Şəhid ailələrinin və Qarabağ əlillərinin 20 ildir ödənilməyən "qanpulu" məsələsi MM-də qaldırıldı
21-11-2017, 21:20
“Gələn il şəhid ailələrinin və əlillərin sığorta haqqı ödəniləcəkmi?” - deputatlardan hökumətə sual
Milli Məclisdəki büdcə müzakirələrində deputatlar iclasda iştirak edən hökumt üzvlərinə şəhid ailələri, Qarabağ əlillərinin sığorta haqqı ilə bağlı illərdir ki, davam edən problem barədə suallar ünvanladılar.
Deputat Məlahət İbrahımqızı şəhid ailələrinin sığortası ilə bağlı hökumətə müraciət etdi: “Mən bilmək istəyirəm, şəhid ailələrinin və əlillərin sığorta haqqının ödənilməsi 2018-ci ilin dövlət büdcəsində nəzərdə tutulubmu? Artıq bu məsələ Konstitusiya Məhkəməsinə qədər gedib çıxıb”.
Deputat Qənirə Paşayeva da bu problemdən bəhs etdi və hökumətdən məsələyə aydınlıq gətirməsini xahiş etdi: “Bu ailələr bizim başımızın tacıdır, onlara borcluyuq. Amma biz millət vəkillərinin onlara veriləcək cavabı olmur. Sığorta pulu ilə bağlı nəhayət, hansısa addımlar atılacaqmı? Şəhid ailələri açıq şəkildə deyirlər ki, bu pula çox ciddi ehtiyacları var. Bu vəsaiti hissə-hissə ödəmək mümkün deyilmi?”