Azərbaycan Bəhai Dini İcması yubiley tədbirinə hazırlaşır (FOTO)
17-10-2017, 20:33
Bəhai dininin ardıcılları üçün 2017-ci il əlamətdar ildir. Bu ilin 21-22 oktyabr tarixində dünyanın 234 ölkəsində, o cümlədən Azərbaycanda bəhailər dinlərinin banisi Bəhaullahın Mövludunun 200 illiyini qeyd edirlər. Bayramla bağlı bir sıra ölkələrin Prezidentləri və Baş Nazirləri öz ölkərində yaşayan bəhailəri təbrik ediblər. Azərbaycanda da bəhailər son günlər dövlət və qeyri-dövlət qurumlarına, mətbuat orqanlarına, sadəcə ətraflarındakı insanlara müraciət edib, bayram sevincini onlarla bölüşmək istəyində olduqlarını bildirir və onları öz bayram tədbirlərinə dəvət edirlər.
Bəhaullah kimdir? Bəhai Dini Allahın Qoşa Peyğəmbəri - Bab (1819-1850) və Bəhaullah (1817-1892) tərəfindən nazil olmuşdur. 1844-ci il mayın 23-də İranın Şiraz şəhərində Seyid Əli Məhəmməd Bab (ərəb.“Qapı”) Özünü İlahi Zühur elan edir. Bildirir ki, Onun əsas məqsədi insanları Müqəddəs Kitablarda Vəd Olunan qüdrətli İlahi Zühuru qəbul etməyə hazırlamaqdır. Babın çağırışları İranda babilər hərəkatına səbəb olur. Bab 1850-ci ildə Təbrizdə edam edilir. Hərəkat səkkiz il sonra yatırılır. Hərəkatın fəal üzvi Mirzə Hüseyn Əli Bəhaullah (ərəb.“Allahın Cəlalı”) İraqa sürgün olunur. 1863-cü il aprelin 21-də Bəhaullah bildirir ki, O, Babın vədetdiyi həmin İlahi Zühurdur və Bəşəriyyətə Allahdan Yeni İlahi təlim nazil etmişdir. 1868-ci ildə O, Ədirnədə sürgündə, sonra Əkkada həbsdə olarkən hökmdarlara, prezidentlərə və sultanlara məktub yazaraq, onları nazil etdiyi Dini qəbul etməyə çağırır. Bəhaullah, 1817-ci ildə Tehranda doğulmuş, 1852-ci ildə İlahi Vəhyi qəbul etdikdən sonra 40 il həbs və sürgün həyatı yaşayaraq 1892-ci ildə dünyasını dəyişmişdir.
Bəhaullah Öz Yazılarında bildirirdi ki, o bütün xalqların çoxdan gözlədiyi dünyanın Müəllimi və Tərbiyəçisidir. Çaylar dənizdə qovuşduqları kimi bütün əvvəlki dinlər də Onun İlahi Təlimində qovuşacaqdır. O, elə bir təməl qoymuşdur ki, bu, bütün Bəşəriyyətin Birliyinin möhkəm əsası, Peyğəmbərlərin öncədən xəbər verdiyi Sülh, Ədalət və Firavanlıq Erasının – Qızlı Əsrin başlanğıcıdır. Bəhaullah yazır:
“Bu gün - əzəmətli bir gündür, belə ki, bütün Müqəddəs Kitablarda “Allahın Günü” kimi xatırlanır. Bütün Peyğəmbərlər və övliyalar bu bənzərsiz Günü görmək arzusunda olmuşlar. Həmçinin bütün məzhəb və firqələr bu Günü gözləmişlər”
Bəhaullah ingilis şərqşünası E.Braunla söhbətində ona bu sözləri demişdir:
“Əgər bütün millətlər bir din ətrafında birləşərlərsə və bütün insanlar bir-birinə qardaş olarlarsa, insan övladları arasında məhəbbət və birlik bağları möhkəmlənərsə, dini ixtilaflar olmazsa və irqi ayrıseçkiliklər ləğv edilərsə, burda zərərli nə var? Onsuz da bu baş verəcəkdir: mənasız çəkişmələr və viranedici müharibələr keçmişdə qalacaq və Böyük Sülh bərqərar olacaqdır”
Ciddi təqiblərə baxmayaraq, Bəhaullahın Təlimi qısa zamanda Yaxın Şərqin hüdudlarından kənara çıxıb, Avropa, Amerika, Afrika və Okeaniya adalarına yayılaraq dünya dininə çevrilir. Müasir elmdə yalnız üç din – Xristianlıq, İslam və Buddizm dünya dini hesab olunur. Bəhai dini də ardıcıllarının sayının azlığına baxmayaraq, həm özünün universal cəhətlərinə, həm də əhatə dairəsinə görə dünya dini sayıla bilər. Bəhai dini bütün dinlər kimi Şərqdə yaransa da, o ayrıca götürülmüş xalq və ya etnik qrupa yönəlməyib və hansısa bir mədəniyyətlə məhdudlaşmır. Bəhai icmaları dünyanın 187 müstəqil dövlətində və 45 asılı ərazisində vardır. “Britanika” ensiklopediyasının məlumatına əsasən coğrafi yayılmasına görə, dinlər aşağıdakı sıraya malikdir: Xristianlıq (254 ölkə), Bəhai dini (234 ölkə), İslam (174) və Buddizm (68).
