Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı- TAM MƏTN

18-10-2017, 11:49           
Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı- TAM MƏTN
18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. 25 il öncə Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının lehinə Ali Sovetin 360 deputatından 258-i səs verib, qalanlar ya sessiyaya qatılmayıb, ya da əleyhinə səs veriblər.

Konstitusiya Aktında göstərilir ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.

1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyəçıxarılıb vəəhalinin 95%-i bu referendumda iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.

Cebhe.info Müstəqillik Aktının tam mətnini təqdim edir.

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜSTƏQİLLİYİ HAQQINDA KONSTİTUSİYA AKTI

1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasıİstiqlal Bəyannaməsi qəbul edərək Azərbaycan xalqının dövlət quruluşunun çoxəsrlik ənənələrini dirçəltdi.

Azərbaycan Respublikasıöz ərazisində tam dövlət hakimiyyətinə malik olub müstəqil xarici və daxili siyasət yeridirdi. Azərbaycan Respublikasının müstəqil dövlətə xas olan təsisatları - parlamenti, hökuməti, ordusu, maliyyə sistemi yaradılmışdı və fəaliyyət göstərirdi. Azərbaycan Respublikası bir çox xarici dövlətlər tərəfindən tanınmış və onlarla diplomatik münasibətlər yaratmışdı. Lakin 1920-ci il aprelin 27-28-də RSFSR beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, müharibə elan etmədən öz silahlı qüvvələrinin hissələrini Azərbaycana yeritdi, suveren Azərbaycan Respublikasının ərazisini işğal etdi, qanuni seçilmiş hakimiyyət orqanlarını zorakılıqla devirdi və Azərbaycan xalqının çox böyük qurbanlar bahasına qazandığı müstəqilliyə son qoydu.

Bunun ardınca Azərbaycan 1806-1828-ci illərdə olduğu kimi yenidən Rusiya tərəfindən ilhaq edildi.

SSRİ-nin təşkili haqqında 1922-ci il 30 dekabr tarixli müqavilə bu ittifaqı təsbit etməli idi. Sonralar, 70 il ərzində Azərbaycan Respublikasına qarşıəslində müstəmləkəçilik siyasəti yeridilir, Azərbaycanın təbii ehtiyatları amansızcasına istismar olunur, milli sərvətləri çapılıb talanır. Azərbaycan xalqı təqiblərə və kütləvi cəza tədbirlərinə məruz qalırdı, onun milli ləyaqəti tapdalanırdı. Bütün bunlara baxmayaraq Azərbaycan xalqı dövlət müstəqilliyi uğrunda mübarizəni davam etdirirdi.

«Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında» Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi Bəyannamə də bu mübarizənin yekunu olmuşdur.

Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin vəənənələrinin varisliyinəəsaslanaraq və«Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında» Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir.

I. ÜMUMİ MÜDDƏALAR

Maddə 1. 1920-ci il aprelin 27-28-də RSFSR-in XI ordusunun Azərbaycana təcavüzü, respublika ərazisinin zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Demokratik Respublikasını devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin.

Maddə 2. Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir.

Maddə 3. SSRİ-nin təşkili haqqında 1922-ci il 30 dekabr tarixli müqavilənin Azərbaycana aid hissəsi imzalandığı andan etibarsızdır.

Keçmiş SSR İttifaqının tərkibinə daxil olmuş suveren dövlətlər ilə qarşılıqlı münasibətlərin ortaya çıxan bütün məsələləri müqavilələr və sazişlər arasında nizama salınmalıdır.

Maddə 4. Azərbaycan Respublikasının 1978-ci il Konstitusiyası bu Konstitusiya Aktının müddəalarına zidd gəlməyən yerlərində qüvvədə qalır.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası elan edilənə qədər qüvvədə olmuş, Azərbaycan Respublikasının suverenliyinə vəərazi bütövlüyünə zidd olmayan, milli dövlət quruluşunun dəyişdirilməsinə yönəldilmiş aktların hamısı Azərbaycan Respublikasında hüquqi qüvvəsini saxlayır.

Azərbaycan Respublikasının müvafiq qanunları qəbul edilənədək SSRİ qanunları Azərbaycan Respublikasının ərazisində hüquqi qüvvəsini saxlayır; həmin qanunların siyahısını Azərbaycan Respublikasının parlamenti müəyyən edir.

Maddə 5. Azərbaycan Respublikasının müstəqilliyinə qarşı yönəldilən hər hansı hərəkət suveren dövlətin daxili işlərinə qarışmaqdır və beynəlxalq hüquq normalarına uyğun olaraq bu hərəkətlərə cavab verilir.

