Prezident Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik ediliməsi barədə qanunu imzalayıb
8-11-2017, 13:53
Prezident İlham Əliyev Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb.
“Report” xəbər verir ki, sənədə əsasən, ümumilikdə, Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik edilib.
Məcəllədən bir sıra maddələr çıxarılıb. Cinayət tərkiblərinin Cinayət Məcəlləsindən çıxarılması yolu ilə bu əməllər dekriminalaşdırılıb. Bunlar əsasən mülkiyyət əleyhinə cinayətlər və ehtiyatsızlıqla törədilən cinayətlərdir. Bundan başqa, bir sıra cinayət əməllərinə görə cinayət məsuliyyəti yaradan həddin artırılması ilə həmin əməllər dekriminalaşdırılıb. Bu əməllərə görə məsuliyyət həddi 5 dəfə artırılıb.
Məcəlləyə “azadlığın məhdudlaşdırılması” cəzası da əlavə edilir. Azadlığın məhdudlaşdırılması və digər bu kimi cəzalar bütövlükdə 150-dən artıq maddənin sanksiyasına daxil edilib.
Dəyişikliklə 18 cinayət az ağır cinayətlər kateqoriyasından böyük cinayətlər törətməyən kateqoriyaya, eyni zamanda 4 cinayət ağır kateqoriyadan azağır kateqoriyaya keçirilib.
Bu qanunun azadlığın məhdudlaşdırılması cəzası ilə bağlı müddəaları həmin cəzanın icrası və elektron nəzarət vasitələrinin tətbiq edilməsi qaydalarının müəyyən edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsində ediləcək dəyişikliklərlə eyni gündə qüvvəyə minir.
Bu qanunun narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad etməyə dair müddəaları müvafiq icra hakimiyyəti orqanının narkomaniya xəstəliyi ilə bağlı tibbi xarakterli məcburi tədbirlərin həyata keçirildiyi tibb müəssisəsinin fəaliyyətə başladığı gündən qüvvəyə minir.
Bu qanunun digər müddəaları 2017-ci il dekabrın 1-dən qüvvəyə minir.
Bu qanunun 1-ci maddəsinə əsasən cinayət hesab olunmayan əməllərə görə bu qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkən şəxslər cəzadan azad olunurlar. Onlar, habelə bu qanunla cinayət hesab olunmayan əməllərə görə əvvəllər məhkum edilmiş və cəzasını çəkmiş şəxslər məhkumluğu olmayan hesab edilirlər.
Bu qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkib qurtarmamış şəxslərin məhkum edildiyi cinayətə görə bu qanunla daha yüngül sanksiya tətbiq edilməsi nəzərdə tutulmuşdursa, həmin şəxslərin cəza müddətləri bu qanuna əsasən tətbiq edilməli olan sanksiyanın yuxarı həddindən çox olduğu halda cəza müddətləri həmin həddə qədər azaldılır.