Kreml Sərkisyanın “ilgəyi”ni sıxır – Azərbaycan planı
6-11-2017, 11:04
Təxminən bir həftə sonra - noyabrın 15-də Ermənistan prezidenti Serj Sərkisyan Moskvaya yollanacaq. Bir çox ekspertlər, o cümlədən, erməni təhlilçilər hesab edirlər ki, Sərkisyanın qarşıdakı ziyarəti Tehranda ötən həftə azərbaycanlı həmkarı İlham Əliyevlə görüşən Rusiya prezidenti Vladimir Putinlə təkcə “saat əqrəblərini” tutuşdurmaq məramı güdməyəcək, daha çox Avropa Birliyinin (AB) 24 noyabr Brüssel sammiti ərəfəsi axırıncı təlimat-məsləhət, xəbərdarlıq xarakteri daşıyacaq.
Bəllidir ki, Sərkisyan AB-nin həmin sammitində 4 illik fasilədən sonra ikinci cəhddə təşkilatla çərçivə sazişi imzalanmasına ümid edir. Belə bir sənədin imzalanmasını azı, üç səbəbdən arzulayır: 1. Öz toplumuna göstərmək istəyir ki, guya Ermənistan heç də Rusiya qarşısında suverenliyi və müstəqilliyini tam itirməyib, yəni müti deyil; 2. Nə vaxtsa Ermənistanın Rusiyanın qucağından çıxıb Qərbi tuta biləcəyi haqda sonuncuya incə mesaj vermək istəyir; 3. Rusiya qarşısında manevr və şantaj imkanlarını artırmaqla ondan əlavə imtiyazlar qoparmağa ümid edir.
Təbii ki, Moskvada bunu bilirlər. Həm də bu üzdən 15 noyabr görüşü kifayət qədər kritik sayılır. Ən əvvəl isə Sərkisyanın özündən ötrü. Məsələ ondadır ki, gələn ilin aprelində Ermənistan prezidentli üsul-idarəçilikdən parlamentli idarəçiliyə keçəcək və həmin vaxtdan əsas səlahiyyətlər prezidentdə yox, baş nazirdə olacaq. Aydındır ki, qarşıdakı qısa zaman kəsiyində Sərkisyan özünü “yaxşı aparmasa”, o halda “yana” və Kremlin etibarını itirə, nəticə etibarilə yeni postda indiki baş nazir, sırf Rusiya adamı sayılan Karen Karapetyan otura bilər.
Bu xüsusda Sərkisyanın 15 noyabr Moskva səfəri son dəfə “xalça üzərinə” çağırış, yəni “haqq-hesab” söhbətinə dəvət də adlandırıla bilər. Siyasi şərhçilər məhz qeyd edilən məqama məxsusi diqqət ayırır, eyni zamanda Sərkisyanın səfəri öncəsi Azərbaycanın və onun əsas müttəfiqi Türkiyənin prezidentlərin son açıqlamalarındakı şifrəli mesajları həm də Qarabağ məsələsi kontekstində açmağa çalışırlar.
*****
Məsələn, Musavat.com-un məlumatına görə, rusiyalı analitik Mixail Belyayev “Vestnik Kavkaza” nəşrindəki məqaləsində yazır: “BTC-ni açılışından iki gün sonra Tehranda üçlü formatda - Rusiya, İran və Azərbaycan rəhbərlərinin görüşü oldu. Tehranda nəqliyyat inteqrasiya layihələrindən danışıldı. Azərbaycan həmçinin, Rusiya qazının İranın şimalına çatdırılması üçün öz üzərinə tranzit ölkə rolunu götürməyə hazırlaşır. Ekspert qiymətləndirmələrinə görə, söhbət illik 2-3 milyard kub metr qazdan gedir. İqtisadi qazancla yanaşı, bu, Bakının regional önəmini artıracaq və Moskva-Bakı-Tehran üçtərəfli birliyini daha da möhkəmlədəcək”.
Analitik daha sonra prezident İlham Əliyevin Tehranda Putinlə görüşdən sonra verdiyi məlum açıqlamaya diqqət yönəldir: “Əliyev deyib ki, ikitərəfli əlaqələrin gündəliyi kontekstində onunla Putin arasında öz həllini gözləyən heç bir problem qalmayıb. Rusiyanın Dağlıq Qarabağ məsələsində həlledici rolu nəzərə alınarsa, bu bəyanat təkcə Rusiya ilə əməkdaşlığın səviyyəsindən razılıq kimi yox, həm də Qarabağ məsələsinin həllindən dolayı anlaşmaların əldə olunmasının göstəricisi kimi də anlaşıla bilər”.