Maddə 6. SSRİ-nin dövlət borcunun yalnız o hissəsi Azərbaycan Respublikasına keçə bilər ki, respublikanın ərazisində təsərrüfat fəaliyyəti nəticəsində və Azərbaycan Respublikasının ixtiyarına keçən SSRİəmlakı iləəlaqədar yaranmış olsun.

Maddə 7. SSRİ-nin Azərbaycan Respublikası ərazisindəki bütün daşınar və daşınmaz mülkiyyəti Azərbaycan Respublikasının dövlət mülkiyyətidir. SSRİ-nin daşınar mülkiyyətinin beynəlxalq hüquqa uyğun olaraq müqaviləüzrə başqa dövlətlərə - SSRİ-nin keçmiş subyektlərinə verilə biləcək hissəsi istisna təşkil edir.

SSRİ-nin Azərbaycan Respublikasının hüdudlarından kənarda olan, lakin Azərbaycan SSRİ-nin tərkibində olduğu dövrdə Azərbaycanın milli gəliri, təbii və başqa ehtiyatları hesabına yaranmışəmlakı bu əmlakın yaranmasında Azərbaycanın töhfəsinə müvafiq həcmdə, müqaviləüzrə Azərbaycan Respublikasına keçir.

II. AZƏRBAYCAN XALQI

Maddə 8. Azərbaycan xalqı Azərbaycan Respublikasının ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan bütün Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir; bu isə beynəlxalq hüquqla müəyyənləşdirilmiş normaları istisna etmir.

Maddə 9. Öz idarəetmə formasını seçmək, başqa xalqlarla öz münasibətlərini müəyyənləşdirmək, siyasi, iqtisadi və mədəni həyatınıöz tarixi və milli ənənələrinə, ümumbəşəri dəyərlərə uyğun inkişaf etdirmək Azərbaycan xalqının ayrılmaz hüququdur.

Maddə 10. Azərbaycan Respublikasında suveren hakimiyyət Azərbaycan xalqına məxsusdur. Azərbaycan xalqının hər hansı hissəsi, hər hansı bir şəxs suveren hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz.

Azərbaycan xalqı suveren hakimiyyəti bilavasitə referendum vasitəsilə və Azərbaycan Respublikasının parlamentinəümumi, bərabər və birbaşa seçki hüquqi əsasında gizli səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir.

Maddə 11. Azərbaycan xalqıöz iradəsinin ifadəsi kimi Azərbaycan Respublikasının demokratik quruluşuna və qanunun aliliyinə təminat verir.

III. AZƏRBAYCAN DÖVLƏTİ

Maddə 12. Azərbaycan xalqı müstəqil, dünyəvi, demokratik, unitar dövlət yaradır, bu dövlətin suveren hakimiyyəti daxili məsələlərdə ancaq hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan xalqının azad surətdə razılıq verdiyi müqavilələrdən və sazişlərdən irəli gələn müddəalarla məhdudlaşdırılır.

Azərbaycan Respublikasının suverenliyi şəriksizdir və onun bütün ərazisinəşamildir.

Azərbaycan Respublikasıöz ərazisində həyata keçirdiyi suveren hüquqları heç bir formada başqa dövlətlərə və ya dövlət ittifaqlarına vermir.

Maddə 13. Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətin bölünməsi prinsipinəəsaslanır.

Qanunvericilik hakimiyyəti Azərbaycan Respublikasının parlamenti tərəfindən həyata keçirilir.

Ali icra hakimiyyəti Azərbaycan dövlətinin başçısı olan Azərbaycan Respublikası Prezidentinə məxsusdur.

Məhkəmə hakimiyyəti müstəqil məhkəmələr tərəfindən və ali instansiyada - hər birinin öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi tərəfindən həyata keçirilir.

Maddə 14. Azərbaycan Respublikasının ərazisi vahiddir, bölünə vəözgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikasıöz ərazisinin hər hansı bir hissəsini, hər hansı bir formada kimsəyə vermir; yalnız Azərbaycan Respublikası parlamentinin qərarı ilə respublikanın bütün əhalisi arasında xalq səsverməsi (referendum) keçirmək yolu ilə Azərbaycan xalqının razılığıəsasında sərhədlərdə dəqiqləşdirmə aparıla bilər.

Azərbaycan Respublikasıərazisinin heç bir hissəsi başqa dövlətə və ya başqa dövlətin hüquqi şəxsinə satıla və verilə bilməz.

