Qarabağ danışıqlarının Moskva raundunda anlaşma

17-11-2017, 10:34           
Qarabağ danışıqlarının Moskva raundunda anlaşma
Azərbaycan və Ermənistan XİN başçıları Vyanada görüşməyə razılıq veriblər; media proseslərin arxasında Ərdoğan-Putin anlaşmasının dayandığını iddia edir

Xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 16-da ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Moskvada keçirdiyi görüş başa çatıb. XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, danışıqlar konstruktiv və substantiv xarakter daşıyıb. Azərbaycan tərəfi aparılmış müzakirələrdən razıdır.

H.Hacıyevin sözlərinə görə, görüş əsnasında təklif olunub ki, 7-8 dekabr tarixlərində Vyanada keçiriləcək ATƏT-in xarici işlər nazirlərinin toplantısı çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilsin. Azərbaycan tərəfi bu təklifə öz razılığını bildirib: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli və regionda davamlı sülhün və sabitliyin təmin olunması üçün Azərbaycan Respublikası substantiv, məntiqi və konkret danışıqları daim dəstəkləyir”. (APA)

Qeyd edək ki, iki gün əvvəl Ermənistan XİN başçısının Moskvada həmsədrlərlə görüşü 3 saat davam etmişdi. E.Məmmədyarovun görüşünün nə qədər davam etdiyi bildirilməsə də, qeyd olunub ki, mətbuata qapalı keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki səylər və nazirlər arasında görüşün mümkünlüyü müzakirə olunub. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Bu arada Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Soçidə noyabrın 13-də keçirilən görüşlə bağlı növbəti məlumatlar yayılıb. “Azadinform” da Ermənistanın tert.am saytına istinadən eyni məzmunlu xəbər yayıb. Bildirilir ki, Rusiya və Türkiyə prezidentləri Soçi görüşündə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib. Qeyd edək ki, prezidentlərin görüşündən öncə Türkiyə mediası görüşdə Dağlıq Qarabağ münaqişəsinin müzakirəsinin mümkünlüyü barədə məlumat yaymışdı.

Görüşdən əvvəl bəyanat verən Ərdoğan bildirmişdi ki, Dağlıq Qarabağ məsələsi ölkəsi üçün əhəmiyyətlidir. O, bu və digər məsələlərdə Türkiyənin Azərbaycana dəstək verəcəyini qeyd etmişdi. Bu mənada Qarabağ danışıqlarının intensivləşməsini Ərdoğan-Putin anlaşması ilə əlaqələndirənlər də var.

Yeri gəlmişkən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 22-sində yenə də Rusiyaya səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyyət” qəzeti məlumat yayıb. Məlumata görə, İran dövlət başçısı Həsən Ruhaninin də qatılacağı görüşdə Suriya böhranı müzakirə ediləcək. Mümkündür ki, prezidentlər Qarabağdan da danışsınlar. Çünki Suriya böhranı kimi, Qarabağ münaqişəsi də bölgənin təhlükəsizliyini təhdid edir.


Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Türkiyə-Rusiya münasibətlərinin mövcud vəziyyəti Ankaranın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində bu və ya digər şəkildə iştirakına əsas verir: “Amma bu iştirakın qabarıq şəkildə olacağına inanmıram. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi müstəvisində Ankara-Moskva razılaşması hansısa genişmiqyaslı regional anlaşmanın tərkib hissəsi ola bilər. Bu anlaşmanın digər detalları haqqında konkret fikir söyləmək çətindir. Eyni zamanda bu ehtimalların özü də reallığı əks etdirməyə bilər. 5 rayonun azad edilməsi ilə bağlı məsələni Rusiya mediasının uzun müddətdir ki, tutuquşu kimi təkrarlaması ilkin mərhələdə müzakirələrin nəhz bu kontekstdə aparılacağı ehtimalını yaradır. Digər ehtimallar nə ola bilər? Ermənistanla sərhədlərin açılması, işğala tam son qoyulmadan bu ölkənin regionda həyata keçirilən layihələrdə yer alması, yaxud Ermənistan ərazisindən istifadə olunmaqla hansısa layihələrin həyata keçirilməsimi? Bu detallar bizə aydın deyil. Sülh prosesinin sonrakı mərhələsi necə olacaq? Digər rayonlar və Dağlıq Qarabağın özü ilə bağlı yol xəritəsi nədən ibarət olacaq? Sülhyaratma missiyasında hansı ölkələrin qüvvələri iştirak edəcəklər? Bu proses nə qədər müddəti əhatə edəcək? Həmin qüvvələrin statusu nədən ibarət olacaq və bu status Azərbaycanın suverenliyinə təhlükə yaradacaqmı? Ən əsası bu prosesə verilən zəmanətə nə dərəcədə etimad göstərmək mümkün olacaq? Biz bu sualların dəqiq cavablarını bilmirik”.

E.Mirzəbəyli onu da qeyd etdi ki, prosesin Rusiya və Türkiyənin birgə moderatorluğu ilə həyata keçiriləcəyi isə inandırıcı deyil: “Moskva heç bir halda regiondakı təsir rıçaqlarının hətta cüzi bir hissəsini belə hər hansı bir ölkəyə güzəştə getməyəcək. Türkiyə sadəcə bu prosesə dəstək verə bilər. Əlbəttə, biz ümid edirik ki, bu dəstək ədalətin maksimum bərqərar olacağına xidmət edəcək. Moskvanın münaqişənin tənzimlənməsində açar roluna gəldikdə isə bu rol ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin rəsmiləri tərəfindən dəfələrlə dilə gətirilib. Əslində bu real mənzərənin inkar olunması mümkün də deyil. Prosesin sadəcə gərginliyin azaldılmasına xidmət etdiyini düşünmürəm. Bu mərhələ artıq geridə qalıb. Lakin hazırki prosesin yaratdığı reallıq ondan ibarətdir ki, əgər mövcud həll variantları və tənzimləmə prosesi baş tutmazsa o zaman hərbi əməliyyatların genişlənməsi qaçılmaz olacaq. Başqalarını deyə bilmərəm, mən Rusiyanın problemin tam və hərtərəfli həllində maraqlı olduğunu iddia etməyə çətinlik çəkirəm”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.