Eldar Mahmudov 5 saat dindirildi –Sabiq nazir idarəyə xüsusi müşahidə altında gətirilib

6-11-2017, 22:41           

Xəbər verdiyimiz kimi, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov bu günlərdə, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə dindirilməsi üçün Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb.

Nəzərinizə çatdıraq ki, MTN-in Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq Eldar Mahmudovun köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant Vüqar Mahmudov həmin nazirliyin vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudova dövlət əmlakının mütəşəkkil dəstə tərkibində külli miqdarda mənimsəmə, ayrı-ayrı vətəndaşların əmlakını hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini kobud surətdə pozma, vəzifə saxtakarlığı, eləcə də tamahkarlıq və şəxsi maraqlarına görə qulluq mövqeyindən sui-istifadə əməllərinə görə ittihamlar elan edilməklə barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Məsələ ilə bağlı Gununsesi.info-nun əldə etdiyi informasiyada deyilir ki, sabiq MTN şefi bu gün yenidən məhz sözügedən cinayət işi üzrə dindirilmək üçün Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb.

Məlumatda qeyd olunur ki, Eldar Mahmudov nə az, nə çox düz 5 saatdan artıq dindirildikdən sonra sərbəst buraxılıb. Belə ki, bu barədə Gununsesi.info-nu məlumatlandıran hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, sabiq MTN şefi bu gün səhər saat 10 radələrində xüsusi müşahidə altında Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində ifadə verib.

“Eldar Mahmudov səhər saat 10 radələrində dindirilmək üçün idarəyə çağırılıb və 5 saatdan sonra oranl tərk edib”, – deyə mənbə qeyd edib.

Həmçinin o da bildirilir ki, keçmiş milli təhlükəsizlik naziri yaxın günlərdə yenidən Baş Prokurorluğa çağırıla bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.