ABŞ-da DÜNYANI SİLKƏLƏYƏCƏK DAHA BİR QALMAQAL QOPA BİLƏR:Tramp ABŞ xüsusi xidmətlərinə savaş açacaqmı? - TƏHLİL

23-10-2017, 09:52           

Aydın Mehdiyev

pravda.ru, 21.10.2017


Donald Tramp şənbə günü, oktyabrın 21-də Twitter-də yazıb ki, MKİ və FTB-nin ABŞ prezidenti Con Kennedinin qətlinə işıq salacaq 3 min faylını məxfisizləşdirməyə hazırdır.

Trampın bu bəyanatı qalmaqal qopardı, çünki dünya KİV-ləri elə səhər ertədən Ağ Ev başçısının, guya, “milli təhlükəsizlik mülahizəsinə görə” bu məxfi materiallardan “məxfidir” qrifini götürməkdən imtina etdiyi haqda məlumatını tirajlayıb.

Beləcə, 2017-ci ilin yanvarında andiçmə mərasimindən sonra MKİ və FTB-nin Trampı məruz qoyduğu alçaltma və təhqirlərə görə qisas almağa əla imkan meydana çıxıb. Xüsusi xidmətlər “Tramp komandasının Rusiya ilə gizli əlaqələri” haqda məxfi məlumatları ard-arda KİV-lərə axıdaraq, Ağ Evin rüsvayçı başçısına qarşı əsil savaş elan ediblər.

İndi isə Tramp bildirib ki, ABŞ-ın 35-ci prezidenti Con Kennnedinin 1963-cü il noyabrın 22-də Dallasda (Texas ştatı) yerli vaxtla 12.30-da həyata keçirilmiş qətlinin sirrini açan MKİ və FTB-nin 3 min faylının ABŞ qanunları ilə nəzərdə tutulan məxfisizləşdirmə proseduruna mane olmayacaq. Tramp Twitter-də yazıb: “Mən bir prezident kimi, sonrakı məlumatları əldə etmək şərtilə Con Fitscerald Kennedi işi üzrə uzun zaman təcrid edilmiş məxfi məlumatları açıqlamağa icazə verəcəyəm”.

Gözlənilir ki, Milli Arxiv oktyabrın 26-da MKİ və FTB-nin 1963-cü il faciəsi haqda məxfi fayllarını açıqlayacaq. Bundan savayı, əvvəllər yalnız qismən dərc edilən 30 mindən çox sənəd üzərindən “məxfidir” qrifi götürüləcək.

Bu materialların dərcindən sonra qəflətən aydınlaşsa ki, Kennedinin qətlində Amerika xüsusi xidmətlərinin əli var, onda onların nüfuzuna düzəldilməsi mümkün olmayan ziyan dəyəcək. Donald Tramp isə məmnunluqla əlini əlinə sürtüb deyə bilər: “Rusiya ilə gizli əlaqələrimə görə mənim üzərimə çirkab atmaq lazım deyildi”.

Ancaq təhlilçilərin çoxu hesab edir ki, həm MKİ, həm də FTB Kennnedinin qətlində onların əli olduğunu göstərən ən təhlükəli sübutlardan artıq çoxdan xilas olub. Belə ki, əvvəllər qapalı sənədlərin növbəti qisminin məxfisizləşdirilməsi Dallasdakı faciə haqda məlum faktlara az şey əlavə edəcək.

Yada salaq ki, “əsrin qətli”nin araşdırılması üzrə 1992-ci ildə məxfi sənədlərin elan edilməsini 25 il, yəni 2017-ci il oktyabrın 26-a qədər donduran müstəqil komissiya yaradılıb. Və, budur, bu faylların nəşr vaxtı çatıb…

Tarixə qısa bir gəzişmə

ABŞ prezidenti Con Kennedi 1963-cü il noyabrın 22-də Dallasa (Texas ştatı) səfər zamanı avtomobillə şəhərin küçələrindən keçərkən, tüfəng atəşi ilə öldürülüb. Hökumətin bu qətldən sonra yaradılmış “Uorren komissiyası” nəticə çıxarıb ki, cinayəti tək qatil – Li Harri Osvald həyata keçirib. Sui-qəsd versiyası lap başdan rədd edilib.

Lakin ABŞ xüsusi xidmətləri lap əvvəldən özlərini şübhəli aparıb. Onlar Kennediyə atılan ölümcül güllənin trayektoriyasını öyrənməkdən imtina edib. Prezident kortejinin gedişinin çəkildiyi həvəskar lentyazısından görünür ki, Kennedinin bədəni atəş anında geri atılır. Halbuki, rəsmi versiyaya əsasən, tək qatil Li Harri Osvaldın atəş açdığı kitab anbarı kortejin arxa tərəfində idi. Məntiqə əsasən, oradan buraxılan güllə Kennedinin bədənini geri deyil, irəli itələməliydi.

