Nikah kağızını götürməyən cütlüyə Bakı aeroportunda - Qadağa

23-10-2017, 17:11           
Nikah kağızını götürməyən cütlüyə Bakı aeroportunda - Qadağa
Övladları və həyat yoldaşı ilə birgə xarici ölkəyə səyahətə gedən şəxs aeroportda maneə ilə qarşılaşıb. Belə ki, yoldaşının soyadı fərqli olan vətəndaşdan nikah və uşaqların doğum haqqında şəhadətnaməsi tələb edilib. Əks təqdirdə onlara ölkədən çıxışa icazə verilməyəcəklərini bildiriblər.

“Qafqazinfo”ya müraciət edən şəxs sözügedən prosedur qaydalarının aydınlaşdırılmasını istəyib.

DSX-nin mətbuat xidmətinin rəhbəri Rövşən Cahangirov “Qafqazinfo”ya bildirib ki, uşaq əgər ölkədən çıxırsa, hər iki valideynin notarial qayadada təsdiq olunmuş razılığı olmalıdır: “Əgər ata ilə gedirsə ananın, ana ilə gedirsə atanın razılıq sənədi olmalıdır. Uşaqlar ata və ana ilə birlikdə gedirlərsə və ana öz qızlıq soyadındadırsa, həmin şəxslərin üzərində ya nikah haqda şəhadətnamə yaxud da uşağın doğum haqda şəhadətnaməsi olmalıdır. Çünki şəhadətnamədə ananın ad-soyadı da yazılır. Ya da ananın pasportunda köhnə qaydada uşağın şəkilləri olmalıdır”.

R.Cahangirov qeyd edib ki, onların bu məlumatlara elektron qaydada çıxışları yoxdur: “Biz sistemdə ancaq ölkədən çıxma şərtlərini görürük. Ədliyyə Nazirliyinə aid nikah şəhadətnaməsi və ya yol polisinə cəriməsi haqda məlumatları biz görmürük”.

Vəkil Cavid Rzazadə “Qafqazinfo”ya açıqlamasında əlavə edib ki, bu prosedur “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanun və prezidentin fərmanı ilə təsdiqlənən “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanunun tətbiqi barədə əsasnamə ilə tənzimlənir: “Müvafiq qanunvericiliyə görə, uşaqlar ölkədən yalnız valideynlərin iştirakı və ya razılığı ilə gedə bilər. Uşağın anasının valideyn kimi təsdiqlənməsi isə yalnız doğum haqda şəhadətnamə ilə mümkündür. Nikah haqda şəhadətnamənin isə bu prosedura heç bir aidiyyatı yoxdur və yalnız nikah kağızı ilə uşaqlar ölkədən buraxıla bilməz. Çünki kişi başqa qadınla evlənə bilər, amma uşaqlarının anası bundan öncə evli olduğu qadın ola bilər. Yaxud ata və ana boşana bilər, amma uşaqlarla bir yerdə xaricə çıxa bilərlər. Boşanmış olduqları üçün də nikah şəhadətnaməsini təqdim edə bilməzlər.

Azərbaycanda bu problem ataya münasibətdə daha asandır. Türkiyədə şəxsiyyət vəsiqələrində ana və ata barədə məlumatlar qeyd edilsə də, bizdə pasportlarda yalnız ata ilə bağlı məlumatlar yazılır. Son illər verilən pasportlarda yerləşdirilən “çip”lərdə isə ata və ana haqda məlumatlar var.

Bir də ki, əgər valideynlərdən biri və ya hər ikisi vəfat edibsə, onda ölüm haqda şəhadətnamə də təqdim edilməlidir”.

C.Rzazadə bildirib ki, nazirliklərin elektron bazası bir-birinə inteqrasiya edilmədiyi üçün həmin sistemdən şəxs haqda digər məlumatları əldə etmək mümkün olmur: “Vətəndaş vəziyyəti aktları yalnız Ədliyyə Nazirliyinin Notarial İdarəsinin bazasında olur. Sərhəd Xidmətinin sərhədkeçmə ilə bağlı ayrıca bazası olur. Misal üçün, ərinin maşınını etibarnamə olmadan sürən qadın YPX əməkdaşına deyə bilməz ki, elektron bazada onun nikah haqda şəhadətnaməsinə baxsın və həqiqətən də filankəsin onun əri olduğunu bilsin. Çünki həmin baza yol polisində yoxdur. Hər nazirliyin öz sahəsi çərçivəsində məlumat bazası var”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.