Zərərçəkənlərdən Eldar Mahmudova “güllə kimi” sözlər - "...elə bilirsən unutmuşam?"

16-11-2017, 10:30           
Zərərçəkənlərdən Eldar Mahmudova “güllə kimi” sözlər - "...elə bilirsən unutmuşam?"
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılaraq dindirilməkdədir. Artıq sabiq nazir 3 dəfə istintaqçıların sualalrını cavablandırmaq zorunda qalıb. E.Mahmudov sonuncu dəfə istintaqda dindiriləndən sonra onun İstintaq İdarəsinin önündə “MTN işi” üzrə zərəçəkənlərin az bir qismi qarşılayıb. Sabiq nazirə çox ağır sözlər deyiblər.

E.Mahmudovun nazirliyi dövründə incidilən, əsassız olara həbs edilən, mal-mülkü əlindən alınanların sayı itib.

Onlardan biri də həmkarımız Pərviz Həşimlidir. Deyir ki, həbsdən azad ediləndən sonra Eldar Mahmudova telefon açıb, ona sözlərini deyib: “Bu haqda mətbuatda da yazmışdım. Amma onunla danışığımızın təfərrüatlarını açıqlamamışdım. Mən Eldar Mahmudova zəng edəndə israrla kim olduğumu soruşurdu. Deyirdim ki, səbr eləyin, deyəcəyəm. Ona sual verdim ki, niyə Milli Təhlükəsizlik Nazirliyini cinayət yuvasına çevirmişdin. O hey deyirdi ki, kimdir danışan. Ona dedim ki, əməllərinizə görə akademik atanızın büstləri götürülüb. Sizin kimi övlad o ataya layiq deyil. Ürək sözlərimizi çatdırdım, sonda dedim ki, şərləyərək tutdurduğun, heç bir günahı olmadan başına qara torba keçirdib həbs etdirdiyin Pərviz Həşimlidir danışan. Ona onun üçün xoş olmayan suallar və sözlər yazıb sms-lə yolladım. Cavab vermədi. Nə cavab verə bilərdi ki? Mənə qarşı, mənim kimi yüzlərlə insana qarşı şəxsi maraqlarına görə cinayət edib”.

P.Həşimli Eldar Mahmudovla görüşmək üçün Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsinin önünə də getdiyini deyib: “Mən ora çatanda artıq Eldar Mahmudov ifadə verib getmişdi. Orada olan zərərçəkənlərdən öyrəndim ki, üzünə tüpürüb, ona lənət oxuyublar”.

P.Həşimli deyir ki, həbsindən 1 ay öncədən MTN-in barəsində qətimkan tədbiri seçdirməyə çalışdığını bilib: “Ölkənin siyasi rəhbərliyinə də məktub yazmışdım ki, xüsusi xidmət orqanları məni qanunsuz olaraq həbs etmək istəyir. Buna görə də ölkə rəhbərliyinə yalan məlumatlar ötürür. Eldar Mahmudov siyasi rəhbərliyə yalan raportlar yazdırmaqla məni ləkələməyə çalışırdı. İndi isə həmin çirkablar ki, bizə atmağa yığmışdı öz üst-başını bulaşdırıb”.

P.Həşimli deyir ki, E.Mahmudovla üz-üzə gəlmək üçün məqam axtarır: “İstintaq İdarəsinin önündə onunla görüşməyə hazıram. Deyəcəklərim var ona. Mən işdə zərərçəkən kimi tanınmam üçün də müraciət etmişəm. Bununla yanaşı Avropa İnsan haqları Məhkəməsinin də qərarını gözləyirəm. Qərardan sonra bəraət almam üçün də addımlar atacağam”.

