Nümayəndəlik institutunu yasaqlayan qanun imzalandı

8-11-2017, 12:26           
Nümayəndəlik institutunu yasaqlayan qanun imzalandı
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki Prosessual Məcəlləyə və İnzibati Prosessual Məcəlləyə dəyişikliklər prezident İlham Əliyevin imzası ilə rəsmiləşib. Yeniliyə Milli Məclis oktyabrın 31-də səs vermişdi.

Novator.az bildirir ki, Ali Məhkəmənin təşəbbüsü olan yenilik məhkəmə çəkişmələrində nümayəndəlik institutunu məhdudlaşdırır. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda yeniliyə görə, inzibati mübahisələrə dair işlər üzrə Ali Məhkəmədə təmsilçilik vəkillik fəaliyyətinin müstəsna dairəsi olur.

İnzibati Prosessual Məcəllədə dəyişikliyə əsasən, dövlətin, bələdiyyələrin və ya hüquqi şəxslərin adından prosessual hərəkətləri onların qanunlarla, digər hüquqi aktlarla və ya dövlət (bələdiyyə) orqanlarının və ya hüquqi şəxsin nizamnaməsi (əsasnaməsi) ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya dövlət və bələdiyyə orqanlarının, yaxud hüquqi şəxslərin xüsusi səlahiyyət verdiyi, əsas iş yeri həmin dövlət və bələdiyyə orqanları və ya hüquqi şəxslər olan işçiləri həyata keçirirlər.

Başqa bir yeniliyə görə, inzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ var. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər həmçinin səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər.

Mülki Prosessual Məcəllədə yeniliyə əsasən, məhkəmədə fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil ola bilər. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir.

Beləliklə, birinci instansiya və apellyasiya məhkəmələrində fiziki şəxsin yalnız yaxın qohumuna qanuni nümayəndə kimi iştirak icazəsi veriləcək. Kassasiya instansiyasında nümayəndənin iştirakı isə tam yasaqlanır.

Azərbaycanın qanunlarına görə, yaxın qohum dedikdə babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr nəzərdə tutulur.

Nümayəndəliyə yasaq qanunu 2018-ci il yanvarın 1-dən qüvvəyə minir. Bəzi açıqlamalarda qeyd olunur ki, hüquqşünasların məhkəmələrə çıxmasına məhdudiyyət minlərlə şəxsin peşə fəaliyyətindən uzaqlaşdırılmasına xidmət edir və insanlar etibarlı hüquqi yardım almaq haqqından məhrum olurlar. Praktik Hüquqşünaslar Qrupu yeniliyə etiraz olaraq Bakıda mitinq keçirmək istəyir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.