Qarabağ adam. İlham İsmayılın 60 yaşına

20-10-2017, 11:39           

Qarabağ adam. İlham İsmayılın 60 yaşına

Bir əcnəbi məndən soruşsa: “Azərbaycanlı necə olur, bizə bir nümunə göstər”. Cavab verərəm: “İlham Ismayil, baxın!”

“Bəs Qarabağlı hansı görkəmdə, simada olur?” Gözümü qırpmadan deyərəm: “Buyurun, tanış olun, İlham İsmayıl!”

“Yaxşı, sən kimsən?”, desə. “Dostum İlhama baxın, məni tanıyacaqsınız”.

***

O, ürəyi gözündə döyünən adamdı. Qarabağdan danışanda onun gözlərinə baxın, ürəyini görəcəksiniz. Mən onun ürəyinə o qədər baxmışam ki.

Qarabağın da ürəyi gözündədi – Şuşada!

Onu bərkdən danışan görmədim heç! O, bağırtısı içində olan adamdı. Vətəni qışqırıqla yox, pıçıltıyla sevənlərdəndi.

Bütün sevgilərin bir səsi var, axı – pıçıltı!



***

O, Sovet DTK məktəbini oxuyub. Oxuyub agent olub. Rus nə qədər adamı oxudum ki, özünə agent eləsin. Çar dönəmində də, Sovet zamamında da. Oxuyub ona agentlik edənlər də olub, oxuyub vətənin agenti olanlar da. Mən İlham İsmayılı Qarabağın agenti bilirəm.

İlham İsmayılın “KQB-MTN. Görünən dağın bələdçiliyi” adlı bir kitabı var. Birnəfəsə oxunan kitablardandı. Bir gecəyə oxudum. O, kitabda belə yazır: “Yer kürəsi fırlanıb kölgələri yox etdiyi kimi, zaman da fırlanır və kölgədəki həqiqətlər işıq üzü görür”. Kitabı oxusanız, son 30-40 ilin kölgədə qalan nə qədər həqiqətini görəcəksiniz.

“Deyə bilmədiyim hələ nə qədər həqiqətlər qaldı kölgədə, zamanı gəlməyib”, mənə belə deyir.

***

“Yazmaq, ən azı, adamı tənha qalmağa qoymur”. İlham kitabında belə deyir.

Tənhalıqlar zəmanəsində Yazı dünyayla barışa bilməyənləri son sığınacağı olur.

İndi o öz peşəsinə qayıdıb – jurnalistikaya. Yazır. Yazdığı yazıları oxuyun! Qarabağ təbili çalır o yazılar.

Eşidən varmı görən o təbili?

Komada olan adam kimsəni eşitməz. Keyimiş bədən əzaları kimidi zombiləşmiş kütlə.

Bilirsiniz, niyə onunla ünsiyyətdə rahatlıq tapıram? Özüm təzə bilmişəm. İlham vətən kimidi. Özü də uzaq ellərdən, uzun illərdən sonra döndüyün ata ocağı kimi. Hər halıyla sənə doğma olan yurd yeri kimi.

***

Bu sözləri bu sabah yazdım – sənin 60 yaşına iki gün qalmış. Deyəcəklərimsə çoxdu. Özünə deyəcəm!

Arzuların arzularımdı. Səni təbrik edirəm, əziz dost, Qarabağ adam!
Nurəddin Xoca və teref.az olaraq bizdə təbrik edirik!!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.