XIX əsrdə Bəhai icmaları Azərbaycanın Bakı, Balaxanı, Gəncə, Bərdə, Şəki, Naxçıvan, Salyan və digər yerlərində artıq mövcud idi. Bəhai icmaları yaranan gündən hər cür dini fanatizmi pisləmiş, uşaqlara, xüsusən də qızlara dünyəvi təhsilin verilməsini, qadınların cəmiyyətdə və ailədə hüquqlarının qorunmasını təbliğ etmiş, dinlərarası dialoq və əməkdaşlığa can atmışlar. 1937-ci ilin oktyabrından 1938-ci ilin fevralına kimi Azərbaycanda bəhai icmalarına qarşı təqib kompaniyası aparılır. Təqiblər 1987-ci ilə kimi davam edir. 1989-cu ildə icmanın dövlətlə münasibətləri bərpa olunur. 1993-cü ildə Bakı, 2001-ci ildə Sumqayıt icması, 2004-cü ildə isə Azərbaycan Bəhailərinin Milli Ruhani Məhfili dövlət qeydiyyatına alınır.
Tədqiqatçıların maraq dairəsində. Hələ XIX əsrin ortalarında Babi və Bəhai təlimləri və onların Peyğəmbərləri – Bab və Bəhaullahın şəxsiyyəti tədqiqatçıları özünə cəlb edirdi. Babiliyin ilk tədqiqatçısı Mirzə Kazım Bəy olmuşdur. Mirzə Kazım Bəyin “Bab və babilər” əsəri 1865-ci ildə nəşrdən çıxmış, bir il sonra fransız dilinə tərcümə edilmişdir. XIX əsrin ikincı yarısında M.Qamazov, B.Rozen, E.Braun, A.Tumanskiy, B.Dorn, A.Jukovskiy, S.Umanes və başqaları Babi və Bəhai təlimlərini tədqiq etmişlər. Bəhaullah ilə görüşmüş E.Braun ilk dəfə Bəhai təlimini müstəqil din kimi göstərmişdir. XX əsrin əvvəllərində Bəhai dininə maraq Əbdül-Bəha Abbas ilə bağlı olmuşdur. Azərbaycanda “Sərkərağa”, İran və Yaxın Şərq ölkələrində “Sirri-Xuda” və digər adlarla tanınan Əbdül-Bəha Bəhaullahın böyük oğlu və Onun süudundan sonra bu dinin uzun illər (1892-1921) başçısı olmuşdur. İngilis şərqşünası C.Esslemont Əbdül-Bəhanın Bəhai dinində tutduğu məqama nəzər yetirmişdir. Həyatının cox hissəsini məhbəs və sürgünlərdə keçirmiş, lakin fars, ərəb, türk dillərini mükəmməl bilən Əbdül-Bəha özünün dərin teoloji bilikləri, fəlsəfi və etik fikirləri, mütərəqqi ictimai baxışları və rasional düşüncə tərzi ilə C.Esslemontu heyrətləndirmişdi. Əbdül-Bəha tədqiqatçılara Tövrət, İncil, Quran mətnlərinin şərhçisi kimi də tanışdır. Müqəddəs Yazılardakı rəmzlərdən ibarət və yaxud kifayət qədər anlaşılmayan mətnlərin həqiqi anlamı Əbdül-Bəha tərəfindən açıqlanmışdır.
