İqbal Ağazadəyə qarşı etiraz aksiyaları hazırlanır: Ümid liderinin qardaşı vətəndaşların mülkiyyətini ələ keçirməkdə ittiham olunur

6-11-2017, 17:42           
İqbal Ağazadəyə qarşı etiraz aksiyaları hazırlanır: Ümid liderinin qardaşı vətəndaşların mülkiyyətini ələ keçirməkdə ittiham olunur
“Biz – mülkiyyət hüququ pozulan vətəndaşlar İqbal Ağazadənin rəhbərlik etdiyi Ümid partiyasının qarşısında etiraz aksiyası keçirməyə hazırlaşırıq”.

Ovqat.com xəbər verir ki, məlumatı əməkdaşımızla söhbətində iş adamı Etibar Qasımov bildirib.

Həmsöhbətimizin bildirdiyinə görə, onları buna vadar edən səbəb partiya sədrinin qardaşı İlqar Ağazadə ilə aralarında gedən mülkiyyət mübahisəsidir: “Mən və digər şikayətçilər Gəncə prospekti 29/35 A ünvanında yerləşən binanın birinci mərtəbəsindən obyekt almışıq. Düz 11 il əvvəl 200 min manat ödəyərək aldığım həmin yer daha sonra İqbal Ağazadənin şəxsi əlaqələri vasitəsi və məhkəmələrin haqsız qərarları ilə özününküləşdirmək istəyir. Hazırda öz hüququmuz uğrunda apardığımız mübarizə isə heç bir nəticə vermir. İqbal Ağazadənin hakimiyyətdəki himayədarları məhkəmələrə təzyiq göstərərək, hüquqlarımızın bərpasına mane olurlar. Bizim də çarəmiz etiraz aksiyaları ilə dərdimizi ölkə rəhbərliyinə çatdırmağa qalıb”.

Qeyd edək ki, ötən cümə günü 1 saylı Bakı İnzibati-İqtisa di Məhkəməsində Mömünat Hacıbəyovanın hakimliyi ilə keçirilən prosesdə etirazçıların iddiası təmin olunmamışdı. İddiaçılar 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2013-cü ildə çıxartdığı qərarla öz mülkiyyətlərinin əllərindən alınmasından şikayətçi idilər. Bir növ “səndən sənə şikayətim var” prinsipiylə keçirilən məhkəmədə iddiaçıların vəkili Elmar Kərimov çıxış edərək, hakimin binanın birinci mərtəbəsini zirzəmi kimi qiymətləndirməsini həm hüquq, həm də arxitertura baxımdan absurd hesab etmiş və fikrini belə əsaslandırmışdı:

“Əvvəla, binanın həmin hissəsinin I mərtəbə olması gözlə görüləcək qədər aydındır. İkincisi, hətta həmin hissə zirzəmi olsa belə, onun başqasına satılması qanunən qadağandır. Çünki qanunvericiliyə əsasən, ucamərtəbəli binaların zirzəmisi sakinlərin ortaq mülkiyyətidir, heç bir tikinti şirkəti onu başqasına sata bilməz”.

Vəkilin bütün əsaslandırmalarına baxmayaraq, hakim Mömünat Hacıbəylinın iddianı təmin etməməsini İqbal Ağazadənin himayədarlarının məhkəməyə təzyiqi kimi qiymətləndirən Etibar Qasımov öz mülkiyyəti uğrunda mübarizəni bir neçə istiqamətdə aparacağını bildirir:

“İstiqamətlərdən biri hüquqi çərçivədir. Biz son məhkəmə instansiyasına qədər mübarizəmizi davam etdirəcəyik. Hətta öz ölkəmizdə hüququmuzun bərpasına nail ola bilməsək, beynəlxalq məhkəmələrə baş vuracağıq.

İkinci istiqamət isə etiraz aksiyaları təşkil etməkdir ki, bu sahədə ilk addımı Ümid partiyasının qərargahının qarşısında atmağa hazırlaşırıq. Növbəti mərhələdə bütün hüquqi aktları heçə sayıb Ağazadə qardaşlarının xeyrinə qərarlar qəbul edən məhkəmələrin önündə aksiya keçirməyi planlaşdırırıq”.

Etibar Qasımov onu da bildirdi ki, İqbal Ağazadənin Rusiyadakı mülkiyyətlərinin siyahısını da çıxarıb və müxalifət partiyasının sədri kimi görünən bu adamın hansı vəsaitlə həmin zənginliyi əldə etdiyini araşdırmaq üçün yaxın günlərdə hüquq mühafizə orqanlarına müraciət edəcək: “İqbal Ağazadə və onun qardaşı İlqar unutmasınlar ki, mən onlar kimi Azərbaycanın pullarını aparıb Rusiyada investisiya yatırmamışam. Əksinə, dırnağımla, dişimlə Rusiyada qazandıqlarımı gətirib öz ölkəmə qoymuşam. Məqsədim bir neçə ailəyə çörək pulu qazandırmaq olub. Mən o obyekti ərsəyə gətirmək üçün Sumqayıtdakı evimi belə satmışam. Hazırda kirayələrdə yaşayıram. Öz halal çörəyimi hansısa dələduzların mənimsəməsinə imkan verməyəcəyəm”.



Redaksiyadan: Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.