Kərə yağı bahalaşdı, camaat yenidən marqarinə keçir
14-10-2017, 20:11
Kərə yağının kəskin bahalaşması son günlər ən çox müzakirə olunan məsələlərdən biridir. Bu bahalaşmaya deputatlar, iqtisadçılar, Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi də daxil olmaqla bir çoxları münasibət bildiriblər. Bəziləri kərə yağının bahalaşmasına görə hansısa inhisarçıları günahlandırıb.
Lakin Dövlət Gömrük Komitəsi ölkəyə kərə yağının idxalında inhisarın olmadığını açıqlayıb və bahalaşmanın dünya bazarında kərə yağının qiymətinin kəskin artması ilə izah edib. Vergilər Nazirliyi də bahalaşmanın idxalçıların vergi yükünün artması ilə bağlı olduğunu təsdiq etmir. Həqiqətən kərə yağı təkcə Azərbaycanda deyil, bir çox digər qonşu ölkələrdə də kəskin bahalaşıb. Ölkəyə yağ gətirən şirkətlər də qiymətlərin artmasını dünya bazarındakı vəziyyətlə əsaslandırıblar və növbəti bahalaşmanın anonsunu veriblər.
Bəs bahalaşma əhalinin kərə yağı ilə əlaqəli alıcılıq qabiliyyətinə təsir edibmi? Virtualaz.org saytının Bakının bir sıra ərzaq mağazalarda apardığı müşahidələr göstərir ki, qiymət artımı təkcə alıcıların deyil, satıcıların da narazılığına səbəb olub. Çünki bahalaşmadan qəzəblənən alıcılar hirslərini satıcıların üstünə tökürlər. Satıcılar deyir ki, çoxları kərə yağını marqarinlə əvəzləyib. Bahalaşma əsasən əhalinin aztəminatlı hissəsinin büdcəsinə zərbə vurub.
“Nisyə dəftərində yer qalmayıb”
“Gəlib yalvarırlar ki, yağı, çayı, qəndi nisyə verim. Etiraz edə bilmirəm, məhəllədir, hamı ilə üz-üzə gəlirəm”, –Xətai rayonu, Məhəmməd Hadi 63-dəki mağazanın sahibi Məhsəti Mərdanova deyir.
Onun sözlərinə görə, yaxınlıqda bir neçə iri ticarət mərkəzi var, amma nisyə mal istəyənlər bu mağazaya üz tuturlar: “Səhər yaşlı qadın gəlmişdi, xəmirə qatmaq üçün yağ almaq istəyirdi. Cibində cəmi 60 qəpiyi vardı, xahiş etdi ki, pensiyasını alana qədər gözləyim. Əlləri əsirdi, hiss olunurdu ki, xəcalət çəkir. Belələrinə yox demək asan deyil”.
Məhsəti əlavə edir ki, nisyə dəftərində yer qalmayıb, əksəriyyət yağı, çayı, qəndi nisyə alır: “Kərə yağının əvəzinə “Möcüzə” yağı istəyirlər. “Möcüzə” yağları kərə ətrini verir. Bir də “Ana bala” yağı yaxşı satılır, reklamda deyirlər ki, əridilmiş kərə yağıdır”.
“Kərə yağının dadını unutmuşam”
Metronun “Xətai” stansiyasının yaxınlığında, yeni çoxmərtəbəli binaların arasında bir neçə market fəaliyyət göstərir. Satışda 17 manatdan 22 manatadək kərə yağları var. Amma satıcılar “Tulçinka”, “Selyanka”, “Derevyanskaya” yağlarının çox satıldığını bildirilər. “Tulçinka”nın 500 qramı 2,35 qəpik, “Selyanka” 500 qram 2,35 qəpikdir. “Rusiya istehsallı marqarin yağlarına təlabat son vaxtlar artıb. Çoxları elə bilir ki, yağ xaricdən gəlibsə, deməli kərə yağı qədər keyfiyyətlidir”, -satıcılardan biri deyir.
Digər satıcı isə söyləyir ki, aylıq məvacibi 350 manatdır, özü satdığı “President” və “Anchor” yağlarının dadını unudub. “President” yağının 1 kiloqramı 20 manata, “Anchor”un 1 kiloqramı 17 manat 50 qəpikdir.
“Qarğış tökürlər, söyürlər…”
Nərimanov rayonunda, Ağa Nemətulla küçəsindəki “Anar” marketin sahibi Pərviz deyir ki, bahalaşmadan sonra hər gün söyüş, qarğış eşidir: “Min dəfə deyirik ki, qiymətləri biz artırmırıq, topdansatış məntəqəsində aldığımız malın üzərinə 50 qəpik-1 manat qoyub satırıq. Yaxud da firmalar mal gətirir. Bir də görürsən yaşlı biri deyinir, satıcıları acılayırlar. Satıcılara da demişəm ki, çalışın yola verin, indi hamı əsəbi olub. Baxırsan ki, neçə ilin müəllimidir, evinə əlidolu gedə bilmir. Yağ alanda ətə, ət alanda çaya pulu çatmır”.
Pərviz söyləyir ki, gün ərzində müxtəlif xasiyyətdə insanlarla rastlaşır, bəzən gördüyü mənzərənin qarşısında sarsılır. “Ötən həftə kameraları izləyirdik, yanında balaca oğlu olan qadın vitrindən şokolad götürüb sinəsində gizlətdi, sonra qaytarıb yerinə qoydu. Bir neçə dəfə tərəddüd etdi, aldı, yerinə qoydu. Sonra şokoladı götürüb tələsik mağazadan çıxdı. Satıcı dedi ki, uşaq şokolad üçün ağlayırdı, yəqin pulu olmadığından ala bilməyib. Mən neçə vaxtdır mazağa işlədirəm, oğrunu hərəkətlərindən tanıyıram”, -mağaza sahibi hadisəni təsəvvür etdikcə qadına kömək göstərə bilmədiyi üçün təəssüflənir.
“Nehrə yağı alın, ucuz və keyfiyyətlidir”
Alıcı Gündüz Ömərov isə deyir ki, 17 ildir sürücülüklə dolanır. Son illər müxtəlif taksi firmaları fəaliyyətə başlayandan sonra qazancı azalıb. Ayda 500-600 manat qazancı olur, amma 5 nəfərlik ailənin yükü onun öhtəsindədir.
“Mən də uşaqlara keyfiyyətli ərzaq almaq istəyirəm, ali təhsilim yoxdur, amma yaxşını pisdən ayıra bilirəm. Duru yağda bişən yeməyin dadı fərqli olur, nehrə yağı alıram ki, heç olmasa uşaqların mədəsi xəstə olmasın”.-Ömərov əlavə edir.
Xatırladaq ki, hazırda parakəndə satışda Yeni Zenlandiya yağının qiyməti 17 manat 40 qəpikdən başlayır. Fransadan gətirilən “French Cow” yağı 21 manat, “Best Cow ” markalı yağ isə 18 manatdır. //Virtualaz.org//