Prezidentlərin “sürpriz” Cenevrə görüşü –QARABAĞ YENİDƏN MÜZAKİRƏ MASASINDA

16-10-2017, 05:49           

Prezidentlərin “sürpriz” Cenevrə görüşü –QARABAĞ YENİDƏN MÜZAKİRƏ MASASINDA


Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 16-da İsveçrənin Cenevrə şəhərində görüşəcəklərini erməni tərəfi də təsdiqləyib.

Bu barədə Ermənistan prezidenti Serj Sarkisyanın ofisi məlumat yayıb.

Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri komissiyasının rəhbəri Koryun Naapetyan isə bu ərəfədə Azərbaycanı ittiham edib. O deyib: "Vaxtaşırı Azərbaycanın nümayiş etdirdiyi aqressiv hərəkətlər prezidentlərin görüşündən müsbət nəsə gözləmək üçün elə bir əsas vermir".

Amma o, hesab edir ki, Azərbaycanın öz siyasətini tezliklə dəyişməsi gözlənilməsə də, danışıqların nəticəsini gözləmək lazımdır, çünki onun fikrincə, "danışıqlarda sürprizlərin olması da istisna deyil".

Naapetyan onu da istisna etmir ki, yaxın zamanlarda Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması ilə bağlı danışıqlar aparıla bilər.

Aprel döyüşlərindən sonra Ermənistan danışıqların bərpası üçün şərtlər qoysa da, Azərbaycan bunların heç birini qəbul etməyib.

Danışıqlar qeyd-şərtsiz bərpa edilib.

Naapetyan onu da deyib ki, Ermənistan "sərhəddəki insidentlərin araşdırılması mexanizmlərinin yaradılmasında və prezidentlərin əvvəlki görüşlərində əldə edilmiş razılıqların icra edilməsində israr edəcək".

Prezidentlərin görüşü ATƏT-in Minsk qrupunun təşəbbüsü ilə keçirilir.

Bir müddət əvvəl Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan Dağlıq Qarabağ ətrafındakı bəzi ərazilərin Azərbaycana qaytarılmasının mümkünlüyü ilə bağlı fikir bildirmişdi.

O, sentyabrın 18-də demişdi ki, Ermənistan Qarabağ tənzimlənməsi çərçivəsində Azərbaycanla “Qarabağa təhlükə təşkil etməyən ərazilərin” qaytarılmasını müzakirə edir.

Nalbəndyan bunun ardınca əlavə etmişdi: "Başqa təfərrüatları bildirə bilmərəm, əks halda danışıqlar pozular”.

Amma bu fikirlər Ermənistan cəmiyyətində birmənalı qarşılanmadığı üçün Nalbanyan "aydınlaşdırıcı açıqlama" vermişdi: “Mən Qarabağ probleminin tənzimlənməsinə dair Minsk qrupuna həmsədr ölkələrin liderlərinin bəyanatlarında olduğu kimi, üç məlum prinsipdən və 6 elementdən danışmışam. Bu prinsip və elementlər, həmsədrlərin özlərinin də dedikləri kimi, işlənib və tərəflərə tam vahid kimi təqdim olunub. Buradan hansısa prinsipin və ya məsələnin çıxarılması nizamlamanı mümkünsüz edəcək. Azərbaycan uzun illərdir ki, məhz bunu edir. Ermənistan prezidentinin iki gün əvvəl BMT tribunasından dediyi kimi, burada mühüm məsələ Artsaxın statusudur. Əgər status məsələsi həll olunsa, qalan məsələlər ədalətli və məntiqli şəkildə çözülə bilər, çünki bu məsələlər ikinci dərəcələdir. Mən dəfələrlə dediyimizi bir daha təkrar etmək istəyirəm. Bütün bu məsələlərin həlli yalnız Dağlıq Qarabağın iştirakı ilə mümkündür”.

XATIRLATMA

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik yeddi rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Minsk qrupu tərəflərə indiyə kimi, əsasən, üç təklif verib: münaqişənin paket həlli, münaqişənin mərhələli həlli və «Ümumi dövlət» konsepsiyası.

Birinci varianta görə, işğal edilən ərazilərlə status məsələsi paket həll edilməlidir. İkinci variantda isə əvvəlcə ərazilər boşaldılmalı, sonra statusa baxılmalıdır. Üçüncü variantda münaqişə zonasında ümumi dövlətin yaradılmasından söhbət gedir.

Azərbaycan münaqişənin mərhələli həllinə tərəfdardır. Bu variantlardan heç biri qəbul edilməyib

Daha sonra həmsədrlər əvvəlki üç varianta söykənən «Madrid prinsipləri»ni təklif ediblər.

Azadlıq Radiosu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.