Yarandığı gündən Bəhai dininin Müqəddəs Yazılar, dinin əsas səxsiyətlərinin (Bab, Bəhaullah, Əbdül-Bəha, Şövqi Əfəndinin) əlyazmaları, şərhlər, fotoşəkillər və həcmi yüz cildlərlə ölçülən digər sənədlər diqqətlə toplanaraq, Beynəlxalq Bəhai Mərkəzinin Arxivində qorunub saxlanılmışdır. Bu tədqiqatçının işini asanlaşdırmaqla yanaşı, tədqiqatın obyektivliyini artıran əhəmiyyətli amil sayılmalıdır. Əvvəlki dinlərin tədqiqi üçün bu cür imkanlar demək olar ki, yox dərəcəsindədir. Hazırda dünyada mövcud on bir əsas dindən yalnız İslam (VII əsr) və Sihhizmin (XVI əsr) tarixi yüz illiklərlə, qalan dinlər – Hinduzm, Buddizm, Caynizm, Daosizm, Konfusiçilık, Sintoizm, Zərdüştilik, İudaizm və Xristianlıq min illiklərlə ölçülür. Bəhai dini bu dinlərlə müqayisədə çox cavandır (173 il). Onun formalaşmasında sonuncu tarixi mərhələ 1963-cü ildə Bəhai dininin Ali ruhani və İnzibati Mərkəzi - Ümumdünya Ədalət Evinin qurulması ilə sona çatıbdır. Bu baxımdan, Bəhai dininin öyrənilməsi dinşünas alimlərə onun timsalında dinlərin yaranma və formalaşma mərhələlərini araşdırmaqdan ötrü geniş imkanlar aça bilər.
Bəhai dini - təriqət, yoxsa müstəqil din. Hələ yüz il əvvəl E.Braun bəhailiyin müstəqil dini təlim olması fikrini söyləsə də, bəzi mənbələrdə o yalnış olaraq “İslam təriqəti”, “İslamda Reformasiya hərəkatı” kimi göstərilir. Əlbəttə, hansısa dini təlimin müstəqil olması onun “boş yerdə” yaranması demək deyildir. Bir dinin özündən əvvəlki dinin davamı kimi ortaya çıxması (Proqressiv Vəhy prosesi) bütün dinlər üçün ümumi qanunauyğunluqdur; Buddizmin (həmçinin Hinduizmin) ənənəvi Brahmanizmin əsasında yaranması buna əyani misal ola bilər. Eynilə Brahmanizm Krişnanın nazil etdiyi Veda Təliminin təkamülü nəticəsində formalaşımışdır. İlkin xristianlıq dövründə (I-II əsrlər) müasirləri Xristianığa İudaizmdən ayrılmış qol kimi baxıblar. Xristianlıq yalnız Müqəddəs Yazıları, təşkilatı strukturu, ayin və mərasimlər sistemi formalaşdıqdan və nəhayət, qeyri-yəhudi xalqlar bu təlimi qəbul etdikdən sonra müstəqil din kimi tanınmışdır.
Bəhai dini də Proqressiv Vəhy prosesində növbəti mərhələdir. Bəhailiyin İslam mədəni mühitində yaranması, bir çox cəhətlərinə –terminologiya və qismən teologiya məsələlərində bu dinə yaxınlığını müşahidə etmiş ilk tədqiqatçılar onu yalnış olaraq Martin Lüterin “Reformasiya hərəkatı” (XVI əsr) ilə eyniləşdirmiş və onu İslam daxilində reformasiya hərəkatı kimi təqdim etməyə cəhd etmişlər (A.Masse,1963). Bəhai dininin əsasını və onun qanunlarının mənbəyini Bəhai dininin banisi Bəhaullahın Yazıları, o cümlədən Vəhy kitabı “Kitabı-Əqdəs” təşkil edir. Bu təlimə görə, Bəhaullahın zühuru ilə bəşəriyyətin tarixində Yeni Era başlamışdır. Həmçinin bu təlimin ona məxsus qanunlar, ehkamlar, anlayışlar və başqa dinlərdə olmayan nadir İnzibati Sistem ilə ortaya çıxması, onun əvvəlki dinlərdə hansısa dəyişikliklər etmək ismədiyini və Yeni Vəhyə iddialı olduğunu göstərir.