Maddə 15. Azərbaycan Respublikasının ərazisində yalnız Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları qüvvədədir.

Qanunvericilik hakimiyyəti Azərbaycan Respublikasının Konstitusiyası ilə, icra və məhkəmə hakimiyyəti Azərbaycan Respublikasının Konstitusiyası, qanun və hüquq ilə məhdudlaşdırılır.

Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikası parlamentinin qərarı ilə respublikanın bütün əhalisi arasında xalq səsverməsi (referendum) keçirmək yolu ilə qəbul edilir.

Maddə 16. Hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini aşağıdakı prinsiplər əsasında qurur: dövlətlərin suveren bərabərliyi, zor işlətməmək və zor işlətməklə hədələməmək, dövlət sərhədlərinin toxunulmazlığı, mübahisələri dinc yolla nizama salmaq, başqa dövlətlərin daxili işlərinə qarışmamaq, insanın hüquqlarına vəəsas azadlıqlarına hörmət etmək, xalqların bərabərliyi və onların öz müqəddəratını təyin etmək hüququ, dövlətlərin əməkdaşlığı, beynəlxalq hüquqi öhdəlikləri vicdanla yerinə yetirmək.

Maddə 17. Azərbaycan Respublikası:

1. Azərbaycan xalqının birliyini qorumalı, ayrıca şəxsin, ailənin, ictimai birliklərin və digər kollektivlərin mənafeyinə uyğun surətdə qanundan irəli gələn hüquqları və azadlıqları müəyyən edərək və bunlara hörmət göstərilməsini təmin edərək hüquq qaydası yaratmalıdır.

2. Sosial fəallığın bütün növlərinə rəvac verməli və onları əlaqələndirməli, bütün vətəndaşların mənafelərinin qanuna əsasən uzlaşmasını təmin etməli, hər bir şəxsin azad inkişafıüçün bərabər şərait yaratmalıdır.

3. Dövlət və ya ictimai mənzil fondunun evlərində abad yaşayış sahəsi almaqda və ondan daimi istifadə etməkdə, fərdi mənzil tikintisində Azərbaycan Respublikası vətəndaşlarına kömək göstərməlidir.

4. Güzəranı daha ağır olan əhali qruplarının vəziyyətinin yaxşılaşdırılması və sosial müdafiəsi qayğısına qalmalı, onların insana layiq həyat səviyyəsini, binəsiblərin sosial müdafiəsini təmin etməyəçalışmalıdır.

5. Azərbaycan Respublikası vətəndaşlarının həyatına, sağlamlığına, şəxsi azadlığına və təhlükəsizliyinə edilən qəsdlərdən onların müdafiəsini təmin etməlidir.

6. Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorumalı, sağlam ekoloji mühitin mühafizəsinə kömək göstərməli, dövlətin əzəli və təbii özəyi olan ailəni, habelə anaları və uşaqları himayə etməlidir.

Maddə 18. Azərbaycan Respublikasında Azərbaycan Respublikasının vahid vətəndaşlığı müəyyən edilir.

Azərbaycan Respublikasıöz vətəndaşlarının qarşısında qanunla müəyyən edilmiş vəzifələr daşıyır, Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının qarşısında qanunla müəyyən edilmiş vəzifələr daşıyırlar.

Heç kəs vətəndaşlıqdan və ya vətəndaşlığını dəyişdirmək hüququndan məhrum edilə bilməz. Azərbaycan Respublikasının hüquqlarından kənarda olan hər bir Azərbaycan Respublikası vətəndaşının hüquqi müdafiəsinə təminat verilir.

Maddə 19. Azərbaycan Respublikasının bütün vətəndaşları qanun qarşısında bərabərdirlər. Azərbaycan Respublikası insan hüquqlarının Ümumi Bəyannaməsinə, Helsinki müşavirəsinin Yekun aktına və hamılıqla qəbul edilmiş, başqa beynəlxalq hüquq sənədlərinə qoşularaq onlarda nəzərdə tutulan bütün hüquq və azadlıqlara vətəndaşların cinsindən, irqindən və milli mənsubiyyətindən, dini etiqadından, sosial mənşəyindən, siyasi əqidəsindən və başqa hallardan asılı olmayaraq əməl edilməsini, bu hüquq və azadlıqların maneəsiz həyata keçirilməsini təmin edir.

Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqları qanunda nəzərdə tutulmuş xüsusi hallardan başqa, hər hansı formada məhdudlaşdırıla bilməz.

