Bakı İrəvanın bu iddiasını qəbul edə bilməz – Şərh

18-10-2017, 09:45           

Serj Sərkisyanın Qarabağa dair son açıqlaması danışıqların necə keçdiyini anlamaq üçün həmsədrlərin yekun bəyanatından daha önəmlidir.

Bunu Axar.az-a Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşünün yekunu ilə bağlı bəzi suallara aydınlıq gətirən politoloq Şahin Cəfərli deyib. O bildirib ki, erməni tərəfi qeyri-konstruktiv mövqedə israr etdikcə bütün danışıqlar nəticəsiz bitməyə məhkumdur:

“Sərkisyan bəyan etdi ki, Ermənistan üçün yeganə həll variantı Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxmasıdır. O, qapalı danışıqlarda da bu cür mövqe tutursa, onda hansı nizamlamadan danışmaq olar? Azərbaycan bu şərti qəbul edə bilməz. Azərbaycanın güzəşt limiti Dağlıq Qarabağa ölkə tərkibində yüksək özünüidarə statusu verməkdən ibarətdir. Əsas güzəştləri işğalçı tərəf etməlidir ki, tərəflər ortaq məxrəcə gələ bilsinlər”.

Politoloq qeyd edib ki, prezidentlərin Cenevrə görüşündən real nəticələr onsuz da gözlənilmirdi:

“Diplomatik praktikadan məlumdur ki, bu tip görüşlərdə konkret nəticə əldə etmək üçün daha əvvəl böyük hazırlıq prosesi aparılmalı, rəsmi vəzifə daşıyan mütəxəssislər və xarici işlər nazirləri səviyyəsində intensiv danışıqlar olmalıdır. Bunun nəticəsində isə müəyyən sənəd razılaşdırılaraq hazırlanmalı və prezidentlərə təqdim edilməlidir. Yəni rəsmi mərhələdən əvvəl ciddi texniki hazırlıq mərhələsi aparılmalıdır. Cenevrə görüşündən əvvəl nazirlər bir araya gəlsələr də, texniki səviyyədə intensiv hazırlıq müşahidə olunmadı. Görüşün yekunlarına dair həmsədrlər adından yayılan bəyanatdan da görünür ki, ortada hər hansı real nəticə yoxdur. Vasitəçilər özləri də yeganə müsbət məqam kimi dövlət başçılarının görüşünün baş tutması faktını qeyd ediblər.

Bəyanatda deyilir ki, prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşıblar. Bunu yenilik kimi qəbul etmək doğru deyil. Bundan öncəki Vyana və Sankt-Peterburq görüşlərində də eyni məsələ - təmas xəttində toqquşmaların qarşısının alınması gündəmdə olub. Söhbət qoşunların təmas xəttində gərginliyin azaldılması üçün xüsusi mexanizmin yaradılmasından gedir. Halbuki təmas xəttindəki problem, lokal atəşkəs pozuntuları və təxribatlar Azərbaycan üçün prioritet məsələ deyil”.

Ş.Cəfərlinin sözlərinə görə, Azərbaycan problemin mahiyyəti üzrə məzmunlu danışıqların tərəfdarıdır:

“Unutmaq olmaz ki, bu problem birdən-birə yaranmayıb, münaqişənin birbaşa nəticəsi kimi meydana çıxıb. Deməli, təmas xəttindəki problemin həlli elə münaqişənin özünün həllindən keçir. Məhz buna görə də münaqişənin həlli üzrə real müzakirə mərhələsinə keçmək lazımdır. Təmas xətti məsələsini ayrıca götürüb müzakirə etmək və Azərbaycanı həmin zonada hansısa mexanizmin yaradılmasına razı salmağa çalışmaq nizamlanma prosesini yenidən uzatmaqdan başqa heç nəyə yaramayacaq. Həmsədrlərin bəyanatı bir daha göstərdi ki, tərəflər hələ də substantiv danışıqlar mərhələsinə gəlib çatmayıblar. Hesab edirəm ki, həmsədr ölkələr səmimi olaraq münaqişənin həllini istəyirlərsə, onda təmas xəttini prioritet məsələ kimi qabartmaqdan vaz keçərək tərəfləri real həll yollarının müzakirəsi üçün masaya oturmağa dəvət etməlidirlər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.