AB-nin Brüssel sammitindən Ermənistanın gözləntilərinə gəlincə, rusiyalı şərhçi hesab edir ki, əgər Ermənistan təşkilatla hansısa şəkildə Rusiya maraqlarına toxunan və Ermənistanın Rusiyaya qarşı loyallığını azaldan çərçivə sənədini imzalasa, o zaman çox qəribə situasiya ilə üzləşəcək: “İş ondadır ki, Ermənistanın Rusiyaya mütləq və şərtsiz loyallığı Moskvanın Azərbaycanın hərbi cəhətcə durdurmasının qarşılığındadır. Və erməni ordusuna silah alınmasına ayrılan hər güzəştli Rusiya krediti də buna xidmət edən aydın xəbərdarlıq olmalıdır. Ermənilərin müdafiəsi üçün Rusiyanın ayırdığı növbəti 100 milyonluq silah kreditini də İrəvanın AB-nin Brüssel sammitində Rusiya maraqlarını gözləmək üçün Ermənistana verilən özünəməxsus avans saymaq olar. Əks halda, Dağlıq Qarabağ konfliktinin ”Rusiya-Türkiyə" formatında həll variantı istisna deyil".
*****
Yeri gəlmişkən, noyabrın 2-də prezident Ərdoğan bəyan edib ki, yaxın iki həftədə həmkarı Putinlə görüşəcək və onunla Dağlıq Qarabağ məsələsini də müzakirə edəcək. Türkiyə liderinin fikrincə, “əgər hörmətli Putin həqiqətən bu məsələ ilə məşğul olsa, o zaman problem asanca çözülər”.
“Rusiyanın konflikti həll etmək imkanı barədə Türkiyə prezidentinin optimizmi diqqət çəkməyə bilmir. Onun bu açıqlaması artıq Ermənistanda narahatlıq doğurub. Orada ehtiyat edirlər ki, Türkiyə rəhbərliyi münaqişənin həllini Moskva-Bakı-Ankara üçbucağına qaytarmaq istəyir” - rusiyalı təhlilçi yazır.
O da diqqətçəkicidir ki, Ərdoğan Putinlə görüşü təxminən Sərkisyanın Moskvaya səfər günlərinə təsadüf edəcək. Bu xüsusda müəllifin aşağıdakı proqnozu da maraq kəsb edir: “Ermənistanda yumşaq saray çevrilişi ssenarisi kifayət qədər real təsəvvür edilir: hansı ssenaridə ki, gələn ilin aprelində baş nazir postunu Brüssel səhvi üzündən Rusiya dəstəyindən məhrum olacaq indiki prezident Sərkisyan yox, başqa namizəd tuta bilər. Misal üçün, keçmiş ”Qazprom"çu və hazırkı baş nazir Karen Karapetyan. Söz düşmüşkən, Karapetyan İrəvanda məqsədli şəkildə keçirdiyi mətbuat konfransında gələn ilin aprelində baş nazir postunu qoruyub saxlamağın mümkünlüyü məsələsini açıq saxlayıb. Maraqlı təsadüfdür".
*****
Maraqlısı həm də odur ki, bu arada politoloq Elxan Şahinoğlu özünün etibarlı mənbəyinə istinadla Putinin öz Qarabağ planını işə salmaq istədiyini yazıb.
Sitat: “İnandığım etibarlı qaynaqdan əldə etdiyim məlumata görə, Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü ərəfəsində Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qeyd-şərtsiz azad olunması ilə bağlı Azərbaycan qarşısında 3 şərti var.
Birinci şərt: Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olmalıdır. İkinci şərt: Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmalıdır. Üçüncü şərt: Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilməlidir. Çox ağır şərtlərdir. Birinci şərti müəyyən istisnalarla yerinə yetirmək mümkündür, o biri iki şərt Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir. Başqa məlumatlar da var”.
Əslində Kremlin Bakıya Qarabağla bağlı üç şərti yeni deyil. Bu barədə zaman-zaman yazmışıq. Rəsmi Bakının həmin şərtlərə, “Lavrov planı” deyilən plana münasibəti də bəllidir - öncə torpaqlar qeyd-şərtsiz azad edilməlidir. Həmçinin, “5 rayon” söhbəti təzə sayılmaz. Hərçənd, konflikt ətrafında bəzi yeni və maraqlı gəlişmələrin olması etiraf olunmalıdır.
Son gəlişmələrin Ərdoğan və Sərkisyanın Rusiya prezidenti ilə qarşıdakı görüşləri ilə bağlılıq dərəcəsi yəqin ki, sirr qalmayacaq. Bir maraqlı detalı da əlavə edək: Sərkisyan Moskvaya Ermənistanın müdafiə naziri, özünün ən yaxın adamı sayılan Vigen Sərkisyanla birgə gedəcək. \\musavat.com\\