Bakıda brend geyimlərin baha satılmasının sirri...
7-11-2017, 12:32
Hələ qış fəsli gəlməsə də, artıq qış geyimləri mağaza vitrinlərini bəzəməkdədir. Müxtəlif qiymətdə və çeşiddə olan paltolar, qalın gödəkcələr, uzunboğaz çəkmələr, əlcəklər, şərflər insanların diqqətini çəkməyə bilmir. İnsanların bəziləri qış geyimlərini indidən alır, çünki sezonunda baha olacağını düşünür. Biz də qış geyimlərinin qiymətini, haradan gətirildiyini öyrənmək üçün bir neçə geyim mağazasına baş çəkdik.
Qiymətlər mağazanın markasına və yerləşdiyi əraziyə görə dəyişirdi. Məsələn, Nizami (“Torqovı”) adlanan ərazidəki mağazalarda paltoların qiyməti 500 manatdan başlayırdısa, “Nəriman Nərimanov” və “28 May” metrosu ərazilərində 80 manatdan başlayırdı. Hətta axtarsan daha da ucuzunu da tapmaq mümkündür. Apardığımız müşahidələrə əsasən, ümumilikdə qiymətlərin sezon başlamasa belə baha olduğunu deməyə əsas var. Məsələn, “Torqovı”da paltolar 400-1000 manat arası, uzunboğaz çəkmələr 200-600 manat arası, qalın jaketlər 90-200 manat, şərflər 50-150 manat arasında dəyişirdi. Bu qiymətlər dünyanın müxtəlif ölkələrinin tanınmış brendlərinin geyimləri idi.
Təəssüf ki, bu brendlər digər ölkələrdə Azərbaycanda satıldığından dəfələrlə ucuz qiymətədir. Elə brendlər var ki, onların geyimləri dünyanın bütün ölkələrində eyni qiymətə satılır, Azərbaycanda isə bunun əksidir. Azərbaycanda əksər insanların üz tutduğu və geyimləri bəyənilən bir marka U.S.Polo dur ki, bu markanı Türkiyədəki qiymətlərlə müqayisə etsək olduqca ucuz olduğunu görərik. Məsələn, “Metro Park”da yerləşən bu mağazada ən ucuz uzunqol kişi köynəyi 70 manatdır. Türkiyədə isə 39.95 TL-dir. Bu isə bizim pulla təxminən 19 manat 97 qəpik edir. Bakıda bu markadan 20 manata sadə bir köynək tapmaq demək olar ki, mümkün deyil. Məşhur cins şalvarlar markası olan “Mavi” markasının qiymətləri də Bakıda “əl yandırır”. Belə ki, paytaxtda “Mavi”dən olan sadə cins şalvarın qiyməti 120 manatdan, Türkiyədə 119 TL-dən, Amerikada isə 29 dollardan başlayır. Azərbaycanda brend geyimlərin bahalılığını kargo pulunun baha olması ilə əlaqələndirirlər. Məsələn, Çindən gətirilən mallar, brend mallara nisbətən çox ucuzdur. Çünki Çindən Azərbaycana kargonun 3 dollara, Türkiyədən isə 6 dollara gəldiyi deyilir. Bunu gömrükdə artıq geyimlərin kilo ilə yox, dənə ilə hesablandığı ilə əlaqədar olduğunu da deyirlər.