Bundan başqa, komissiya iddia edib ki, Osvald "dayandoldurum" olmayan (yəni çaxmağı çəkmək lazım gəlməyən) tüfəngdən 5 saniyədə 3 atəş açmağı bacarıb. Sonralar Amerikanın ən yaxşı snayperləri bu nəticəni təkrar edə bilməyiblər, amma məlumdur ki, Osvaldın özü heç də birinci dərəcəli atıcı sayılmayıb.
ABŞ-da DÜNYANI SİLKƏLƏYƏCƏK DAHA BİR QALMAQAL QOPA BİLƏR:Tramp ABŞ xüsusi xidmətlərinə savaş açacaqmı? - TƏHLİL
Yaxud, budur, daha bir müəmma: Kennedinin başına dəymiş güllə nədənsə işin materiallarında yoxdur. Ekspertizaya götürülmüş beyin də müəmmalı şəkildə yoxa çıxıb. Sirli qətlin bu və ya başqa cür şahidi olan əllidən çox adam sonralar bu cür sirli şəkildə həlak olub. Məsələn, Kennedini cəsədini yarmış cərrah öz mənzilində ölü tapılıb. Osvaldı aparan taksiçi sonradan avtoqəzada ölüb. “Hasarın arxasından atəş açan iki kişi” barədə ifadə vermiş çahidlərdən biri də həyatından olub.

Və budur, bu əhvalatda ən şübhəli məqam: polis niyə Cek Rubiyə iki gündən sonra polis idarəsindən Dallas həbsxanasına aparılan Osvaldı yaxından güllələməyə imkan verib?

Bu qətl şayiə doğurub ki, Osvald məhkəmədə MKİ və FTB-dəki hamilərinin adlarını açıqlaya bilərdi, buna görə də xüsusi xidmətlər Rubinin əliylə Kennedinin qatilini “aradan götürməyi” qət edib. Lakin Osvaldın qətlindən 3 il sonra Rubinin özü də olduqca müəmmalı şəraitdə öləcək.

Daha bir şübhəli fakt: Kennedinin qətlə yetirildiyi anın həkk olunduğu həvəskar foto və videomaterialların hamısı polis tərəfindən müsadirə olunub və dərhal məxfiləşdirilib.

Bundan savayı, korteji təqib anında aparılan əsas həvəskar çəkiliş elə montaj edilib ki, hasarın arxasından prezidenti hədəfə götürən ikinci atıcının varlığı haqda versiya təkzib edilsin.

Diqqətçəkəndir ki, Osvald Kennedinin qətlinə cəmi iki həftə əvvəl FTB ofisinə baş çəkib. Amma müstəqil ekspertlərin hesab etdikləri kimi, sui-qəsd sifarişçiləri Osvalda yalnız pərdə rolu ayırıblar, Kennedinin beynini dağıdan ölümcül gülləni isə hasaran arxasından peşəkar snayper atıb.

Dolayı sübutlar var ki, FTB başçısı Edqar Quver nəinki Kennedinin aradan qaldırılmasına hazırlıqdan xəbərdar, həm də özü bunda son dərəcə maraqlı idi, çünki prezidentin ABŞ baş prokuroru təyin edilən qardaşı Robert mafiya və xüsusi xidmətlərə qarşı "xaç yürüşü" elan etmişdi.

1991-ci ildə məşhur rejissor Oliver Stounun çəkdiyi və səkkiz nominasiyada (üstəlik, “Ən yaxşı film” kateqoriyasında) “Oskar”a təqdim edilən “Con F. Kennedi. Dallasda atəşlər” filmi ekranlara çıxıb. Film Yeni Orleanın dairə prokuroru Cim Harrisonun araşdırmasından danışır. Prokuror nəticə çıxardıb: Kennedinin qətlində MKİ və FTB-nin əli var. Filmin qəhrəmanlarından biri – xüsusi xidmətin adı çəkilməyən zabiti – Harrisona Kennedinin Dallas səfərindən qabaq “yuxarıdan” gələn qəribə sərəncamlardan danışır. Məsələn, naməlum səbəbdən məcburi prosedurlar – qarşıdakı səfər yerinə özəl qrupun əvvəlcədən gedişi, binanın yoxlanışı, pəncərələrə nəzarət, korteji təqib zamanı kütlənin içinə agentlərin yerləşdirilməsi, snayperlərin düzülüşü ləğv edilib.

Beləliklə, ABŞ xüsusi xidmətləri Kennedinin qətlindən 54 il sonra ABŞ-ın 35-ci prezidentinin qətlinin təhqiqatıyla bağlı fakt və sənədləri hələ də hamıya bildirməyə tələsmir.

Donald Tramp durumu dəyişməyi və Kennediyə qarşı sui-qəsd haqda bütün həqiqəti deməyi bacararmı? Və bu, böyük sualdır. Axı Tramp açıq şəkildə MKİ və FTB-yə qarşı getsə, onun da həyatı təhlükəyə düşə bilər. Düşünürük, çətin ki, Tramp ABŞ xüsusi xidmətlərinə qarşı açıq savaş elan etməyə cürət edər. Və XX əsrin baş sirri belə də zülmətə bürünəcək.

Tərcümə Strateq.az-ındır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.