Azərbaycanlı milyarderin cinayət işində yeni məqam

17-11-2017, 14:27           
Azərbaycanlı milyarderin cinayət işində yeni məqam
İki nəfərin qətlində ittiham olunan azərbaycanlı iş adamı, Moskvadakı "Çerkizov bazarı"nın və Türkiyədəki "Mardan Palas"-ın keçmiş sahibi Telman İsmayılov beynəlxalq axtarışa verilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Rusiya KİV-i bunu Moskvanın Basman rayon məhkəməsinin mətbuat xidmətinin rəhbəri Yunon Tsarevə istinadla xəbər verib. Tsarevin sözlərinə görə, ötən həftə məhkəmə iş adamının qiyabi həbsinə qərar verib.
İsmayılovun vəkili Marina Rusakova bildirib ki, biznesmen hazırda Rusiyada deyil və məhkəmə qərarından şikayət edəcəklər.
Xatırladaq ki, Telman İsmayılova qarşı iki nəfərin ölümü ilə bağlı cinayət işi açılıb və oktyabrın 30-da məhkəmə onunla bağlı qiyabi həbs qərarı çıxarıb. Həbs müddəti iki aydır və bu müddət İsmayılov Rusiyaya ekstradisiya ediləndən və ya ölkə ərazisində saxlanıldığı vaxtdan hesablanacaq. Tsarevin sözlərinə görə, hazırda biznesmenini harada olduğu məlum deyil.
Vəkil Rusakova isə bildirib ki, "Çerkizov bazarı"nın keçmiş sahibi məhkəmənin qərarını qanunsuz sayır. Onun sözlərinə görə, məhkəmə bu qərarı verərkən İsmayılovun istintaqdan gizlənməsini əsas gətirib. Lakin iş adamı məhkəməyə harada olduğu barədə məlumat verib. Vəkil noyabrın 15-də Basman məhkəməsinin qərarından Moskva Şəhər Məhkəməsinə şikayət edəcəklərini bildirib.
Rusiya mediası İsmayılovun Türkiyədəki villasında gizləndiyini yazır. Bildirilir ki, Türkiyə polisinin də Telman İsmayılovla işi var. Türkiyənin hüquq-mühafizə orqanları hesab edirlər ki, İsmayılov kriminal avtoritet Rövşən Canıyevin (Lənkəranski) qətlində (2016-cı ilin 18 avqustunda İstanbulda qətlə yetirilib-red.) dolayısı ilə iştirak edib.
Türkiyənin xüsusi xidmətləri Canıyevin olduğu yer barədə informasiyanı Lotu Quli ləqəbli "qanuni oğru" Nadir Səlifova İsmayılovun verməsindən şübhələnirlər. Xatırladaq ki, Quli və Lənkəranski klanları arasında uzun müddət davam edən düşmənçilik münasibətləri olub və Lənkəranskinin Qulinin tapşırığı ilə qətlə yetirildiyi güman edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.