“Polo”, “De Fakto”, “Pierre Cardin”, “Karren Millen”, “French Connection”, “Mavi”, “Bebe” və s. kimi məşhur brendlərin digər ölkələrdə ucuz, Azərbaycanda isə baha satılmağının səbəblərinə gəlincə, iqtisadçı ekspert Natiq Cəfərli isə bunun bir yox, bir neçə səbəbi olduğunu dedi: “Azərbaycanda fəaliyyət göstərən dünya markalarının çoxu şəbəkə şəklində çalışmır. Ancaq müqavilə ilə çalışır ki, adını və məhsulunu yerli partnyoruna təhvil verir, gömrük və vergi probleminə qarışmadan ancaq adının işlədilməsinə icazə verir və öz malları ilə təmin edir. Ona görə də dünya şəbəkələrində olan eyni markalı məhsulların Azərbaycanda satışa çıxarılmasına şirkətin özü cavabdeh deyil. Biz bunu çox asanlıqla yoxlaya da bilərik. Eyni markaya aid olan məhsulu dünyanın istənilən ölkəsində ya şəbəkə dükanlarında dəyişdirə bilərsiniz. Amma eyni markanı siz Azərbaycandakı dükanda dəyişə bilməzsiniz. Çünki bu, şəbəkə şəklində fəaliyyət göstərmir. Qiymətlərin baha olması da bununla əlaqədardır. İkinci bir problem isə odur ki, hər bir məhsula ədədlə gömrük rüsumu ödənilir. Artıq iki ildir ki, ölkəmizə gətirilən məhsullar gömrükdən bir-bir gömrük rüsumu ödənilməklə keçirilir. İndi paltarın çəki ilə yox, ədədlə gömrükdən keçməsi qiymətin bahalaşmasına səbəb olan amillərdən biridir. Digər bir amil isə ciddi devalvasiyadan və manatın ucuzlaşmasından sonra xarici valyuta ilə alınan məhsulların qiymətində ciddi dəyişiklik hiss olunur. Son dövrlər dollar sabit qalsa da, avronun Azərbaycanda ciddi bahalaşmasını görürük. Avroda təqribən 15 faiz qiymət artıb. Bu da Avropadan gətirilən məhsulların qiymətlərinin daha çox bahalaşmasına səbəb oldu. Digər qlobal məsələ isə rəqabət mühiti ilə bağlıdır. Rəqabət mühiti, bazar oyunçularının sayı artdıqca təbii ki, qiymətlərdə normallaşma müşahidə edəcəyik. Yəni bunu inzibati yollarla və yaxud da hansısa qiymət göstərişi yolları ilə etmək mümkün deyil. Sağlam rəqabət ən yaxşı qiymət tənzimləyicisi rolunda çıxış edir. Yəni iş adamına heç kim deyə bilməz ki, sən bu malı bu qiymətə satacaqsan. Əgər rəqiblər olarsa, o malın qiymətini aşağı sala bilər. Azərbaycanda rəqabət mühiti olmadığı üçün mallar Azərbaycan istehlakçısına daha baha qiymətə gəlib çatır”.
Qış geyimləri almadan öncə bu qış nəyin dəbdə olacağı ilə maraqlananlarınsa diqqətinə çatdırmaq istərdik ki, bu qışın əsas rəngləri tünd qırmızı və hərbi yaşıl rəng olacaq. Bundan başqa, üzərində müxtəlif heyvan təsvirləri olan jaketlər də dəbdə olacaq. Bu ilin növbəti yeniliyi retro geyimləridir. Belə ki, xanımlar 1930-35-ci illərin dəbini izləyəcəklər. Builki qış mövsümündə toxunma geyimlər, xüsusilə jaket və köynəklər yenidən ön planda olacaq. Ətəklərə gəldikdə isə qışda qısa deyil, uzun və midi, enli ətəklər dəbdə olacaq. Dar şalvar və ya ətəklərə üstünlük verən xanımlar isə dar köynəklər geyinməklə dəbə uyğunlaşa biləcəklər. Paltolara gəldikdə isə həm ciddi, həm də romantik üslublu, eləcə də topuğa qədər uzun paltolar dəbdə olacaq. Builki mövsümdə xəz paltarlar yenə də öz yerini qoruyacaq. Lakin qısa deyil, dizdən aşağı uzanan xəzlərə üstünlük veriləcək. Ayaqqabılara gəlincə isə enli və hündür dabanlı ayaqqabılar dəbdə olacaq. Çantalara gəldikdə isə dəri, eləcə də pələngi, qızılı rəngli çantalar dəbdədir. Bu qış əldə tutulan çantalara üstünlük veriləcəyi gözlənilir. Dəbli geyinməyi sevən xanımların qarderobunda enli kəmərlərin sayı artacaq. Enli kəmərləri isə iri və uzun boyunbağı, qolbaq, sırğalar tamamlayacaq. Kişilər üçünsə yaxasında kürk olan qısa palto və gödəkcələr dəbdədir. Həmçinin dəridən hazırlanmış geyimlər də kişilərin qarderobunda əhəmiyyətli yer tutacaq. Kişi geyimlərində olan dəyişikliyin biri də kəmərlərdir. Belə ki, dəblə uyğunlaşanlar pencək və ya gödəkcələrin üzərinə kəmər taxacaqlar, şərflər isə kəmərli geyimləri tamamlayacaq. \\musavat.com\\