"Savadlı olmaq üçün 10 dənə kitabı oxumaq kifayət edər, amma həmin kitabları tapmaq üçün minlərlə kitab oxumaq lazımdır. "
20-10-2017, 23:47
Savadlı olmaq üçün 10 dənə kitabı oxumaq kifayət edər, amma həmin kitabları tapmaq üçün minlərlə kitab oxumaq lazımdır. Bu deyimi çoxdan oxumuşdum, lap çoxdan.... O zaman Sovetlər dönəmi idi. Sovetlər bir ideoloji dövlət idi və kitab işinə xüsusu qayğı ilə yanaşırdı. Sovetlər dönəmini nə qədər tənqid etsək də, insafla deməliyik ki, kitab və kitabxana işləri yüksək səviyyədə idi. Balaca kəndlərdə belə kitabxanalar var idi. Rayon mərkəzlərində isə böyük kitabxanalar fəaliyyət göstərirdi. Hamı mütaliə ilə məşğul idi. Yadımdadır, M.F.Axundov adına Mərkəzi kitabxana düz gecə saat 11-ə kimi işləyirdi. 11-in yarısında birinci zəng salınırdı, yəni hazırlaşın və kitabları təhvil verin. Saat 11-də isə bağlanırdı. Azərbaycan Milli Elmlər Akademiyasının Elmi kitabxanası isə həftənin beş gününü saat 6-ya kimi işləyirdi. Bu kitabxanalarda yüksək xidmət var idi. Bütün işçilər professional idi. Biblioqraflar necə da usta idilər. Heç bir çətinliyimiz olmurdu. Bəs indi? Müstəqil olduq, bu sahə hara getdi? Rayonlarda, kəndlərdə kitabxanalar məhv edildi, onları kafelər, restoranlar əvəz etdi. Bakıda nə qədər kitabxana var idi. Hara getdi onlar? Orada olan kitabları neynədilər? O zaman Mərkəzi kitabxanada və AMEA-nın kitabxanasında yaşı iki yüzə çatan kitablar var idi. İndi onlardan demək olar ki, heç bir qalmayıbdır. Hamısını qara əllər biznes xatirinə kimlərəsə satıblar. Təsəvvür edin ki, 10 il bundan qabaq istifadə etdiyimiz qiymətli qədim kitablar birdən-birə yoxa çıxır. Buna nə ad vermək olar? Bu gün kitabxanalarda adamlar barmaqla sayılır. Bəzi günlərdə tələbələr qələbəlik təşkil edir. Elmi işçilərin çoxunu orada görmək olmur. İndiyə qədər bir deputatı oralarda görməmişəm. Amma hamısı elmlər doktoru olublar. Kitabxanada işləmədən doktor olmaq, bazardan meyvə almağa bənzəyir. Yəni, pul doktorlarıdır bunlar. Kitabxanalarımızda xidmət necədir? İnsafən Respublka Mərkəzi kitabxanasında xidmət yüksəkdir. Orada peşəkarlar üstünlük təşkil edir. Amma AMEA Elmi kitabxanasında bu cür deyildir. Professionallar yoxa çıxıbdır. Onların əvəzinə cavanlar çalışır. Onlar isə təcrübəsiz olduqlarından yaxşı kömək edə bilmirlər. Bu kitabxana nazirliyə bənzəyir. Buranın rəhbərliyi ilə əlaqə saxlamaq hansısa nazirlə əlaqə saxlamaqdan çətindir. Bir məsələ ilə bağlı bu kitabxananın direktoru ilə görüşmək istədim. Təsəvvür etmirdim ki, belə olacaqdır. Aşağıdan telefon açdılar. Oradan kim olduğumu soruşdular. Dedim ki, 30 ilin oxucusu... Dedilər ki, nə işlə bağlıdır. Dedim ki, şəxsi işlə... Başladım gözləməyə... Yarım saat gözlədim. Səs çıxmadı... Bu da elmi fəaliyyətlə məşğul olan bir dosentə olan münasibət. Görünür ki, kiməsə zəng etdirməli idim ki, məni qəbul etsinlər. Başa düşdüm ki, bu kitabxananın direktoru özünü nazir kimi hiss edir. Heç olmasa əvvəllər belə deyildi. Bu kitabxana AMEA-nın binasında olanda onun direktoru ilə görüşmək çətin deyildi. Amma indi yalnız bunu arzulaya bilərsən. Niyə belədir? Niyə biz bu gündəyik?
Xaricdə xidmətləri görəndə özün-özünə yazığın gəlir ki, ölkəndə bu hallara necə dözürsən... Məsələn, qardaş Türkiyədə İslam Araştımaları Mərkəzinin Kitabxanasını (İSAM) misal göstərə bilərəm. Orada olan xidmət adamaı valeh edir. Milyona yaxın kitab vardır. İstənilə vaxt rəhbərliklə əlaqə saxlaya bilərsən. Kitabxanaya üzvlük pulsuzdur. Kitabxanada oxuculara pulsuz çay və kofe verilir. Gecə 12-yə qədər işləyə bilərsən. Kserokopiya demək olar ki, pulsuzdur. Mən. 2000-dən yuxarı səhifəyə bizim pulla 10 manat miqdarında pul verdim. Bizdə, düzdü, Respublika Mərkəzi kitabxanasına üzvlük pulsuzdur, amma AMEA kitabxanasına elmi işçilər ildə 5 manat, kənar insanlar isə ayda 10 manat ödəməlidirlər. Kserokopiya da 4 qəpik. İndi gəl kserokopoya et.
Qardaş Türkiyənin Süleymaniyyə kitabxanasında isə vəziyyət lap əladır. Təsəvvür edin ki, İstanbuldan Bakıya qayıdırdım. Uçağın qalxmağına 5 saat vaxt var idi. Getdim Süleymaniyyə kitabxanasına və 3 saat sərbəst işlədim. Qardaş Türkiyədə bütün kitabxanalarında ürəkaçan vəziyyət hökm sürür. Bizdə bu cür mümkündürmü? Türkiyədəki kitabxanalar səviyyə baxımdan Avropa və ABŞ-dan çox geri qalır. İndi görün oralarda nələr vardır.
Dostlar, bizdə hər şeyə biznes kimi baxırlar. Ona görə də bu cür hallarla üzləşmişik. Vəziyyət düzəlmək əvəzinə, daha da ağırlaşır. Get-gedə Ərəb ölkələrinə daha çox bənzəyirik. O ölkələr ki, aqibəti göz qabağındadır. Allah bizi bundan qorusun!
Dilavər Əzimli.