Dahi şahmatçının qəribə həyatı və müəmmalı ölümü

13-11-2017, 23:48           

1946-cı ilin mart ayının 24-də Portuqaliyanın Eştoril şəhərinin “Park” otelində kişi meyidi aşkar edildi. Ölüm, bu naməlum insanı qəribə vəziyyətdə yaxalamışdı. O, qarşısında şahmat taxtası, kresloda oturmuş vəziyyətdə tapılmışdı. Polis zorakılıq əlamətləri müşahidə olunmayan meyidi ekspertizaya göndərdi. Ekspertlər ölümün səbəbini asfiksiya, udlaqda ilişmiş tikədən boğulma ilə izah etdilər.


Dünya tarixinin ən dahi şahmatçılarından sayılan, birinci rus dünya çempionu Aleksandr Alyoxin, ömrünü sonadək həsr etdiyi işinə sadiq qalaraq, şahmat taxtası arxasında vəfat etdi.

Bu sehirli oyunu Aleksandra anası öyrətmişdi. Uşaq, bu məşğuliyyətinə, hobbisinə bir o qədər də ciddi yanaşmırdı. 1902-ci ildə 10 yaşlı Alyoxin Rusiyada qastrolda olan tanınmış amerikalı şahmatçı Harri Pilsberlə oynamaq imkanı əldə edir. Blits turnirdə, 22 sıravi şahmatçıdan biri olan Aleksandr onunla heç-heçəyə nail ola bilir.

On dörd yaşında olarkən, o zamanların tanınmış şahmatçısı, iki dəfə dünya tacı uğrunda oyunda əfsanəvi Vilhelm Steyntsə məğlub olan Mixail Çiqorinlə oynamaq şansı qazanır. Artıq xəstə olan qocaman şahmatçı ömrünün son günlərini yaşayırdı. Bu tarixi görüş, estafetin artıq Alyoxinə ötürülməsinə işarə idi.

Sonra, müxtəlif yerli və beynəlxalq əhəmiyyətli turnirlərdə qazanılan qələbələr sayəsində Alyoxin Rusiyanın ən yaxşı şahmatçısına çevirildi. İndi qarşıda bir məsələ dururdu- dünya çempionu olmaq.

Dostlarına deyirdi ki, o, dünya çempionu ilə görüşə hazırlaşır. Dostlar soruşurdu, “Emmanuel Laskerləmi?”, cavabında “Yox, Kapablanka ilə” deyirdi.

Kubalı fitri istedad Xose-Raul Kapablanka təcrübəli Laskerdən çox cavan idi. Müasir dillə desək, biri Anand idi, o biri isə, Karlsen. Onların arasında, müxtəlif səbəblərdən, daim təxirə salınan oyun, nəhayət ki, 1921-ci ildə baş tutur və Alyoxinin proqnozu özünü doğruldur. Kapablanka qalib gəlir. Bundan sonra , hamı əmin idi ki, kubalı şahmatçının hökmranlığı hələ neçə onilliklər davam edəcək.

Hələ 1914-cü ildə, şahmat tacı uğrunda oyuna qatılmaq istəyən Aleksandra, qəflətən başlayan Birinci Dünya müharibəsi mane olur. Sonra, cəbhəyə gedir, iki dəfə kontuziya alır, Moskvaya qayıdır. 1917-ci il çeviriliş-inqilabından sonra o, çıxılmaz vəziyyətə düşür.

Əvvəlcə bolşeviklər onu güllələmək istəyir, lakin fikirlərindən daşınıb. Onu xidmətə götürürlər. Bolşeviklərin bu cür dəymədüşər hərəkətləri Alyoxini çıxış yolu axtarmağa sövq edirdi. Belə bir şans ona 1921-ci ildə düşür və o, Latviyaya gedir. Təəcüblüsü budur ki, hər şeyə iynənin gözü ilə baxan sovet hökuməti onun sərbəst şəkildə ölkəni tərk etməyinə göz yumur. Riqadan Berlinə adlayan Alyoxin qollarını çırmayıb, taxta arxasındakı rəqiblərini bir-bir aşırmağa başlayır. Amma, bu qələbələr ona azlıq edirdi.

