hətta buraxılan elmi kitablara da nəzarəti həyata keçirməlidir. Siz alimsiniz. Əgər elmi tədqiqatlarla çalışan alimlərlə orta məktəb müəllimlərinin savad dərəcəsini qiymətləndirə bilmirsinizə, onda daha sözüm yoxdur. İnstitutlarda bütün dövrlər üzrə mütəxəssislər vardır və ömrünün yarısını buna həsr ediblər. Siz filosofsunuz, düzdümü? Onda orta məktəbdə dərs deyən bir müəllimlə sizin aranızda fərq yoxdurmu? Mən orta məktəb müəllimlərini aşağılamaq istəmirəm. Amma bu bir reallıqdır ki, tədqiqatlarla məşğul olanlar həmin adamlardan təcrübəli olurlar. Nəinki həmin adamlardan, eyni zamandan universitetlərdə dərs deyən müəllimlərdən də bu mənada üstün olurlar. Çünki həyatlarını tədqiqatlara həsr ediblər.
Etibar bəy, yaxşı olardı ki, çalışdığınız institutdan bir-iki mərtəbə yuxarı qalxıb bizim instituta gəlin. Onda görərsiniz ki, bu institutda erməni yalanları ilə bağlı nə qədər monoqrafiya dərc olunubdur. Siz institut tərəfindən buraxılan “Real tarix” kitabını oxusanız, onda Ərməniyyənin nə olduğunu, ermənilərin uydurmalarını öyrənərsiniz.
Etibar bəy, bu gün bütün dünya erməniləri özlərinin ən böyük düşməni kimi bizim institutu görürlər. Çünki onların bütün yalanlarını məhz bu institut ifşa etmişdir. Biz heç bir maddi marağa işləmirik. Biz bu Vətənə, Millətə, Dövlətə xidmət edirik. Biz arxamızda ölkə başçısını görürük. Çünki daima çıxışlarında bildirir ki, ermənilərin Qafqazda tarixi torpaqları olmayıbdır və İrəvan qədim Azərbaycan şəhəridir.
Biz bu gün qürur duyuruq ki, bu institutda çalışır və milli dövlətimizə xidmət edirik!
P.S.Təəssüf hissi ilə qeyd edim ki, bəzi hörmət bəslədiyim ziyalılar da Tarix İnstitutunun bəyanatına milli ziyalı mövqeyi ortaya qoya bilmədilər. Sizcə niyə?
Dilaver Azimli
teref.az