Vidadi Zeynalovla bağlı ŞOK QƏRAR: - Cəzası 9 il azaldı
7-11-2017, 19:39
Bakı Apellyasiya Məhkəməsində "Rabitə işi” üzrə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti əsasında məhkəmə başa çatıb.
APA-nın verdiyi məlumata görə, hakim Qədim Babayevin sədrlik etdiyi iclasda qərar elan edilib.
Qərara əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov cəzası 4 ilə, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun cəzası 7 il 6 aya endirilib.
“Ortik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov barəsində isə 2 il sınaq müddəti ilə şərti cəza seçilib, o, məhkəmə zalından azadlığa buraxılıb.
Emin Məmmədov və Anar Mustafayev barəsində də 2 il müddətinə şərti cəza seçilib və onlar iclas zalından azadlığa buraxılıblar.
16:17
Rabitə və Yüksək Texnologiya Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov və digərlərin birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayətə baxılıb.
Lent.az-ın məlumatına görə, hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxslərin apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin çıxardığı hökmün qüvvədə saxlanılmasını istəyib.
Vidadi Zeynalov qısa çıxış edərək bildirib ki, qanun qarşısında heç bir günahı yoxdur: "Sadəcə prezident qarşısında günahkaram".
Hakimlər Kollegiyası qərarı elan etmək üçün müşavirəyə gedib.
Xatırladaq ki, Baş Prokurorluq tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayev qabaqcadan əlbir olublar. Onlar yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin bir hissəsini mənimsəyiblər. MMC-lərin hesabına köçürülən 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurublar.
Bununla yanaşı, nazirliyin Ararat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək 73 milyon 590 min manat vəsaitin nağdılaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməkdə ittiham edilib.
İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərroçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Ortik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhlab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Vidadi Zeynalov 13 il, Beytulla Hüseynov 13 il, Namazalı Məmmədov 11 il, Emin Məmmədov 10 il, Anar Mustafayev 5 il, Qəmbər Bəybalayev 3 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə Məhəmməd Məmmədov, Oktay Rüstəmov, Səhlab Hümbətov, Cəlil Cəfərov, Bayram Vəliyev barəsində 2 il sınaq müddəti təyin edilməklə şərti cəza seçib, onlar məhkəmə zalından azadlığa buraxılıblar.
Bundan başqa, məhkəmə təqsirləndirilən şəxslərin hamısından 119 milyon 468 min manat pulun müştərək qaydada alınaraq, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansına keçirilməsi haqqında qərar qəbul edib.