O zamanlar dünya tacına qoşulmaq istəyən, “London protokolu” adlanan məchul qaydanın prinsiplərinə əməl etməliydi. Şərtə görə, taca namizəd olmaq istəyən şəxs turnirin mükafat fonduna, o dövr üçün fantastik məbləğ sayılan 10000 dollar pul ödəməliydi.

Bu məqsədlə, sponsor axtarışında olan Alyoxinin bəxti gətirir. Argentina hökuməti bütün xərcləri üzərinə götürür. Altı qələbəyə qədər davam edən möhtəşəm oyunlar seriyası 1927-ci ilin payızında Buenos-Ayres şəhərində baş tutur. Ekspertlərin yekdil proqnozunda yalnız bir adamın adı yazılmışdı-Xose-Raul Kapablanka. İndiyə qədər oynanılan oyunlarda da, o, şəksiz və şəriksiz üstünlüyə malik idi – 5:0.

Amma, inanılmazlıq reallığa çevirildi, Alyoxin 6:3 hesabı ilə inaml qələbə qazanıb, dünya çempionu oldu.

İndi, şərt qoymaq növbəsi Alyoxində idi. “Əgər, Kapablanka mənimlə təkrar görüşmək istəyirsə, “London protokolu”na əməl etsin”. Kapablanka bu məbləği tapa bilmir və onlar bir daha tac uğrunda görüşə bilmirlər.

20-ci əsrin 30-cu illər həm şəxsi həyatı sarıdan, həm də şahmat həyatında uğursuz illər kimi yadda qalır. Bu tənəzzülün pik nöqtəsi olan hadisə 1935-ci ildə baş verdi. Dünya çempionu adı uğrunda Alyoxin gözlənilmədən Maks Eyvəyə məğlub oldu.

Sonradan, depressiya zolağına düşüb, içki düşkününə çevirilən şahmatçı, 1937-ci ildə keçirilən təkrar görüşdə Eyveni darmadağın edir.

1938-ci ildə Hollandiyada 8 nəfər iştirakçısı olan Beynəlxalq turnir keçirilir. Burada Alyoxin və eks çempionlar Kapablanka və Eyve də var idi. Turnir sensasiyalarla yadda qalır. Çempion eston Keres olur və Roben Fayn ikinci, rus Mixail Botvinnik 3-cü yeri tutur. Alyoxin 6-cı, Kapablanka isə 7-ci yeri tutur.

Turnir göstərir ki, artıq şahmatda yeni dövr yaranmağa başlayıb. Başlayan ikinci Dünya Müharibəsi Alyoxinlə gənc sovet şahmatçı Botvinnikin görüşünü təxirə salır. Müharibə dövründə dahi şahmatçı işğal altında olan Fransada yaşayır. O, alman qəzetləri üçün şahmat mövzusunda məqalələr yazır və müxtəlif turnirlərdə iştirak edir.

1943-ci ildə o, Portuqaliyaya köçür, sadə, demək olar ki, asketik bir həyat tərzi sürməyə başlayır

Sonradan, almanlarla əməkdaşlıqda ittiham olunan dünya çempionu, “bunu yaxınlarımın xilası naminə etdim” deyərək özünə bəraət axtarır. 1945-ci ildə bu əməkdaşlığa görə, ona qarşı Avropada boykot elan olunur, Fransada isə vətən xaini ittihamı irəli sürülür.

1946-cı ildə Sovet İttifaqı Alyoxinlə Botvinnik arasında görüşün keçirilməsi üçün təşəbbüs irəli sürülür. Beynəlxalq Şahmat Federasiyası (FİDE) bu istəyi dəstəkləyir və həmin günün səhəri Alyoxin yazının əvvəlində bəhs etdiyimiz şəkildə dünyasını dəyişir.

İndi də, bu müəmmalı ölümün sovet xüsusi xidmət orqanlarının törətdiyi barədə versiyalar irəli sürülür, amma dəlil- sübut yoxdur.

Aleksandr Alyoxin həyatdan dünya çempionu kimi getdi. Hələ ki, şahmat tarixində bu yeganə hadisə olaraq qalır.
Vüsal Bağırlı
AFN.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.