Milli Şuranın mitinqində terror törətmək istəyən şəxslər məhv edildi - DTX-dan AÇIQLAMA

26-10-2017, 09:04           
Milli Şuranın mitinqində terror törətmək istəyən şəxslər məhv edildi - DTX-dan AÇIQLAMA
Qabaqcadan əlbir olan bir qrup şəxsin partlayıcı maddələr əldə edib dini ekstremizm zəminində Azərbaycan Respublikası ərazisində terror aktları planlaşdırdıqları barədə Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənmiş, qeydə alınan fəaliyyətləri təxirəsalınmaz tədbirlərin görülməsini zəruri edib.
Müəyyən edilib ki, Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən dini ekstremist terror təşkilatının tabeçiliyini qəbul etmiş bir qrup şəxs Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbəsində “Abdullah” ləqəbli Azərbaycan Respublikasının vətəndaşı Ələkbərov Bəxtiyar Məmmədsadıq oğlunun yaşadığı evdə toplaşaraq sonuncunu qeyd olunan cinayətkar birliyin tərkibində özlərindən ibarət dəstənin “əmir”i seçiblər.
Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, həmin şəxslər ardıcıl terror aktları törətmək məqsədi ilə əldə etdikləri maddə və ləvazimatlarla kustar üsulla partlayıcı-yandırıcı predmetlər hazırlamış, 2017-ci il oktyabr 22-də Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində seçdikləri məkanda sınaqdan keçirmişlər. Əməliyyat-texniki yolla ətraflı qeydə alınmış həmin şəxslərin görüşlərində onlar ölkədə sabitliyi və təhlükəsizliyi pozmaq, ictimai-siyasi qarışıqlıq yaratmaq məqsədilə 2017-ci il oktyabrın 28-də Bakı şəhərində keçiriləcək mitinqdə terror aktı törətmək barədə razılığa gəlmişlər.
Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar çıxarılmış şəxslərin saxlanılması üçün 2017-ci il oktyabrın 25-də kompleks əməliyyat tədbirləri keçirilib.
Əməliyyat zamanı cinayətkar dəstənin üzvləri Azərbaycan Respublikasının vətəndaşları Ələkbərov Bəxtiyar Məmmədsadıq oğlu, “Əbu-Yunis” ləqəbli Məsimli Anar Mehman oğlu, “Əbu-Vakkaz” ləqəbli Hüseynli Cavid Hüseyn oğlu odlu silahlardan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən xüsusi əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla məhv ediliblər.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
TEREF.İNFO












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.