Mahmud Məmmədquliyev: “AŞ-da qalmalı və mövqelərimizi müdafiə etməliyik, Azərbaycanın oradakı fəaliyyətinə heç kim mane ola bilməz”
26-10-2017, 09:44
Avropa Şurası Parlament Assambleyasının Azərbaycanla bağlı bir gündə iki qətnamə qəbul etməsindən sonra Avropa Şurası-Azərbaycan münasibətlərində gərginlik artıb. Hakimiyyət təmsilçiləri AŞ PA-nı Azərbaycana qərəzli münasibətdə ittiham edirlər. Deputatlar arasında hətta Azərbaycanın AŞ-dan çıxmaq qərarı verməsi çağırışı edənlər də var. Lakin bu çağırışa əks mövqedə olan deputatlar da var ki, mövqelərini Qarabağ məsələsini xüsusi önə çəkməklə əsaslandırırlar. Məsələn, deputat Zahid Oruc bildirib ki, Azərbaycan AŞ-dan çıxsa, bu, ermənilərin həmin qurumda əlini-qolunu açar. Deputatın sözlərinə görə, AŞ-dan çıxmaqla bağlı qərar versək, ermənilər bu fürsətdən istifadə edəcək. Dağlıq Qarabağın “müstəqilliyini” tanıtmaqdan tutmuş, digər məsələlərdə də bu fürsətdən yararlanmağa çalışacaqlar.
Deputatın mövqeyinin haqlı olduğunu konfliktoloq Əvəz Həsənov “Yeni Müsavat”a açıqlamasında bildirib: “Zahid Oruc kifayət qədər praqmatik adamdır. Hakimiyyətin dəstəkləyicilərindən biri olsa da yaxşı başa düşür ki, Azərbaycan AŞ-dan çıxsa, onun üçün yaxşı heç nə olmayacaq. Ən azından bir müddətdən sonra yenidən ora qayıtmaq üçün yol axtaracaqdır. Ümumiyyətlə, əgər ölkə üzv olduğu istənilən beynəlxalq qurumu tərk edirsə, bu onun imicinə böyük zərbədir. Əgər həmin ölkənin ciddi problemi yoxdursa, istənilən qurumla əməkdaşlığını öz istədiyi kimi qura bilər. Amma bizim Dağlıq Qarabağ problemimiz olduğu üçün bu cür beynəlxalq qurumdan çıxmağımız ermənilərin əl-qolunu açar. AŞ PA-da meydanı Ermənistana və onun dəstəkçilərinə buraxmaq olmaz”.
Jurnalist Eynulla Fətullayev isə hesab edir ki, AŞ-dan çıxmaq ölkəmizin avrointeqrasiyadan imtinası demək deyil: “Bəziləri hələ də dərk etmir ki, Avropa Şurasından çıxmaq avrointeqrasiya yolundan imtina etmək deyil. Məsələn, Avropada Şərq Tərəfdaşlığı Proqramı, Avronest və Avronestin Parlament Assambleyası da var. Avropa Şurası ilə eyni məqsədlər və identik missiya daşıyan qurumdur. Əksinə, Avronest birbaşa Avropa İttifaqı ilə əməkdaşlığı təmin edən qurumdur. Avropa Şurası isə öz tarixi missiyasını yerinə yetirib, ümumiyyətlə, bu qurum ləğv edilməlidir... Özü də bu quruma daxil olan dövlətlər 5-6-sını çıxmaq şərtilə, artıq Avropa Birliyinin üzvləridir. Bu 5-6 dövlət isə içi Azərbaycan qarışıq, heç vaxt Avropa Birliyinə üzv qəbul edilməyəcək”.
“Düşünmürəm ki, Azərbaycanın Avropa Şurasından çıxması düzgün ideyadır. İkili standartlara və Azərbaycana qarşı ədalətsiz münasibətə baxmayaraq, güman edirəm ki, biz bu təşkilatda qalmalıyıq və öz mövqeyimizi müdafiə etməliyik”.
Bunu isə virtualaz.org-a eksklüziv şərhində Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
M.Məmmədquliyev Avropa İttifaqı ilə danışıqlara cavabdehdir.
Məmmədquliyev qeyd edib ki, hələ Azərbaycan AŞ-a daxil olmazdan əvvəl o, uzun illər ərzində bu strukturda Azərbaycanın nümayəndə heyətinə başçılıq edib.
“Mərhum Heydər Əliyev Avropa Şurası ilə münasibətlərə böyük önəm verirdi. Məhz onun tapşırığı ilə biz bu təşkilata üzv olmaq üçün uzun müddət danışıqlar aparmışdıq. Düşünmürəm ki, bir neçə anti-Azərbaycan elementinə görə mövqelərimizdən geri çəkilməliyik. O ki qaldı Yaqlanda, o, vur-tut baş katibdir və əsla bütün təşkilat demək deyil. Bu gün var, sabah yoxdur. Amma Avropa Şurasında Azərbaycanın gözəl münasibətlər qurduğu 47 ölkə var”, - nazir müavini bildirib.
Onun sözlərinə görə, Azərbaycan AŞ-da başqa ölkələrin malik olduğu eyni hüquqlara malikdir: “Biz bu təşkilata könüllü və şüurlu şəkildə daxil olmuşuq. Mövqeyim belədir ki, orada qalmalı və mövqelərimizi müdafiə etməliyik. Azərbaycanın Avropa Şurasındakı fəaliyyətinə heç kim mane ola bilməz”.
E.SEYİDAĞA,
"Yeni Müsavat"