“MTN” işi üzrə zərərçəkən kimi tanınanlardan biri də iş adamı Maqsud Mahmudovdur. Deyir ki, Eldar Mahmudova deyəcək sözləri var: “Əmisi oğlu olan köməkçisi Vüqar Mahmudov məndən 170 min dollar alıb və Eldar Mahmudova verib. Eldar Mahmudovla görüşsəm ondan soruşacağam ki, gecələr rahat yata bilirsən? Bizdən hədə-qorxu ilə aldığın pullara tikdirdiyin imarət sənə dar gəlmir, sıxmır səni? Bizim pulumuzla aldığı o bahalı maşınlar, evlər ona haramdır, qanla qusacaq hamısını. Olmaz belə pul qazanmaq, görsəm deyəcəyəm ki, pulu kişi kimi qazanmaq lazımdır. Şərlə-şantajla adam tutub, böhtan atmaqla həbs etdirib pul qazanmağın sonu bu gün düşdüyü vəziyyətdir”.

M.Mahmudov İstintaq İdarəsinin qarşısına getməyəcəyini dedi: “Hansısa məclisdə, harda olsa üz-üzə gəlsəm ona bir kəlmə deyəcəyəm - adam kişi olar, pulu da kişi kimi qazanar. Şantaj yolu ilə pul qazanmaq kişiyə yaraşan hərəkət deyil. Bunu hamının yanında deyərdim”.

“Karvansaray” ticarət mərkəzinin payçılarından biri olmuş Elşən Kərəm oğlu da deyir ki, sabiq nazirə deyəcək sözləri çoxdur: “Üz-üzə gəlsəm Nizami Quliyevi niyə xəstə salıb ölümünə bais olduğunu xəbər alacağam. ”Karvansaray" ticarət mərkəzini Nizami Quliyev tikdirirdi. Biz də ətrafında olan payçılardan idik, ora pul qoyurduq. Eldar Mahmudov Akif Çovdarovu, Hilal Əsədovu üstümüzə göndərib əvvəlcə 20 dükan istədi. Sonaradn 40 dükan aldı. Sonra isə Nizami Quliyevi 8 ay MTN-ə hər gün çağırıb üstünə qışqırır, başına qalmayan oyunu açırdılar. Hər gün səhər 7-də MTN-ə çağırırdılar. Saat 10-a qədər orada gözlədirdilər. Keflərinə düşəndə qəbul edib kabinetdə təhqir edir, söyür, başına oyun açırdılar. Yayın ortasında kondisioneri maksimal istiliyə qoyub kabinetdən çıxırdılar. Bunu küçədə 40 dərəcə isti olanda edirdilər. Qapı bağlı olduğundan o, həmin kabinetdən çıxa bilmirdi. Bütün bu işgəncələrdən sonra Nizami müəllim “Karvansaray”ın təsisçiliyindən imtina etdi. Ticarət mərkəzi Eldar Mahmudovun əmisi qızı Dilrübə Məhəmməd qızı İmranovanın adına keçirildi. Nizami müəllim Eldar Mahmudovun ona yaşatdığı dəhşətlərin sonucu olaraq ağır xəstəlik tapdı. Sapsağlam adam idi. Dəfələrlə əməliyyat olundu, 2016-cı ilin iyununda dünyasını dəyişdi. Onun ölümü Eldar Mahmudovun vicdanındadır. Biz payçıları da məhv edib. Bu gün onunla üz-üzə gəlsəm hamı kimi mən də üzünə tüpürərdim. Bizim başımıza nə gəlibsə, hamısı Eldar Mahmudovun başçılığı altında olub. Biz bu gün də özümüzə gələ bilməmişik. 5 il əvvəl başımıza açdıqları müsibətləri xatırlayanda özümü çox pis hiss edirəm Bizə ən böyük pisliyi edən Eldar Mahmudov olub".

E.Kərəmoğlu deyir ki, sabiq nazirə zərərçəkənlərin İstintaq İdarəsinin qarşısında dedikləri fikirlərlə razıdır: “Məni də onun işi üzrə zərərçəkən kimi tanınmaq üçün müraciət etmişəm. Mətbuatdan zərərçəkənlərin ona dedikləri sözləri oxumuşdum. Elə həmin sözlərə şərikəm”. \\musavat.com\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.