Azərbaycan mediasında “xarici agent” müzakirələri
17-11-2017, 10:01
Milli Məclisin iki deputatı Rusiyada qəbul edilən qnunun ölkəmizdə də tətbiqini istəyirlər
Noyabrın 15-də Rusiya Dövlət Duması “İnformasiya haqqında” və “KİV haqqında” qanunlara dəyişiklikləri qəbul edib. Dəyişikliklərə əsasən, Rusiyada hansı media qurumlarının “xarici agent” siyahısına düşəcəyi müəyyənləşdirilib.
Bundan sonra 3 kriteriyadan birinə uyğun gələn KİV “qara siyahıya” düşəcək. Həmin kriteriyalar isə bunlardır - ölkə xaricində qeydiyyatdan keçən, xaricdən maliyyələşən və maliyyəsi xaricdən gələn Rusiya şirkəti tərəfindən maliyyələşən KİV-lər. Bundan başqa, qanuna yeni anlayış da əlavə olunub - əcnəbi KİV-lər.
Rusiyanın məlum qanunlara dəyişiklik etməsi təsadüfi deyil. Rəsmi Moskva bu addımı ABŞ-ın analoji addımına cavab olaraq atıb. Belə ki, Amerikanın Ədliyyə Nazirliyi Rusiyanın məşhur RT telekanalının ABŞ-da “xarici agent” kimi qeydiyyatdan keçməsini tələb edirdi. Və bunun üçün Moskvaya noyabrın 13-dək vaxt verilmişdi. Telekanal rəhbərliyi bu tələbi yerinə yetirib. Rusiya Dumasının deputatları ABŞ-ın RT-yə qarşı bu tələbinə eyni şəkilədə cavab verəcəklərini bildirmişdilər.
Rusiyalı politoloq, Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitriy Salonnikov deyib ki, bu addım iki məqsəd daşıyır: “İlk növbədə, bu qanun ABŞ-ın ”Russia Today" və “Sputnik” məlumat mərkəzləri ilə bağlı görülmüş tədbirlərə qarşı cavab olaraq verilib. Hazırda ABŞ-da 400-ə yaxın KİV xarici agent kimi qeydiyyatdan keçib. Nə üçün bu cür tədbirlər ABŞ-da fəaliyyət göstərən Avropa və ərəb dövlətlərinin, İsrail və eləcə də, digər ölkələrin mətbuat mərkəzlərinə münasibətdə görülməsin? Bu nöqteyi-nəzərdən, Rusiya qanunvericiliyin apardığı fəaliyyət daha dürüstdür, belə ki, bu qanun yalnız Amerika KİV-lərinə qarşı deyil, bütün xarici KİV-lərə aid edilir. Həmçinin, bu qanunun 2018-ci il prezident seçkiləri ərəfəsində qəbul edilməsi də önəm kəsb edir. Belə ki, Rusiya qanunverici orqanının əsas məqsədi yerli siyasi məsələləri xarici medianın müdaxiləsindən qorumaqdır."
Milli Məclisin deputatı Aqil Abbas xarici ölkələrdən maliyyələşən KİV-lərin casus hesab olunmasını nəzərdə tutan Rusiya qanununun Azərbaycanda da qəbul edilməsini təklif edib. “Trend” xəbər verir ki, belə bir təşəbbüslə Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Aqil Abbas komitənin iclasında çıxış edib. O bildirib ki, Rusiyada qəbul edilən yeni qanuna görə xarici ölkələrdən maliyyələşən KİV-lər casus hesab olunacaqlar: “Bizim də belə bir qanuna ehtiyacımız var. Bir qəzet redaktoru kimi bilirəm ki, bizdə də belə hallar çoxdur. Məncə, bu məsələnin qaldırılmasına ehtiyac var”.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Rafael Hüseynov isə deyib ki, bunu ayrıca qanun kimi də, qanunlara əlavələr kimi də etmək mümkündür.
Politoloq Şahin Cəfərlinin mövzu ilə bağlı mövqeyi fərqlidir. Ş.Cəfərli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Rusiyada bəzi Qərb media orqanlarına “xarici agent” statusu verilməsini bizdə onların casus elan olunması kimi anlayanlar olub: “Hətta Rusiyanın pasını dərhal qəbul edən Aqil Abbas Milli Məclisdə bu barədə məsələ qaldıraraq Azərbaycanın da analoji addım atmasını təklif edib. ”Xarici agent" casus demək deyil, bu status bir ölkədə fəaliyyət göstərən xarici media orqanlarının həmin ölkədəki hüquqi durumunu müəyyənləşdirir. “Xarici agent” elan edilənlər bundan sonra Rusiya Ədliyyə Nazirliyinə öz sənədlərini təqdim edib, qeydiyyatdan keçməli olacaqlar, halbuki əvvəl sadəcə akkreditasiya proseduru mövcud idi. Bundan başqa, xarici agentlər yaydıqları xəbərlərdə, videolarda öz statuslarını qeyd etməlidir. Eyni zamanda, onların maliyyə sənədləri yerli audit üçün açıq olmalıdır. Audit nəticəsində həmin media orqanlarının yerli qanunlara zidd fəaliyyəti aşkarlansa, hakimiyyət orqanları fəaliyyətlərinin dayandırılması da daxil olmaqla, onlara qarşı müxtəlif sanksiyalar tətbiq edə bilər".
Meydan TV-nin sosial media meneceri Həbib Müntəzir isə deyib ki, A.Abbasın da etirafından belə nəticəyə gəlmək olar ki, məqsəd müstəqil informasiya axınının qarşısını maksimum şəkildə almaqdır: “Onsuzda Meydan TV online olaraq fəaliyyət göstərir və saytımız artıq ölkə sərhədləri daxilində qadağan olunub. Sadəcə, mənə maraqlıdır ki, bu qanun qəbul edilərsə, ”Sputnik" informasiya agentliyi və İnteraz kanalına da şamil olunacaqmı? Çünki bu agentlik və kanalın Rusiyaya məxsus olduğu hamıya bəllidir".
http://musavat.com