Dünyanın gözü Bakıda - 2 gün sonra böyük layihə işə düşür

28-10-2017, 10:02           
Dünyanın gözü Bakıda - 2 gün sonra böyük layihə işə düşür
BTQ-nin möhtəşəm açılış mərasimi olacaq; 3 türk dövlətinin prezidenti Bakıda bir araya gələcək; Azərbaycan və Türkiyə arasında bir sıra mühüm sənədlər imzalanacaq

Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılışına artıq 2 gün qaldı. Möhtəşəm açılış mərasimində 3 türk dövlətinin prezidenti iştirak edəcək. Belə ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev də oktyabrın 30-da Azərbaycana səfərə gələcək. Bu haqda Qazaxıstan prezidentinin rəsmi saytında bildirilib. Səfər çərçivəsində Qazaxıstan prezidentinin Bakı-Tbilisi-Qars dəmiryolunun rəsmi açılış mərasimində iştirak edəcəyi gözlənilir. Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabaev bildirdi ki, dövlət başçısı, “Bakı-Tbilisi-Qars” dəmir yolu layihəsinin rəsmi açılışında iştirak etmək üçün gələcək.

Xəbər verdiyimiz kimi, açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı da baş tutacaq.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb.

Türkiyə prezidentinin saytında bildirilir ki, R.T.Ərdoğan 30-31 oktyabr tarixlərində Azərbaycanda səfərdə olacaq. R.T.Ərdoğan oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ilk səfərinin açılış mərasiminə qatılacaq. Bu mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev və Gürcüstanın baş naziri Georgi Kvirkaşvili də iştirak edəcək. Qeyd edək ki, daha öncə Gürcüstanın dövlət başçısı səviyyəsində təmsil olunması nəzərdə tutulsa da, son anda baş nazirin iştirakına qərar verilib.

Oktyabrın 31-də isə Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısı keçiriləcək. Türkiyə prezidenti iclasda iştirak edəcək. Nazirlərin də iştirakı ilə keçiriləcək toplantıda iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunacaq.


Görüşlərdə Dağlıq Qarabağ münaqişəsi başla olmaqla, regional və qlobal proseslər diqqət mərkəzində olacaq. İki ölkə arasında bir sıra mühüm sənədlərin imzalanması nəzərdə tutulub.

Məlumatda o da vurğulanır ki, R. T. Ərdoğanın səfəri iki ölkə arasında diplomatik münasibətlərinin 25-ci ildönümünə təsadüf etdiyindən xüsusi diqqət çəkir.


Qeyd edək ki, Türkiyə və Gürcüstan qədər Qazaxıstan da bu layihənin işə düşməsində maraqlıdır. Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu Qazaxıstan ərazisindən keçməklə Avropaya Çindən əlavə yük cəlb edilməsinə təsir edəcək. Bu barədə Trend-ə Qazaxıstanın İnvestisiya və İnkişaf üzrə Nazirliyi yanında Nəqliyyat Komitəsindən bildiriblər. Məlumatda qeyd edilir ki, Bakı-Tbilisi-Qars dəmiryolu işə salındıqdan sonra Çindən gələn və Qazaxıstan ərazisindən keçən yükün həcmi böyük dərəcədə artacaq. Bu mənada Qazaxıstan da tranzit ölkə kimi nüfuzunu artırmış olacaq.

Qazaxıstan artıq Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə hərəkət edəcək ikinci yük qatarını hazırlamağa başlayıb. Qazaxıstanın Azərbaycandakı səfirinin sözlərinə görə, ikinci qatar Rumıniyaya çatdırılması nəzərdə tutulan kömürlə yüklənəcək. Səfir həmçinin xatırladıb ki, bir neçə gün əvvəl Qazaxıstandan Türkiyənin Mersin şəhərinə BTQ vasitəsilə taxıl aparan birinci yük qatarı yola salınmışdı.


İqtisadçı ekspert Vüqar Bayramov da “Yeni Müsavat”a açıqlamasında Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin iştirakçı dövlətlərin hər biri üçün iqtisadi əhəmiyyətinin yüksək olduğunu vurğulayıb: “BTQ region üçün vacib layihələrdən biridir. Nəzərə alsaq ki, bu layihə Orta Asiyanın Türkiyə vasitəsilə Avropa ilə birləşdirilməsinə şərait yaradacaq. Həmçinin BTQ Azərbaycan üçün yükdaşımalardan əldə edilən gəlirin artması baxımından çox vacib bir məsələdir. Azərbaycan beynəlxalq yükdaşımalardan daha çox gəlir əldə edəcək. O baxımda BTQ Azərbaycan üçün iqtisadi baxımdan vacib bir layihədir. Siyasi və geostrateji əhəmiyyətindən başqa, ölkəmizin dövlət gəlirlərinin artırılması baxımından müsbət təsirləri var. Azərbaycan və Türkiyə texniki baxımdan birbaşa bu layihədə iştirak edir. Qazaxıstan Xəzər dənizi vasitəsilə layihədən faydalanma imkanları qazanıb. Bu layihə ölkələr arasında iqtisadi əlaqələrin gücləndirilməsi baxımından çox vacibdir”.

V.Bayramovun sözlərinə görə, BTQ imkan verəcək ki, Orta Asiyadakı türkdilli dövlətlərin texniki baxımdan birləşməsi baş tutsun: “O baxımdan region üçün əhəmiyyətli bir layihə hesab etmək olar. BTQ Ermənistandan kənar keçdiyi üçün layihənin reallaşmasına kifayət qədər təzyiqlər var idi. Ancaq artıq layihə reallaşıb, yaxın günlərdə açılışı olacaq. Güman edirəm ki, tərəflər və Azərbaycan layihənin reallaşmasından gəlir əldə edəcəklər. Bu layihə Azərbaycanın qeyri-neft məhsullarını xaricə ixrac etmək baxımından da əhəmiyyətlidir. Azərbaycan burada yalnız tranzit ölkə olaraq iştirak etməyəcək, bu dəmiryolundan istifadə edərək öz məhsullarını xarici ölkələrə çıxaracaq. Bu baxımdan BTQ həm də ölkəmizin qeyri-neft sektorunun inkişafına zəmin yaradacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.