IV. İQTİSADİ MÜNASİBƏTLƏR

Maddə 20. Bütün təbii ehtiyatlar hər hansışəxslərin və ya təşkilatların mülkiyyət hüquqlarından və mənafeyinə xələl gətirilmədən Azərbaycan Respublikasına məxsusdur.

Maddə 21. Hansı mənbədən gəlirsə gəlsin, Azərbaycan Respublikasının bütün mədaxili vahid ehtiyatlar əmələ gətirir və bu ehtiyatlar qanundan irəli gələn tələblərə vəöhdəliklərəəməl olunmaqla, qanunun müəyyən etdiyi məqsədlər üçün və qanunun müəyyən etdiyi qaydada işlədilir.

Maddə 22. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və kollektiv mülkiyyət şəklində ola bilər.

Xüsusi və kollektiv mülkiyyətə qanunla icazə və təminat verilir; qanun onların alınması və onlardan istifadə olunmasıüsullarını, onların fəaliyyət hüdudlarını müəyyən edir.

Xüsusi və kollektiv mülkiyyət məcburi şəkildəözgəninkiləşdirilə bilməz. Qanunda nəzərdə tutulmuş hallarda xüsusi və kollektiv mülkiyyət zərərin ödənilməsi şərtilə Azərbaycan Respublikasının xeyrinəözgəninkiləşdirilə bilər.

Daşınar və daşınmaz əmlakın tam müsadirəsinə yol verilmir.

Maddə 23. Azərbaycan Respublikasında hər cür iqtisadi fəaliyyət bazar münasibətlərinə və sahibkarlıq azadlığına əsaslanır.

Maddə 24. Azərbaycan Respublikası kooperasiyaya rəvac verir və müxtəlif kooperativ təşkilatlarının və başqa birliklərin qanuna müvafiq surətdə inkişafı üçün lazımi şərait yaradır.

Maddə 25. Azərbaycan Respublikası bütün formalarda əməyi mühafizə edir. Öz əməyinin kəmiyyət və keyfiyyətinə uyğun olaraq zəhmətkeşin azad və ləyaqətli yaşayışüçün kifayət edən haqq almaq hüququ vardır.

Qanunla müəyyən edilmiş hallardan başqa, məcburi əmək qadağan edilir.

Əmək qabiliyyəti olmayan və lazımi dolanışıq imkanlarından məhrum olan hər bir vətəndaşın dövlətdən kömək və yardım almaq hüququ vardır.

Zəhmətkeşlər həmkarlar ittifaqları təsis etməkdə azaddırlar.

Tətil hüququnu zəhmətkeşlər bu hüququ tənzimləyən qanunlar çərçivəsində həyata keçirirlər.

V. SİYASİ MÜNASİBƏTLƏR

Maddə 26. Azərbaycan Respublikasının yetkinlik yaşına çatmış vətəndaşlarının seçki hüququ vardır.

Səsverməşəxsi, bərabər, azad və gizlidir.

Səsvermə hüququ yalnız vətəndaşın hüquq qabiliyyətsizliyi nəticəsində və ya qüvvəyə minmiş məhkəmə hökmüəsasında məhdudlaşdırıla bilər.

Maddə 27. Azərbaycan Respublikasının siyasətinin müəyyənləşdirilməsinə demokratik yolla kömək etmək üçün Azərbaycan Respublikasının bütün vətəndaşlarının azad surətdə siyasi partiyalar və digər ictimai birliklər yaratmaq hüququ vardır.

Maddə 28. Siyasi plüralizm prinsiplərinə uyğun olaraq siyasi partiyalar ictimai rəyin formalaşdırılmasında və ifadəsində iştirak edirlər və siyasi fəaliyyətin əsas ünsürləridir. Onların yaradılması və fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarıçərçivəsində azaddır.

Maddə 29. Azərbaycan Respublikasını müdafiə etmək Azərbaycan Respublikası vətəndaşının müqəddəs borcudur.

Qanunla müəyyən edilmiş hüdudlarda və növlərdə hərbi xidmət məcburidir.

Maddə 30. Azərbaycan Respublikasının bütün vətəndaşlarıöz gəlirlərinə uyğun olaraq dövlət xərclərində iştirak etməlidirlər.

Vergi sistemi mütərəqqilik prinsipinəəsaslanır.

Maddə 31. Bütün vətəndaşlar Azərbaycan Respublikasına sadiq olmalı, onun Konstitusiyasına və qanunlarına riayət etməlidirlər.

VI. YEKUN MÜDDƏALARI

Maddə 32. Bu Konstitusiya Aktı Azərbaycan Respublikasının yeni Konstitusiyasının hazırlanması üçün əsasdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.