Təcili : Rövşən Lənkəranski və keçmiş baş nazir Surət Hüseynova yaxınlığı ilə tanınan “Bakılı Əhməd” İstanbulda güllələndi
4-11-2017, 20:47
İstanbulda “Bakılı Əhməd” ləqəbi ilə tanınan iş adamı Əhməd (soyadı məlum deyil: avropa.info) evində güllələnib. Avropa.info-nun Türkiyədəki mənbələrdən əldə etdiyi məlumata görə, “Bakılı Əhməd” ləqəbli iş adamı kriminal avtoritet Rövşən Lənkəranski və eyni zamanda keçmiş baş nazir Surət Hüseynovla yaxın olması ilə tanınırmış. “Bakılı Əhməd”in hətta Rövşən Lənkəranskinin cənazəsinin Azərbaycana yola salınmasında fəal iştirak etdiyi bildirilir. Rövşənin ölümündən sonra isə iş adamının onun qardaşı, gömrük polkovniki Namiq Caniyevlə yaxın əlaqələrinin olduğu qeyd edilir. “Bakılı Əhməd”in keçmiş baş nazir, hazırda Türkiyədə biznes fəaliyyəti ilə məşğul olan Surət Hüseynovla da yaxşı münasibətlərinin olduğu bildirilir. İstanbulda tekstil biznesi ilə məşğul olan Surət Hüseynova məhz “Bakılı Əhməd”in yardım etdiyi də gələn məlumatlar arasındadır. Mənbə bildirir ki, Surət Hüseynovun biznesinə məhz “Bakılı Əhməd” rəhbərlik edirmiş. Bununla yanaşı Lənkəranski ilə Surət Hüseynov arasında hər hansısa münasibətlərin olub-olmaması haqda məlumat yoxdur. Bu arada evində güllələnən “Bakılı Əhməd”in ağır yaralı olduğu və İstanbuldakı xəstəxanalardan birinə aparıldığı bildirilir. Onun vəziyyətinin kritik olduğu qeyd olunur.