Coğrafi yayılması və prinsipləri. Bəhai Dini bu gün dünyanın 234 ölkəsində yaşayan 2100 millət, xalq və etnik qrupa mənsub 7 milyondan çox insanı birləşdirir. Bəhai ədəbiyyatı 802 dilə tərcümə edilib. Bəhailərin Beynəlxalq Birliyi planetimizdə sülhü, qlobal ekologiyanı və insan haqlarını qorumaq, xalqların sosial və mədəni inkişafına nail olmaq yollarında BMT-nin bir sıra orqanları – EKOSOS, YUNİSEF, YUNEP ilə əməkdaşlıq edir. Birliyin BMT-nin Nyu-York və Cenevrədəki qərargahlarında, o cümlədən Nayrobidəki Ətraf mühitə dair Proqramında nümayəndəlikləri fəaliyyət göstərir. Bəhailərin nəzərincə, Bəhaullahın nazil etdiyi təlim müasir insan cəmiyyətinin ehtiyaclarına daha dolğun cavab verir və qlobal problemlərin həlli yollarını göstərir. Bu təlimin bəzi prinsipləri aşağıdakılardır:
Bəşəriyyətin birliyi
Dinlərin ruhani əsasları bir (Bir Ümumi Din konsepsiyası) olması
Kişi və qadınların hüquq və imkan baxımından bərabərliyi
Mövhumat və təəssübün (irqi, dini, milli, cinsi və s.) bütün formalarından imtina
Dünya sülhü, qlobal tərki-silah və yeni dünya nizamına ehtiyac
Din və elmin harmoniyada olması
Həqiqətin müstəqil axtarışı
Ümumi icbari təhsil
Vahid Beynəlxalq köməkçi dilin qəbul edilməsi
Dünya üzrə vahid yazı (əlifba), çəki və ölçü sistemlərinə keçilməsi
Siyasətə qarışmamaq və ölkənin qanunlarına ehtiram göstərmək
Qlobal iqtisadi və ekoloji problemlərin ruhani həlli yollarının olması.
Bu dinin bəzi çox əhəmiyyətli prinsipləri üzərində bir qədər ətraflı dayanaq:
Bəşəriyyətin Birliyi. Bəhai dini təlimində Bəşəriyyətin Birliyi prinsipi mərkəzi mövqedə durur. Bəhaullah yazır: “Şübhəsiz ki, irqindən və dinindən asılı olmayaraq dünyanın bütün insanları Vahid səma mənbəyindən ilham alırlar və onların hamısı Tək olan Allahın təəbələridir”. İnsan bədəni təkamül prosesində fiziki inkişafın müxtəlif mərhələlərindən keçdiyi kimi Bəşəriyyət də özünün sosial inkişafı prosesində müxtəlif mərhələlərdən keçir. Qədim dövrlərdə adamlar ayrı-ayrı ailə qrupları halında yaşamışlar. Bu qruplar qəbilələrə çevrilmiş, şəhər-dövlətlər, xalqlar və nəhayət XX əsrlərdə müasir millətlər və dövlətlər yaranmışdır. Həzrət Bəhaullah öyrədir ki, Bəşəriyyətin Birliyi kamillik yolunda sonuncu sosial mərhələdir. O, izah edirdi ki, Onun gəlişində əsas məqsəd millətlərin və dinlərin birliyini mümkün etməkdir. O, yazırdı: “Həqiqətən, Biz Yerdə yaşayanların hamısını birləşdirməkdən və ayrılmaz etməkdən ötrü gəlmişik”. Bəşəri Birlik hansısa qüdrətli qruplaşma tərəfindən yuxarıdan tətbiq edilməyəcəkdir. Hər yerdə insanlar “Dünya bir vətən və bütün insanların onun vətəndaşı” olmasını dərk edənə kimi o insan şüurunda tədricən inkişaf edəcəkdir. Şüurdakı bu dəyişikliklər cəmiyyətdə görünməmiş dəyişikliklərə səbəb olacaqdır.
Əbdül-Bəha yazır: “Əməkdaşlıq və birlik bərqərar olacaq və sonda müharibənin tamamilə qarşısı alınacaq. Dünyanın beş qitəsi bir qitə kimi olacaq, çoxsaylı millətlər bir millətə çevriləcək. Ölkələr arasında münasibətlər – xalqların və icmaların qarışması, birləşməsi və dostluğu – elə bir səviyyəyə çatacaq ki, insan nəsli bir ailə və qohum kimi olacaq. Güclü və zəif, varlı və yoxsul, qarşı-qarşıya duran təriqət və ədavət aparan millətlər bir-birinə qarşı tam məhəbbətlə, dostluqla, ədalət və bərabərliklə rəftar edəcəklər, dünya elmlərlə və Allahın biliyilə dolacaq”.
