Avropa İttifaqının xüsusi işlər üzrə səfirləri yenə Bakıya gəldilər
8-11-2017, 10:15
Ekspert: “Bir ayda ikinci nümayəndə heyətinin səfəri və prezidentin onları qəbul etməsi prosesin ciddiliyindən xəbər verir”
Avropa İttifaqının xüsusi tapşırıqlar üzrə səfirləri yenidən Azərbaycana gəliblər. Dünən Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqı Şərq Tərəfdaşlığının xüsusi tapşırıqlar üzrə səfirlərindən ibarət nümayəndə heyətini qəbul edib. Bu barədə dövlət başçısının saytı məlumat yayıb.
Qeyd edək ki, bir ay öncə-oktyabrın 4-də Avropa İttifaqı ölkələrinin qurumdakı səfirləri (28 səfir) Azərbaycana səfər etmişdilər. O zaman da prezidenti İlham Əliyev həmin nümayəndə heyətini qəbul etmişdi. Prezident noyabrda Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı Sammitində iştirak edəcəyini də bu görüşdə açıqlamışdı.
Beləliklə, bu son bir ayda Avropa İttifaqından ikinci böyük nümayəndə heyətidir ki, Azərbaycana səfərə gəlir və ölkə başçısı tərəfindən qəbul edilirlər.
Politoloq Elşən Mustafayev hesab edir ki, bu səfərlər Avropa İttifaqının Azərbaycanla sazişin hazırlanması ilə bağlı aparılan danışıqlar prosesinin ciddiliyindən xəbər verir: “Avropa İttifaqı və Azərbaycan Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əvvəllər aktiv işlər görürdülərsə, 2015-ci ilin yay aylarından başlayaraq Azərbaycan tərəfinin təşəbbüsü ilə bu aktivlik aşağı düşmüşdü. Son aylar isə bu sahədə yenidən aktivliyin olması, görüşlərin prezident səviyyəsində keçirilməsi hər iki tərəfin bunda maraqlı olmasını göstərir. Xeyli müddətdir ki, Azərbaycanın Avropa İttifaqı ilə yeni saziş müqaviləsinin imzalanması ilə bağlı işlər gedir. Uzun müddət bu prosesin başlanmasına bir sıra səbəblər mane olurdu. Rusiya faktorunu hələlik bir kənara qoysaq, səbəblərin ən ciddisi Avropa Şurası və Avropa Parlamenti ilə Azərbaycan arasında yaranan problemlər idi. Amma son vaxtlar görüşlərin intensiv hal alması onu deməyə əsas verir ki, yaxın zamanlarda Azərbaycanla Avropa Şurası və Avropa İttifaqı arasında olan problemlər həllini tapa bilər. Yəni tələblər, istəklər və tövsiyələr ilkin mərhələdə hər iki tərəfi qane edəcək səviyyədə həyata keçirilə bilər. Əgər bu baş verəcəksə, növbəti mərhələlər üçün də yollar açılacaq”.
Qeyd edək ki, Avropa İttifaqı ilə münasibətlər 2004-cü ildən qurulub. 2004-cü ildə Azərbaycan Aİ-nin Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə isə onun Şərq istiqaməti üzrə çoxtərəfli əməkdaşlıq formatı olan Şərq Tərəfdaşlığı Proqramına daxil edilib. 2011-ci ilin yanvarında isə prezident İlham Əliyev və Avropa Komissiyasının o zamankı prezidenti Jose Manuel Barroso enerji sahəsində Cənub Qaz Dəhlizi layihəsi üzrə Birgə Bəyannamə imzalayıb.
Azərbaycan və Avropa arasında son illərdə ən çətin münasibətlər isə 2015-ci ildə mövcud olub. Belə ki, həmin il sentyabrın 10-da Avropa Parlamenti Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı qətnamə qəbul edib. Bundan sonra Azərbaycan qətnaməni “ədalətsiz və qeyri-obyektiv” adlandıraraq Avropa Parlamenti ilə münasibətlərini kəsmişdi. Həmçinin Avropa İttifaqı ilə Strateji tərəfdaşlığa dair sazişin müzakirəsi üçün Avropa İttifaqı Komissiyası heyətinin Azərbaycana səfəri təxirə salınmışdı.
Münasibətlər bir il sonra, Milli Məclisin “Avropa Parlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq məsələləri haqqında” qərar qəbul etməsindən sonra yumşalıb.
Avropa İttifaqı ilə yeni sazişin hazırlanması üçün isə 2016-cı ilin noyabr ayında Avropa İttifaqı Şurası Avropa Komissiyasına və xarici əlaqələr və təhlükəsizlik siyasətinin nümayəndəsinə müzakirələr aparmaq üçün mandat verib. Saziş barədə danışıqlara fevral ayında Brüsseldə başlanılıb. Danışıqlar üzrə son tarix hələ məlum deyil. Ekspertlərin fikrincə, bu, tərəflərin müzakirə mövzularına yanaşmasından asılı olacaq. Danışıqları Azərbaycandan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev aparır.
Gələn il imzalanacağı gözlənilən sənədin nələri əhatə etdiyinə gəlincə, verilən açıqlamalara görə, yeni siyasi dialoq və qarşılıqlı faydalı əməkdaşlıq təklif edən hazırkı müzakirə edilən saziş Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsası olan 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini (sənəd 1999-cu ildə qüvvəyə minib) əvəzləmək niyyəti güdür. Saziş, siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutaraq, Azərbaycan qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılmasını hədəfləyib.
Azərbaycan Avropa İttifaqı ilə siyasi bərabərlik əsasında bir saziş istəyir. Hər iki tərəf görüşlərində sazişin əməkdaşlığın daha da inkişaf etdirilməsində mühüm addım olduğunu dilə gətirərək, bu layihə ilə əlaqədar qarşılıqlı anlaşma olduğunu büruzə verib.
Saziş barədə mandat əldə edilərkən gedən müzakirələrdə bildirilirdi ki, Avropa İttifaqı qonşuları ilə fərqləndirilmiş yanaşma seçməyə ehtiyac olduğunu qəbul edir. Bu o deməkdir ki, Azərbaycan Avropa İttifaqının siyasi assosiasiya və iqtisadi inteqrasiyası təkliflərindən özü istədiyi həcmdə faydalana biləcək.
Hələlik sazişə daxil olacaq maddələrin dəqiq sayı bəlli deyil.