Bədnam yazı "Sabah"dan çıxarıldı, amma izi qaldı

21-10-2017, 14:57           
Bədnam yazı "Sabah"dan çıxarıldı, amma izi qaldı
Türkiyədə çıxan "Sabah" qəzetində futbol yazarı Mevlut Tezelin "Qarabağ"-"Atletiko" matçında tribunadan çəkilmiş bir fotonu əsas götürərək yazdığı yazı qəzetin saytından çıxarılıb. Artıq həmin yazının bağlantısı yoxdur.

Qeyd edək ki, futbol yazarı "Qarabağ" azarkeşlərinin yeddi iri hərfi printerdə çap etdirərək yan-yana qoymasını və Q A R A B A Ğ sözü yaratmalarını görüntüləyən şəkli ələ salaraq qeyd etmişdi ki, zaman-zaman onlar (azərbaycanlı azarkeşlər) da futbol mədəniyyətini öyrənəcəklər.

Buna cavab olaraq azərbaycanlı azarkeşlər, eləcə də türkiyəli ziyalılar "Sabah" qəzetinə və yazı müəllifinə kəskin etirazlarını və hiddətlərini bildiriblər.
Belə anlaşılır ki, qəzet rəhbərliyi təzyiqlərə dözməyərək və münasibətlərin daha da gərginləşməsini istəməyərək həmin bədnam yazını saytdan çıxarmağı lazım bilib.

Bu xüsusda fikirlərini bölüşən "Modern.az" saytının baş redaktoru Elşad Eyvazlı sosial şəbəkədə qeyd edib ki, bazar ertəsi "Sabah" qəzeti bu mövzuda yeni bir yazı (güman ki, üzrxahlıq səciyyəli) dərc edəcək.

Azxeber.com məsələ ilə bağlı sabah.com.tr saytının baş redaktoru İsa Tatlıcan ilə əlaqə saxlayıb. O deyib ki, yazı saytdan silinib: "Bu yazı köşə yazarının şəxsi fikirləri idi və tənqidlərdən sonra saytımızdan silinib".

O eyni zamanda yazarla bağlı deyib ki, özü geniş açıqlama verəcək: "Biz köşələrə qarışmırıq. Mevlut Tezel özü geniş açıqlama verəcək. Onun yerinə danışmağım düzgün olmaz".

Onu da qeyd edək ki, "Sabah"ın həmin yazısı ölkəmizdəki bəzi anti-Türkiyə ovqatlı qüvvələrin əlinə dəstəvuz verib və onlar bir futbol yazarının iki kəlmə səfeh sözünü Azərbaycan-Türkiyə qardaşlığının fövqünə qoymaq cəhdləri edirlər.

Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.