Dinlərin (Bir Ümumi Din) və Peyğəmbərlər birliyi. Dünyanın böyük dinləri ilahi mənşəyə malikdirlər. Onlar müxtəlif yerlərdə və vaxtlarda xalqların ehtiyac və imkanlarına uyğun olaraq Vəhy vasitəsilə çatdırılmışdır. Heç bir dövr İlahi rəhbərliksiz qalmamışdır. Yerdə Allahın bir Dini mövcuddur, bütün dinlər Onun tarixi mərhələləridir. Bu Din tarix boyu daim təkamül etmiş - kamilləşmə yolu ilə inkişaf etmişdir. Peyğəmbərlərin gətirdikləri Müqəddəs Kitablar (Bhaqavat-Qita, Avesta, Tövrət, İncil, Qurani –Kərim, Bayan, Kitabi-Əqdəs və s.) isə bir İlahi Kitabın səhifələridir. Krişna və Musanın təlimində tumurcuğu, İsa və Məhəmmədin təlimində çiçəyi görürüksə, Bəhaullahın təlimində o, artıq yetişmiş meyvədir. Tumurcuq düşməlidir ki, çiçək açsın, çiçək tökülməlidir ki, meyvə yetişsin. Həzrət Bəhaullah buyurur:
“Əgər Onlara (Peyğəmbərlərə - A.C.) diqqətlə baxsan, görərsən ki, onların hamısı eyni çadırda yaşayır, eyni taxtda oturur, eyni nitqi söyləyir və bir dini elan edirlər”.
Peyğəmbərlərə Allahın zühurları kimi də baxmaq olar. Onlar Allah deyillər, lakin güzgütək Onun işığını insanlara əks etdirirlər. Peyğəmbərlər Allahla Bəşəriyyət arasında vasitəçidirlər. Peyğəmbərlərin Yerdə görünməsi çox nadir hadisə olduğu üçün bəşəriyyətə din gətirmiş bir neçə Peyğəmbərin adı məlumdur: Krişna, İbrahim, Zərdüşt, Musa, Budda, İsa, Məhəmməd, Bab və Bəhaullah. Onların hər biri yeni Dinin əsasını qoymuş və müstəqil mədəniyyətlərin inkişafına təkan vermişlər.
Hər bir din iki hissədən ibarətdir: ruhani təlim və sosial təlim. Ən yüksək ruhani səviyyədə bütün dinlər arasında tam harmoniya mövcuddur və onların runani əsasları birdir. Fərq yalnız sosial qanunlarda, dini mərasim və ayinlərdə müşahidə olunur. Dinin sosial qanunları əbədi ola bilməz, insan cəmiyyəti inkişaf etdikcə, onlar Yeni Peyğəmbərin nazil etdiyi İlahi Təlim vasitəsilə dəyişilməlidir.
Vətənə və Bəşəriyyətə xidmət. Bahaullahın təlimi bəhainin ailə və cəmiyyətdə bir sıra əxlaq və davranış qaydalarından ibarətdir: bəhai öz vətənini və bütün bəşəriyyəti sevir, Bəşəriyyətin Birliyi prinsipini uca tutur və Ümumdünya sülhünə çalışır; hər cür dini, siyası, milli, iqri xurafat və təəsübkeşliklər ona yaddır, bəhai hər hansı bir formada siyasi hərəkatlara qoşulmur. O, yaşadığı ölkənin hökumətinə və dövlətin konstitusiyasına sidq ürəklə itaət edir; bəhai əxlaqi saflıq prinsipini gösləyir, nigahdan əvvəl və nigahda ismətliliyi qoruyub saxlayır; hamı ilə nəzakətli, hörmətcil və qonaqpərvərdir; bəhai cəmiyyətdə və ailədə kişi və qadın bərabərliyini tanıyır, təknigahlıqdan başqa heç bir nigah formasını qəbul etmir; bəhai təhsil alır, peşə öyrənir, ölkəsinə və bəşəriyyətə xidmət edir; bəhai Bir Ümumi Din konsepsiyasını təbliğ etməklə dinlər arasında dostluq, əməkdaşlıq və birliyin yaradılmasına çalışır; bəhai qeybətdən, mübahisədən, yalan, ixtilaf və narazılıqdan uzaqdır. Bəhaullah öz ardıcıllarına yazırdı:
“Bütün dinlərin ardıcılları ilə dostluq və yoldaşlıq ruhunda ünsiyyətdə olun. Dostlara dönə-dönə tövsiyə etmişik və edirik ki, fəsad qoxusu gələn şeylərdən uzaqlaşsınlar, xeyr, qaçsınlar. Biz bir tərəfdən insan övladları arasında ixtilaf, fəsad və nifaq doğuran şeyləri Allahın müqəddəs Kitabından sildik, digər tərəfdən isə ora ülfətə, anlayışa və birliyə səbəb olan şeyləri təsbit etdik”
Azər Cəfərov
Bakı Dövlət Universitetinin dosenti, fəlsəfə doktoru