DYP-nin nömrələrlə bağlı müraciəti qalmaqal yaratdı

14-10-2017, 10:34           
DYP-nin nömrələrlə bağlı müraciəti qalmaqal yaratdı
Kamran Əliyev: “Bütün əməkdaşlarımıza tezquruyan xüsusi boyalar paylanılıb ki, xətti bərpa etsinlər”; Ərşad Hüseynov: “Bu nömrələr veriləndə standarta uyğun olmalıdır”

Baş Dövlət Yol Polisi (DYP) İdarəsi mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları standartlarının tələbləri ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib.


Müraciətdə bildirilib ki, son vaxtlar bəzi nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarında qanunvericiliklə nəzərdə tutulmuş standartların tələblərinin pozulması hallarına rast gəlinir:

“Belə ki, ayrı-ayrı sürücülər guya daha gözəl göründüyünü düşünərək nömrələrin üzərinə həkk olunmuş defis simvollarını bilərəkdən müxtəlif üsullarla silirlər, lakin nəzərə almırlar ki, bu hərəkət qayda pozuntusu hesab edilir. Yəni sürücünün adi kiçik xətt hesab etdiyi simvolun pozulması dövlət qeydiyyat nişanları standartının tələblərinin pozulması kimi qiymətləndirilir ki, bu da nəticədə YPX əməkdaşı tərəfindən sürücünün cərimə olunmasına şərait yaradır”.

DİN Baş DYP İdarəsi sürücülərə standart tələblərinin pozulmasını aradan qaldırmaları üçün 1 ay vaxt verib. Bildirilib ki, əks halda nəqliyyat vasitəsinin istismarı qadağan olunmaqla sürücülər inzibati məsuliyyətə cəlb ediləcək. Eləcə də xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınan digər qayda pozuntuları ilə bağlı tərtib edimiş elektron protokolardakı görüntülərdə belə hallar aşkar olunduğu təqdirdə inzibati xətaya yol vermiş şəxslər haqqında əlavə inzibati tənbeh tədbiri görüləcək.

Məsələ sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. İstifadəçilər bildirirlər ki, nömrələri onlar hər hansı bir mağazadan almırlar. Onlar qeyd ediblər ki, dövlət nömrə nişanlarını defis xətti olmadan elə DYP-dən alıblar. Hətta bəzi insanlar iddia edir ki, nömrələri defissiz almaq üçün 10 manat artıq pul ödəyiblər. İndi isə yenidən buna görə cərimələnə bilərlər. Sürücülər bildirirlər ki, hər kəs nömrələrin xətsiz daha yaxşı göründüyünü söyləyirsə, nə üçün standart defissiz olmur?


Səslənən fikirlərlə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev söyləyib ki, dünya praktikasında da belədir ki, hərflərlə rəqəmləri defis vasitəsilə ayırmaq daha asandır: “Bizdə də nömrələrin konkret standartı var və kimsə orada nəyisə silib verə bilməz. Kimsə deyirsə ki, 10 manata bunu sildirmişik, o zaman sual verirəm ki, bəyəm bu nədir ki, 10 manat verirlər? Bunun üzərinə ağ boya da vurmaq olar və ya hər hansı bir məhlulla həmin defisləri silmək mümkündür. Əgər belədirsə, o zaman kim və niyə 10 manat verir? Elə alıb özü pozar də. Yəni sürücü başa düşməlidir ki, bu standartın tələbinin pozulmasına görə, məsuliyyət şəxsin özünün üzərinə düşür. Lap belə özü pozmasa başqa bir hadisə ilə bağlı dövlət nömrə nişanında pozuntu olubsa, sürücü başa düşməlidir ki, buna görə məsuliyyətə cəlb olunacaq. Bu səbəbdən də nasazlığı aradan qaldırmalıdır. Bilirsiniz ki, nömrəyə nə isə olsa bərpası mümkün olmur. Belə olduğu təqdirdə sürücü qeydiyyat şəhadətnaməsi ilə müraciət edir və ona nömrənin eynisi çap olunub, verilir. Bunun da bir dənəsinə görə rüsum 11 manat, ümumilikdə isə 22 manatdır. Adi bir qaraltını isə özü də aradan qaldıra bilər. Buna görə də biz sürücülərə müraciət etmişik ki, bir ay müddətində həmin nasazlıqları aradan qaldırsınlar. Bunun üçün də istənilən yol polisi şöbəsinə, stasionar postlara yaxınlaşıb ödənişsiz və təxminən 2-3 dəqiqəyə bu nasazlığı aradan qaldıra biləcəklər. Bütün əməkdaşlarımıza tezquruyan xüsusi boyalar paylanılıb ki, xətti bərpa etsinlər”.

1 ay ərzində təyin olunan standart tətbiq olunmasa, sürücülər inzibati xətalar məcəlləsinin 342.5-ci maddəsinə 50 manat cərimələnəcəklər.

Məsələ ilə bağlı hüquqşünas Ərşad Hüseynov “Yeni Müsavat”a bildirib ki, 10 manat verən adamlar prinsipialdırlarsa gedib şikayət etsinlər ki, bizdən pul alıblar:

“Xeyir ola 10 manat verib standartdan kənar çıxırlar, sonra da iddialar qaldırırlar. Məsələ belədir ki, bizdə 2015-ci ildə standarta baxılıb və dövlət qeydiyyat nişanı eskizi təsdiqlənib. Eskizdə defislər, hərflər, rəqəmlər və AZ qeydi var. Bunların hamısı dövlət qeydiyyat nişanında olmalıdır. Defis nəqliyyat vasitəsini eyniləşdirmək üçün problem yaratmır. Ancaq polis formal olaraq bildirir ki, bu, nömrənin üzərində olsun. Standarta görə də olmalıdır. İnzibati Xətalar Məcəlləsində qeyd olunur ki, əgər nəqliyyat vasitəsinin üzərində standarta uyğun olmayan nömrə varsa, o zaman sürücü 60 manat cərimə olunur və hesabına 4 bal yazılır. Kiminsə problemi olarsa, məhkəməyə müraciət edər. Bir məsələ də var ki, dövlət qeydiyyat nişanını ancaq dövlət verir. Bu nömrələr veriləndə standarta uyğun olmalıdır. Sürücü də onu standarta uyğun şəkildə saxlamalıdır. İndi bu xətləri yenidən bərpa etmək olar. Qara boya ilə sadəcə olaraq xətt qoymaq lazımdır. Eləsi də var ki, xətlərin üzərinə yapışmış təbəqə vurublar. Onu qopartsalar, xətt bərpa olunacaq. Ancaq bunu, səliqəli şəkildə etmək lazımdır. Polisdə nömrəni bütöv dəyişmək 22 manatdır. Ola bilər ki, elə avtomobil olsun ki, onun nömrəsini bütöv dəyişmək lazım gəlsin. Bu zaman pul ödəyəcəklər. Əks halda ödənişsiz edə bilərlər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.